İntellektli və axmaq zarafat: Gülüşün siyasi və mədəni sərhədləri

İntellektli və axmaq zarafat: Gülüşün siyasi və mədəni sərhədləri

10 Avqust 2026

İnsanları bir araya gətirən ən güclü vasitələrdən biri gülüşdür. Yerində deyilən bir zarafat yorğunluğu azaldır, münasibətləri istiləşdirir və gərginliyi aradan qaldırır. Lakin gülüşün də bir mədəniyyəti, bir əxlaqı və bir məsuliyyəti var. Elə buna görə də intellektli zarafatla axmaq zarafat arasında çox incə, lakin olduqca mühüm bir sərhəd xətti mövcuddur. İntellektli zarafat insanı alçaltmır, düşündürür. O, zəkaya söykənir, incə müşahidədən doğur və dinləyicidə həm təbəssüm, həm də fikir oyadır. Belə zarafatlar cəmiyyətin qüsurlarını, insan davranışındakı ziddiyyətləri və həyatın paradokslarını nəzakətlə göstərir. Onlar tənqid edir, amma təhqir etmir, güldürür, amma yaralamır.

Tarixdə silinməz iz qoyan böyük dövlət xadimləri yumordan gərgin anları yumşaltmaq, siyasi gərginliyi azaltmaq və kütlələri heyran qoymaq üçün bir silah kimi istifadə ediblər. ABŞ tarixinin ən böyük rəhbərlərindən biri olan Avraam Linkoln öz eybəcərliyi və boyunun uzunluğu ilə tez-tez zarafat edərdi. Siyasi debatlardan birində rəqibi onu ikiüzlü olmaqda ittiham edəndə Linkoln zalda əyləşənlərə tərəf dönüb heç bir aqressiya göstərmədən: "Camaat, mən sizdən soruşuram, əgər mənim ikinci bir üzüm olsaydı, heç bu günümdə bu üzümlə gəzərdim?" demişdi. O, iti zəkası ilə həm rəqibinin hücumunu zərərsizləşdirmiş, həm də özünə tənqidi yanaşma qabiliyyətini (özünəməsxərə) nümayiş etdirmişdi.

Yumorun ən çətin anlarda belə bir xilaskar olduğunu 1981-ci ildə ABŞ-nin digər keçmiş prezidenti Ronald Reyqan da sübut etmişdi. Ona qarşı təşkil edilən sui-qəsd cəhdindən sonra xəstəxanada ölüm-qalım savaşı verən Reyqan, cərrahiyyə masasında gözlərini açıb ətrafındakı həkimlərə baxaraq "Ümid edirəm ki, hamınız Respublikaçısınız" demişdi. Bu zarafat təkcə tibb heyətini güldürməmişdi, həm də ölüm təhlükəsi qarşısında belə bir liderin soyuqqanlılığını və həyat eşqini bütün dünyaya nümayiş etdirmişdi. Cərrah isə ona "Cənab prezident, bu gün hamımız respublikaçıyıq" deyə cavab vermişdi. Budur intellektli yumorun gücü — o, hətta ən kəskin siyasi rəqibləri belə ortaq bir insani dəyərdə birləşdirir.                                               

Bənzər şəkildə, Britaniyanın baş naziri Uinston Çörçill də öz hazırcavablılığı ilə tanınırdı. Leydi Astor ona "Əgər həyat yoldaşım olsaydınız, qəhvənizə zəhər qatardım" dedikdə, Çörçill sakit tərzdə, sadəcə zəkaya söykənərək "Əgər həyat yoldaşım olsaydınız, o qəhvəni heç düşünmədən içərdim" cavabını vermişdi.

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev təkcə nəhəng dövlətçilik təcrübəsinə malik deyildi, həm də qarşısındakı rəqibləri və bədxahları susdurmağın, gərginliyi idarə etməyin incə siyasi yumorunu çox gözəl tapırdı.

