Naxçıvanda 700 ev təsərrüfatında büdcə tədqiqatı aparılır
Naxçıvan Muxtar Respublikasında əhalinin həyat səviyyəsi, gəlir və xərcləri, eləcə də istehlak strukturunun öyrənilməsi məqsədilə ev təsərrüfatı büdcələrinin növbəti seçmə tədqiqatına başlanılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, rüblük əsasda keçirilən tədqiqat muxtar respublika üzrə, ümumilikdə, 700 ev təsərrüfatını əhatə edir. Seçmə çərçivəsində Naxçıvan şəhərindən 131, Şərur rayonundan 175, Babək rayonundan 88, Ordubad və Culfa rayonlarının hər birindən 87, Kəngərli, Şahbuz və Sədərək rayonlarının hər birindən isə 44 ev təsərrüfatı sorğuya cəlb olunub.
Statistik müşahidə zamanı hər bir ev təsərrüfatı üçün 14 günlük monitorinq dövrü müəyyən edilib. Bu müddətdə ərzaq və qeyri-ərzaq məhsullarının alınmasına və xidmətlərə çəkilən xərclərin, həmçinin şəxsi həyətyanı və digər təsərrüfatlardan, kənd təsərrüfatı fəaliyyətindən və hədiyyə şəklində əldə olunaraq istehlak edilən məhsulların uçotu aparılır. Eyni zamanda rüb ərzində geyim, mənzil-kommunal, səhiyyə, ev əşyaları üzrə xərclər, eləcə də gəlir mənbələri və əmək fəaliyyətinə dair ətraflı məlumatlar toplanır.
Tədqiqat nəticəsində əldə olunan statistik göstəricilər İstehlak Qiymətləri İndeksinin hesablanmasında, Milli Hesablar Sisteminin aparılmasında, həmçinin əhalinin sosial müdafiəsi üzrə həyata keçirilən tədbirlərin hazırlanmasında mənbə kimi istifadə olunur.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 noyabr 2017-ci il tarixli Qərarına əsasən, gəlir və xərclərinin uçotunu aparan ev təsərrüfatlarına ödəniş edilir. Bu çərçivədə Naxçıvan Muxtar Respublikası üzrə seçilmiş 700 ev təsərrüfatına rüblük 21 min manat, il ərzində isə, ümumilikdə, 84 min manat vəsait ayrılır.








