Sosial məzuniyyət kimlərə şamil edilir?
İşləyən qadınlara hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" bildirir ki, bu barədə ƏƏSMN-dən verilən məlumata görə, qeyd olunan məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmır.
İki aylığadək yaşında uşağı övladlığa götürən qadınlar da doğuşdan sonra müəyyən edilmiş 56 günlük ödənişli sosial məzuniyyətdən istifadə etmək hüququna malikdirlər.
Uşağının doğulması ilə əlaqədar kişilərə isə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.
Uşağa bilavasitə qulluq edən valideynlərdən biri (o cümlədən uşağı övladlığa götürən qadınlar), yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər.