Tarixi faktlara görə, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun apardığı müstəqil siyasəti, daxili sabitliyi həzm edə bilməyən bəzi xarici diplomatlar və yerli müxalif qüvvələr zaman-zaman müxtəlif görüşlərdə ona qarşı təxribat xarakterli, kinayəli suallar ünvanlayırdılar. Belə rəsmi görüşlərin birində bədxah və təkəbbürlü bir xarici jurnalist Heydər Əliyevi sınağa çəkmək və dolayısı ilə ölkənin nüfuzunu aşağı salmaq məqsədilə kinayə ilə soruşur: "Cənab Prezident, Azərbaycanda müxalifət yoxdur, mətbuat azadlığı boğulur və hər kəs yalnız Sizin sözünüzlə hərəkət edir. Belə bir mühitdə Siz özünüzü diktator kimi hiss etmirsiniz ki?"

Heydər Əliyev bu ağır və qərəzli sualı eşidərkən heç bir qəzəb nümayiş etdirmədən, tam bir xarizmatik dövlət xadimi sakitliyi ilə gülümsəyir və mikrofona yaxınlaşaraq onlara bu tarixi cavabı verir: "Mən hər gün səhər tezdən durub qəzetləri oxuyuram. Orada mənim haqqımda elə ağır, elə kəskin tənqidlər və ittihamlar yazılır ki, mən özüm də təəccüb edirəm. Əgər mən doğrudan da sizin dediyiniz kimi qüdrətli bir diktator olsaydım, yəqin ki, bu yazıları yazanlar indi qəzet redaksiyalarında yox, tamamilə başqa bir yerdə oturardılar. Amma gördüyünüz kimi, onlar sərbəst şəkildə yazırlar, mən də sərbəst şəkildə oxuyuram. Deməli, mən diktator deyiləm, sadəcə xalqın seçdiyi və öz işini bilən bir rəhbərəm".

Heydər Əliyev bu incə, dərin və siyasi cavabı ilə qarşı tərəfi təhqir etmədən, onları öz iddialarının əsassızlığı içində boğmuş və intellektin, siyasi təcrübənin kobud hücumlar üzərindəki növbəti qələbəsini nümayiş etdirmişdi.

Ümummilli Liderin unudulmaz zarafatlarından biri də 20 iyul 2002-ci ildə, GUÖAM dövlət başçılarının Yalta sammiti ərəfəsində Ukraynadakı Azərbaycan diasporunun nümayəndələri ilə keçirilən görüşdə baş vermişdi.

Həmin vaxt mən Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşı idim. Səfirlik olaraq bu görüşə çox ciddi hazırlaşmışdıq. Günlərin gərginliyindən nə qədər yorğun olsaq da, Heydər Əliyevlə qarşılaşmaq həyəcanı bizə hər şeyi unutdururdu.

Ümummilli Lider zala daxil olan kimi diaspora nümayəndələri ilə görüşə elə maraqlı bir zarafatla başladı ki, hamının üzərindəki o böyük gərginlik bir andaca yox oldu. O, hər kəslə səmimi şəkildə hal-əhval tutduqdan sonra üzünü Polad Bülbüloğluna tutaraq dedi:

"Bu Poladın atası Murtuza Məmmədovdur. Onun çox gözəl səsi olduğuna görə xalq ona 'Bülbül' ləqəbini verib. Polad da atasının soyadını yox, məhz bu ləqəbini özünə soyad götürüb ki, birdən gələcəkdə öz bülbüllüyü çatmasa, atasının bülbüllüyündən istifadə edə bilsin".

Ulu Öndərin bu incə yumorundan sonra bütün toplantı zalını gur alqışlar və səmimi gülüş sədaları bürüdü. Bu an, Heydər Əliyev dühasının insanlarla necə sıx və səmimi bağ qura bildiyinin növbəti sübutu idi.

