“Ölümü ilə ölümsüzləşənlər”...

“Ölümü ilə ölümsüzləşənlər”...

10 Avqust 2026

Milli hərb tariximizin flaqmanı, general-mayor Cəmşid Naxçıvanski məktəbi yeni gələn nəsillərə vətənpərvərlik təlimi aşılayır. Onun əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Sovetlər dönəmində yazılan (yazdırılan) tariximizə yenidən baxmaq zərurəti yarandı. Xalqımızın ictimai-siyasi, elmi-mədəni həyatında dərin iz buraxmış gərkəmli şəxsiyyətlərin həyat və fəaliyyəti müstəqillik dövründə yenidən araşdırılır. Bizim qəhrəmanımız Cəmşid Naxçıvanskinin də yenidən, daha dolğun və obyektiv tədqiqata ehtiyacı var. Biz də bu zərurətdən yola çıxaraq, Sərkərdənin doğum günü ərəfəsində Cəmşid xan haqqında düşüncələrimizi dəyərli oxucularımızla bölüşmək istədik.

Ötən yazılarımızda qeyd etmişdik və bir daha fəxarətlə yazırıq ki, Ümummilli lider Heydər Əliyev 1969-cu ildə Azərbaycana birinci siyasi hakimiyyətə gəldiyi dövrdə Cəmşid Naxçıvanskini tarixin qaranlıq qatlarından çıxarıb Azərbaycan xalqına qaytarmışdır. Ulu Öndərin siyasi himayədarlığı ilə tarix elmləri namizədi Əli Əliyevin müəllifi olduğu Cəmşid Naxçıvanski haqqında ilk elmi məqalə “Azərbaycan gəncləri” qəzetinin 7 yanvar 1971-ci il tarixli nömrəsində nəşr edilir. Daha sonra yeni araşdırmalar, yazılar, müzakirələr. Sonra, bizim hamımıza məlum olan Ulu Öndərin şəxsən imzaladığı, Cəmşid Naxçıvanski Muzeyinin ekspozisiyasını bəzəyən “SSRİ Silahlı Qüvvələrinin görkəmli nümayəndəsi general-mayor Cəmşid Naxçıvanskinin xatirəsinin əbədiləşdirilməsi haqqında” 23 iuyn 1971-ci il tarixli Qərar. Sonra, generalın adına küçə, vaxtilə yaşadığı binaya vurulan barelyef, Cəmşid Naxçıvanski adına hərbi məktəb, diviziya komandirinin adını daşıyan gəmi, generalın Vətəni Naxçıvan şəhərində adınıa məktəb və ata ocağında yaradılan muzey. Bütün bunlar - Ümummilli Liderin rəhbərliyi altında həyata keçirilən tədbirlər onsuz da, qatı sovet senzurasını aşırdı. Yəni, qırmızı xətti daha irəli keçmək olmazdı. Əslində, biz, daha sonra başa düşəcəkdik ki, Müdrik Siyasətçinin o zaman həyata keçirdiyi layihələr, elə, gələcək müstəqil Azərbaycan üçünmüş. Dahi Rəhbər xəyalında yaşatdığı gələcək Azərbaycanın təməlini, bünövrəsini atırmış...

Qayıdaq Cəmşid Naxçıvanski haqqında düşüncələrimizə. Sovet dövründə Cəmşid xan haqqında yazılan bütün materiallarda Cəmşid Naxçıvanskinin qatı bolşevik olduğu iddia edilir. Bu, belədirmi? Xatırladaq ki, Cəmşid Naxçıvanskinin ulu babaları I Kalbalı xan Naxçıvanın müstəqilliyi uğrunda mübarizə apararaq, bu yolda, gözlərini qurban vermişdi. Ehsan xan, Naxçıvan əhalisinin təhlükəsizliyi, onların ata-baba torpaqlarından köçürülməməsi, yurdlarının boş qalmaması naminə öz həyatını və ailəsini təhlükə altına qoymaqdan çəkinməmişdi. Yəni, Ehsan xan diplomatik bir eyhamla: “xalqım yoxsa ailəm də yox, Vətənim yoxsa mən də yoxam” demişdi. Babası geneal-mayor II Kalbalı xan, atasının əmisi general-leytenant İsmayıl xan Naxçıvaski, atası Cəfərqulu xan, böyük qardaşı general-mayor III Kalbalı xan, kiçik qardaşı III Ehsan xan, əmisi Rəhim xan, dayısı Kərim xan, əmiuşaqları, dayıoğlanları və digər yaxın qohumları Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanın azadlığı və müstəqilliyi uğrunda polad sinələrini düşmənə sipər etmişdilər. Ana yurdun inkişafı naminə böyük fədakarlıq və əzmkarlıq göstərmişdilər. Bu qəhrəman eloğlularımızın həyat hekayələri, hər biri, ayrılıqda bir tarixi romandır. Bu ailənin sonuncu generalı Cəmşid Naxçıvanski soyunu-sopunu danıb bir an içində dönüb qatı bolşevik ola bilərdimi? O, bunu edərdimi?.. Cəmşid Naxçıvanski Muzeyində mühafizə olunan sənədləri, foto materialları və hətta rəsm əsərlərini diqqətlə analiz edəndə bunun belə olmadığı qənaətinə gəlirsən. Cəmşid Naxçıvanskinin sovetlər dövründə çəkilmiş fotolarının heç birində üzü gülmür. Sərkərdənin necə gərgin və qayğılı olması Xalq rəssamı H.Əliyevin, Əməkdar rəssam M.İsmayılovun əsərlərində çox aydın görünür. Bizcə, bu qayğı və intizar çiçəklənməkdə olan şura hökuməti üçün deyil, əksinə, müstəqilliyi boğulmuş, heysiyyatı tapdalanmış Azərbaycan üçündür. Ailəsinin və doğmalarının ərazi bütövlüyü uğrunda fəda olduqları Naxçıvan üçündür. Neçə-neçə növcavan igidlər kimi, kiçik qardaşı III Ehsan xan da Cəmşidin qucağında can verərkən əmanət etdiyi - uğrunda şəhidlik şərbətini içdiyi Qarabağ, Zəngəzur üçündür...

