Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini Türkiyədə ustad dərsi keçib -

Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini Türkiyədə ustad dərsi keçib - FOTO

06 Avqust 2026

Naxçıvan Dövlət Milli Dram Teatrının direktor müavini, əməkdar artist, Prezident mükafatçısı Səməd Canbaxşiyev Türkiyənin İzmir şəhərində ustad dərsi keçib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Türkiyənin tanınmış kino və teatr aktyoru, İzmir Qarşıyaka Bələdiyyə Teatrının qurucularından olan Zəkəriyə Hocaların dəvəti ilə sözügedən teatrda təşkil edilən Yay Teatr Təlim Kursunda iştirak edən Səməd Canbaxşiyev gənc aktyorlarla görüşüb.

Əməkdar artist təlim zamanı Naxçıvan Dövlət Milli Dram Teatrının tarixi və yaradıcılıq ənənələri barədə məlumat verib, teatrda tətbiq olunan Stanislavski sistemi haqqında geniş danışıb. O, həmçinin müxtəlif tamaşalardan qısa səhnələr nümayiş etdirərək gənc aktyorlarla təcrübəsini bölüşüb.

Təlim iştirakçıları və kursun müəllimləri Yıldırım Önür və Qəmzə Vardar ustad dərsini yüksək qiymətləndirərək Səməd Canbaxşiyevə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, təlimlər Türkiyənin tanınmış teatr xadimi Özdəmir Nutkunun qızı Zeynəb Nutkunun rəhbərliyi ilə keçirilir.

Səfər çərçivəsində Səməd Canbaxşiyev İzmir Qarşıyakada yerləşən Hikmət Şimşək Sənət Mərkəzi, həmçinin Suat Taşer Açıq Hava Teatrı və Sənət Mərkəzi ilə də tanış olub. Mədəniyyət ocaqlarında ona müəssisələrin fəaliyyəti və həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.