Naxçıvanda quşçuluq sənayesinin inkişafı müzakirə olunub - FOTO
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində quşçuluq sənayesinin inkişafı perspektivlərinin və bu sahədəki istehsal potensialından səmərəli istifadə olunması imkanlarının müzakirəsi məqsədilə görüş keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, kənd təsərrüfatı naziri Rafail Quliyev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Səfəralı Nəsirov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Bayandur Rzayev, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli, həmçinin quşçuluq müəssisələrinin rəhbər şəxsləri iştirak ediblər.
Görüş çərçivəsində muxtar respublikada yumurtalıq istiqamətli quşçuluq təsərrüfatlarının mövcud vəziyyəti və bu sahədə istehsal imkanlarının reallaşdırılması üçün görülə biləcək tədbirlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında quşçuluq sahəsinin inkişafı əhalinin keyfiyyətli ərzaq məhsulları ilə dayanıqlı təmin olunması ilə yanaşı, regionda məşğulluğun artırılması baxımından böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə dövlət qurumları ilə sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən biridir.
Müzakirələr zamanı həmçinin, sahibkarların təklifləri dinlənilib, sahənin inkişafı ilə bağlı atıla biləcək addımlar nəzərdən keçirilib.
Daha sonra muxtar respublikada mövcud olan yumurtalıq istiqamətli quşçuluq təsərrüfatlarına baş çəkilərək mövcud infrastruktur və istehsal gücləri ilə yerində tanışlıq həyata keçirilib.












