Azərbaycan və Ukrayna XİN başçıları arasında geniş tərkibdə görüş olub
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri çərçivəsində Ukraynanın xarici işlər naziri Andriy Sıbihə ilə geniş tərkibdə görüşü keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə nazirlik "X" sosial media hesabında məlumat yayıb.
Qeyd olunub ki, nazirlər Prezident Volodimir Zelenskinin Azərbaycana səfərindən sonra Azərbaycan və Ukrayna prezidentləri arasında əldə olunmuş razılaşmaların icrası istiqamətində görülən işləri nəzərdən keçiriblər.
Görüş zamanı Azərbaycan–Ukrayna strateji tərəfdaşlığı, ticarət, energetika, investisiyalar, nəqliyyat, humanitar və çoxtərəfli əməkdaşlıq, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Tərəflər yüksək səviyyəli təmasların müntəzəm davam etdirilməsinin, həmçinin siyasi məsləhətləşmələr, İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya və Biznes Şurası kimi ikitərəfli mexanizmlərin əməkdaşlığın daha da genişləndirilməsində mühüm rol oynadığını vurğulayıblar.
Nazirlər Ukraynada davam edən müharibə fonunda regiondakı son inkişaflar və beynəlxalq gündəmdəki aktual çağırışlar ətrafında fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov hərbi əməliyyatların ən qısa zamanda dayandırılmasının və beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət olunmaqla münaqişənin diplomatik yollarla həllinin vacibliyini bir daha diqqətə çatdırıb. Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstəyi bir daha vurğulanıb.
Ukraynanın xarici işlər naziri Qara dəniz və Azov dənizində davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması və yaralanması ilə bağlı dərin hüznlə başsağlığı verib, həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı çatdırıb, yaralananlara isə tezliklə şəfa diləyib.
Nazirlər, həmçinin Azərbaycanın Ukraynaya 50 milyon ABŞ dollarını aşan humanitar yardımı, İrpin şəhərində həyata keçirilən bərpa layihələri və ukraynalı uşaqlar üçün reabilitasiya proqramlarını yüksək qiymətləndiriblər.
Nazir Ceyhun Bayramov görüş zamanı Cənubi Qafqaz regionundakı mövcud vəziyyət, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə ukraynalı həmkarına ətraflı məlumat verib.








