Babəkdə Azərbaycan Kinosu Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Babək Rayon Mədəniyyət Sarayında Naxçıvan Dövlət Film Fondu və Babək Rayon Mədəniyyət Sarayının birgə təşkilatçılığı ilə 2 Avqust – Azərbaycan Kinosu Günü münasibətilə tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir çərçivəsində əvvəlcə Azərbaycan kinosuna aid film afişaları və çəkiliş meydançalarından fotolardan ibarət sərgiyə baxış keçirilib.
Babək Şəhər Mədəniyyət Klubunun metodisti Zeynəb İsmayılova çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli Sərəncamına əsasən hər il avqustun 2-si ölkəmizdə Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Qeyd edilib ki, bu il 128 illiyini qeyd edən Azərbaycan kinosu zəngin inkişaf yolu keçərək xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.
Daha sonra Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov fondun fəaliyyəti, film arxivinin qorunması, filmlərin bərpası və son illərdə həyata keçirilən layihələr barədə məlumat verib.
Tədbirin sonunda rejissor Qulu Əsgərovun 2023-cü ildə ekranlaşdırdığı "Mən burdayam, İlahi" bədii filmi nümayiş olunub. Vətən müharibəsi mövzusunda çəkilən ekran əsərində müharibənin insan psixologiyasına təsiri və qazinin övladını geri qaytarmaq uğrunda mübarizəsi əks etdirilir.












