Naxçıvanda son 6 ayda axtarışda olan 961 şəxs saxlanılıb

Naxçıvanda son 6 ayda axtarışda olan 961 şəxs saxlanılıb

06 Avqust 2026

Naxçıvan Muxtar Respublikasında ictimai təhlükəsizliyin təmin olunması, cinayətkarlığın qarşısının alınması və hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində polis əməkdaşları tərəfindən cari ilin ilk 6 ayı ərzində kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, görülən tədbirlər nəticəsində müxtəlif hüquqazidd əməllərin törədilməsində şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb və barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Belə ki, ticarət obyektlərindən, mənzillərdən və digər ərazilərdən pul, qızıl-zinət əşyaları, əlvan metallar və məişət əşyaları oğurlamaqda şübhəli bilinən 89 nəfər məsuliyyətə cəlb olunub.

Hesabat dövründə narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən 11 nəfər saxlanılıb, narkotiklə əlaqəli 8 cinayət faktı aşkarlanıb. Eyni zamanda yabanı halda bitmiş ümumi çəkisi 19,218 ton olan 230 min 632 ədəd çətənə və xaş-xaş kolu aşkar edilərək məhv edilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində vətəndaşları işə düzəltmək vədi, bank kreditləri adı altında dələduzluq etmək, eləcə də sosial şəbəkələr üzərindən qanunsuz onlayn qumar və kazino oyunları təşkil etməkdə şübhəli bilinən ümumilikdə 20 nəfər məsuliyyətə cəlb olunub.

Naxçıvan şəhərində quraşdırılmış texniki nəzarət vasitələri ilə 106 hadisə və 12 min 69 yol hərəkəti qaydası pozuntusu qeydə alınıb. Həmçinin 231 yol-nəqliyyat hadisəsi, 3 yanğın, 12 avtoxuliqanlıq və 16 digər cinayət hadisəsi də texniki vasitələrin köməyi ilə müəyyən edilib.

Sosial media platformalarında aparılan monitorinqlər zamanı ictimai qaydanın və əxlaq normalarının pozulmasına görə 41 nəfər barəsində müvafiq tədbirlər görülüb.

Əməliyyat tədbirləri zamanı qanunsuz saxlanılan 49 odlu silah, 21 tir silahı, 8 pnevmatik tapança, 2 tapança, 6 avtomat darağı, 2 min 991 patron, 17 əl qumbarası, 2 partlayıcı qurğu və 1 qumbaraatan aşkar edilərək götürülüb.

Bundan başqa, "102" Xidməti-Zəng Mərkəzinə daxil olmuş 8 mindən çox müraciət operativ cavablandırılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan və mülki-hüquqi öhdəliklərin icrasından yayınan 961 nəfər saxlanılıb.

Ailə üzvlərinə məlumat vermədən yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarılan 49 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Hesabat dövründə vətəndaşların qəbulu zamanı 692 nəfərin müraciəti araşdırılıb, qaldırılan məsələlərin həlli istiqamətində zəruri tədbirlər görülüb.

Qeyd olunub ki, faktlarla bağlı araşdırmalar davam etdirilir, saxlanılan şəxslər barəsində məhkəmə qərarları ilə müvafiq qətimkan tədbirləri seçilib.