Dəmir yolunun təhlükəsizlik zonasına giriş qaydası müəyyənləşib
Azərbaycanda dəmir yolunun təhlükəsizlik zonasının müvəqqəti istismar qaydaları təsdiqlənib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev müvafiq qərar imzalayıb.
Qaydalara əsasən, dəmir yolunun təhlükəsizlik zonası dəmiryol xəttinin hər iki tərəfində 11 metr məsafəni əhatə edəcək və burada xüsusi istifadə rejimi tətbiq olunacaq. Təhlükəsizlik zonasına giriş yalnız xüsusi texniki keçidlər vasitəsilə mümkün olacaq.
Sənədə görə, təhlükəsizlik zonasında hündürlüyü 2,2 metrdən çox olmayan qoruyucu çəpərlər quraşdırılacaq, ərazi xəbərdarlıq nişanları ilə təmin ediləcək və 24/7 rejimində işləyən videomüşahidə sistemi ilə nəzarətdə saxlanılacaq.
Qaydalarda qeyd olunur ki, təhlükəsizlik zonasında dəmiryol nəqliyyatının normal istismarına mane ola biləcək işlərin görülməsinə, kənd təsərrüfatı heyvanlarının saxlanılmasına, torpaq sahələrinin fiziki və hüquqi şəxslərin istifadəsinə verilməsinə, bostan və tərəvəz becərilməsinə, otlaq kimi istifadəsinə, eləcə də nəqliyyat təyinatından kənar digər məqsədlər üçün istifadə olunmasına yol verilməyəcək.
Bundan başqa, təhlükəsizlik zonasında dəmiryol infrastrukturu ilə bağlı olmayan bina və tikililərin, modul və müvəqqəti konstruksiyaların yerləşdirilməsi, torpaq qazıntıları, qum, gil və digər tikinti materiallarının götürülməsi də qadağan edilir.
Qaydalara əsasən, təmir-bərpa işləri aparacaq kənar şəxslər və nəqliyyat vasitələri təhlükəsizlik zonasına yalnız “Azərbaycan Dəmir Yolları” QSC-nin razılığı ilə daxil ola biləcəklər. Bunun üçün kağız və ya elektron formada müraciət edilməli, təmir işləri, iştirak edəcək şəxslər və nəqliyyat vasitəsi barədə məlumat təqdim olunmalıdır. Cəmiyyət müraciətə 1 iş günü ərzində baxaraq razılıq verəcək və ya imtina barədə müraciət edənə məlumat təqdim edəcək.








