Anar Babayev Naxçıvanda vətəndaşları qəbul edib -

Anar Babayev Naxçıvanda vətəndaşları qəbul edib - FOTO

15 Avqust 2026

Avqustun 14-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Anar Babayev 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsində yaşayan vətəndaşlarla səyyar qəbul keçirib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İcra başçısı Anar Babayev çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların əsas məqsədi vətəndaş məmnunluğunun təmin edilməsi və əhalinin rifah halının daha da yüksəldilməsidir. Bu baxımdan səyyar qəbullar vətəndaşların problemlərinin yerində öyrənilməsi və vaxtında həlli üçün mühüm əhəmiyyət daşıyır.

Səyyar qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Həlli mümkün olan məsələlərin yerində icrası ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib, əlavə araşdırma və vaxt tələb edən müraciətlər nəzarətə götürülüb. İcra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər isə baxılması üçün aidiyyəti dövlət qurumlarına göndərilməsi məqsədilə qeydiyyata alınıb.

Sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, bu cür görüşlərin vətəndaşlarla dövlət arasında səmərəli ünsiyyətin təmin olunmasına mühüm töhfə verdiyini bildiriblər.

Qeyd edək ki, səyyar qəbulda Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, tabelikdə olan qurumların rəhbərləri və vətəndaşlar iştirak ediblər.