Axmaq zarafat isə çox vaxt bu cür zəkadan məhrum olduğu üçün ən asan və bəsit yolu seçir. Kiminsə görünüşü, fiziki qüsuru, maddi vəziyyəti, mənşəyi və ya şəxsi həyatı hesabına gülüş qazanmağa çalışır. Belə zarafatlar bir anlıq gülüş yaratsa da, arxasında inciklik, narazılıq və hörmətsizlik buraxır. Əslində, bu cür "zarafat" gülüş deyil, başqasının hesabına əylənmək və daxili aqressiyanı büruzə verməkdir. Siyasi arenada intellektual səviyyənin aşağı olmasını və yumor mədəniyyətinin yoxluğunu göstərən ən bariz nümunələri müasir diktatorların, xüsusən də Rusiya prezidenti Vladimir Putinin çıxışlarında görmək olar. Putinin yumor adlandırdığı ifadələr çox vaxt diplomatik etikadan uzaq, kobud və qarşı tərəfi aşağılamağa yönəlib. Onun Ukrayna böhranı zamanı işlətdiyi və qadına qarşı zorakılıq eyhamı daşıyan qədim rus atalar sözünə istinadı ("Xoşuna gəlsə də, gəlməsə də döz, mənim gözəlim"), beynəlxalq mətbuat konfranslarında jurnalistlərə qarşı işlətdiyi hədələyici və jarqon ifadələr zarafat deyil, siyasi mədəniyyətsizliyin göstəricisidir. Bu cür yumor zəkaya deyil, qaba gücə və qarşı tərəfi alçaltmaq istəyinə söykənir.

Müasir dövrdə sosial şəbəkələrin geniş yayılması bu məsələni daha da aktuallaşdırıb. Bir neçə saniyə ərzində yazılan bir zarafat minlərlə insana çata bilir. Əgər həmin zarafat düşünülmədən, sadəcə kimisə ələ salmaq üçün paylaşılırsa, təkcə bir nəfəri deyil, bütöv bir sosial qrupu və ya cəmiyyəti incitmək gücünə malik olur. Rəqəmsal dünyada sözün məsuliyyəti rəhbərlərdən tutmuş sıravi vətəndaşlara qədər hər kəs üçün daha da artır. Tarixə nəzər saldıqda görürük ki, böyük satiriklər və yumor ustaları insanları güldürməklə yanaşı, onları düşündürməyi də bacarıblar. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir kimi dahilərin məqsədi kimisə şəxsən alçaltmaq deyil, cəmiyyətin nöqsanlarını göstərmək və insanları daha yaxşı olmağa sövq etmək idi. Məhz buna görə onların yumoru zamanın sınağından çıxaraq bu gün də öz dəyərini qoruyur.

Unutmaq olmaz ki, zarafat insanın mədəniyyətini və dünyagörüşünü əks etdirən bir güzgüdür. Zəif düşüncə kobud sözlərə, təhqirlərə və şit atmacalara sığınır; güclü düşüncə isə incə, estetik yumordan istifadə edir. Həqiqi yumor sahibi bilir ki, hər kəsi güldürmək bacarıqdır, amma bunu heç kəsi incitmədən etmək isə sənətdir. Bu səbəbdən hər birimiz danışdığımız sözə və etdiyimiz zarafata diqqətlə yanaşmalıyıq. Özümüzə sadə bir sual vermək kifayətdir: "Bu zarafata mən və ya sevdiyim bir insan hədəf olsaydı, yenə də gülərdimmi?" Cavab "xeyr"dirsə, həmin zarafatı deməmək ən doğru mədəni seçimdir. İntellektli zarafat cəmiyyətin mədəni səviyyəsini yüksəldir, insanlar arasında anlayış və səmimiyyət yaradır. Axmaq zarafat isə etimadı zəiflədir, münasibətləri korlayır və hörməti azaldır. Gülüş gözəl nemətdir, lakin o, yalnız insan ləyaqətinə hörmətlə müşayiət olunduqda öz həqiqi dəyərini qazanır. Çünki ən dəyərli zarafat insanı həm güldürən, həm düşündürən, həm də heç kimin qəlbini qırmayandır.

Əlövsət HÜSEYNQULİYEV  

Beynəlxalq Antiterror Birliyi Prezidentinin müşaviri, Antiterror və təhlükəsizlik üzrə ekspert