Generalın istintaq materiallarında onun sovet hökuməti əleyhinə gizli təşkilat yaradaraq ona rəhbərlik etdiyi və ən əsası Avropada fəaliyyət göstərən Azərbaycan Milli Komitəsi ilə sıx əlaqədə olduğu iddia olunur. 97 günlük dindirmələrdən sonra Cəmşid xan zabit şərəfini və təmsil etdiyi xalqın adını uca tutaraq heç kəsin adını çəkmir, sadəcə olaraq 3 aydan artıq gecə-gündüz davam edən ağır işgəncələrdən qurtulmaq üçün öz əleyhinə yazılan iddianaməni imzalayır. Xatırladaq ki, bu vaxt Cəmşid Naxçıvanski Briqada komandiri idi və Kombriq (genelar-mayor) Ali hərbi rütbəsini daşıyırdı. Yəni, Onu, NKVD çinovnikləri heç nə olmadan “vətən xaini” kimi ağır bir suçla yükləyə bilməzdilər. Necə deyərlər, “Od olmayan yerdən tüstü çıxmazdı”.

Yazının əvvəlki hissəsinə qayıdaraq bir daha altını cızırıq ki, sovet dönəmində Cəmşid Naxçıvanskiyə bəraət verilməsi, onun adının əbədiləşdirilməsi üçün onun iddianaməsinin tamamilə böhtan, özünün “vətənpərvər bolşevik” olduğunu söyləmək şərt idi. Və, Cəmşid xan Kəngərlilər nəslindən yeganə adam idi ki, sovet hökumətinə xidmət etmişdi. Gördüyü bütün işləri zərgər dəqiqliyi ilə hesablayan Ümummilli Lider bunu da bacardı. Yəni, Cəmşid Naxçıvanskiyə bəraət alaraq, onun timsalında bütün Naxçıvanskiləri – Kəngərliləri yenidən xalqına qaytardı. Cəmşid xanı araşdıran tarixçi, mütləq mənada, Cəfərqulu xana, Rəhim xana, Kalbalı xana, Ehsan xana, İsmayıl xana, Bəhram və Kamran Naxçıvanskilərə, oradan da Makinskilərə, yəni, Bayatlara – İrəvanskilərə və s. gedib çıxacaqdı...

Əgər Cəmşid Naxçıvanskinin iddianaməsi düzdürsə, və də nəzərə alsaq ki, təxminən bu sayaq iddialarla daha əvvəl iki dəfə həbs olunub, dar ağacından son anda qurtulubsa deməli xan nəvəsi Cəmşid xan, sahib olduğu hər şeyini - işini, rütbəsini, ailəsini, bütün şüurlu həyatını Azərbaycanın müstəqilliyi uğrunda fəda etməyə söz verib, and içib. Yeri gəlmişkən, Sərkərdənin üç dəfə həbs olunması, onun ikisində dar ağacından son andaca qurtulması, şəxsi həyatındakı qaranlıq nüanslar, haqqında danışılan yarıgerçək əfsanələr, gizli kod adları və s.-lər onun professional bir çekist-diplomat olmasının da işartılarını bəlirləyir. Qafqazşünas alim R.N.İvanov da gizli bir eyhamla qeyd edirdi ki, əgər ruslar Naxçıvanskini güllələməsəydi Hitler almaniyası Cəmşidin hərbi-siyasi doktrinasından ehtiyatlanıb SSRİ üzərinə hücum etməyəcəkdi.

Göründüyü kimi Cəmşid Naxçıvanskinin həyat və fəaliyyəti suallarla doludur. Bu açıq qalmış sualları milli təəssübkeşlik hissi ilə cavablandırmaq lazımdır. Bu, Ümummili lider Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın müstəqil tədqiqatçılarının borcudur. Yazdırılan tarixdən, yazılan tarixə dönmək zamanıdır dostlar!

Biz, Cəmşid Naxçıvanski Muzeyi olaraq bu müqəddəs yolada yürüyən, qəlbi Vətən sevgisi ilə döyünən hər bir kəslə əməkdaşlıq etməyə hazırıq.

...Ölüm, bir bioloji prosesdir. Böyük insanların fiziki məhvi onların yolunu saxlaya bilməz. O yol ki, Vətən-millət sevgisindən keçir. O yol ki, orada igidlik, mərdlik, sədaqət hökm sürür... Ölüm qazanmır, ölümü ilə ölümsüzləşən igidlər qazanır - Cəmşid kimi, Mübariz kimi, Polad kimi..!

Nə qədər ki, Azərbaycan var, Cəmşidlərin, Mübarizlərin, Poladların şərəfli döyüş yolunu davam etdirəcək oğullar da olacaq! Doğulacaq, böyüyəcək, yetişəcək, ölümü ilə ölümsüzlüyə qovuşacaqlar...!

Abasət NURİYEV

Cəmşid Naxçıvanski Muzeyinin direktoru