Azərbaycanda süni intellektin maliyyə sektorunda tətbiqi müzakirə olunub

Azərbaycanda süni intellektin maliyyə sektorunda tətbiqi müzakirə olunub

31 İyul 2026

Azərbaycan Mərkəzi Bankında (AMB) süni intellektin maliyyə sektorunda tətbiqi müzakirə olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun sədr müavini Vüsal Xəlilovun rəhbərliyi ilə "Bank sektorunun rəqəmsal transformasiyasının genişləndirilməsi və süni intellektin tətbiqi" mövzusunda dəyirmi masa keçirilib.

AMB rəsmisi ölkənin rəqəmsal transformasiya və süni intellektin tətbiqi gündəliyinin bank sektorunda ardıcıl şəkildə həyata keçirilməsinin əhəmiyyətini qeyd edib. O, bu ilin fevralında Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" mövzusunda keçirilmiş müşavirədə, iyunda Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilmiş Rəqəmsal İnkişaf Şurasının ilk iclasında müəyyən edilmiş prioritetlərin bank sektorunda tətbiqinin zəruriliyini vurğulayıb.

Banklarda rəqəmsal transformasiya üzrə məsul olan rəhbər şəxslərin iştirakı ilə keçirilən görüşdə süni intellektin maliyyə sektorunda tətbiqi, rəqəmsallaşma prosesində sektor iştirakçılarının qarşılaşdıqları əsas çağırışlar müzakirə olunub. Görüşdə həmçinin rəqəmsal transformasiya istiqamətində AMB-dən və prosesin sürətləndirilməsi ilə bağlı aidiyyəti dövlət qurumlarından gözləntilər ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı səsləndirilən rəy və təkliflərin bank sektorunun gələcək rəqəmsal inkişaf istiqamətlərinin formalaşdırılmasında nəzərə alınacağı bildirilib.