Fərid Məmmədov: Naxçıvan Regional DOST Mərkəzi 15 istiqamət üzrə 164 xidmət göstərəcək

Fərid Məmmədov: Naxçıvan Regional DOST Mərkəzi 15 istiqamət üzrə 164 xidmət göstərəcək

12 Avqust 2026

Naxçıvan Regional DOST Mərkəzi 15 istiqamət üzrə 164 xidmət göstərəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov jurnalistlərə açıqlamasında deyib.

DOST Agentliyinin Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli fərmanı əsasında yaradıldığını xatırladan Fərid Məmmədovun sözlərinə görə, Agentliyin fəaliyyəti əsasən pensiya, müavinətlər, təqaüdlər, əmək münasibətləri, məşğulluq məsələləri və digər istiqamətləri əhatə edir.

O bildirib ki, DOST Agentliyinin hazırda 7 mərkəzi, 4 qəbul şöbəsi, 2 xidmət məntəqəsi və 1 Smart DOST xidmət məntəqəsi fəaliyyət göstərir: “Ümumilikdə Agentlik ötən dövr ərzində 4 milyon 700 mindən çox vətəndaşa xidmət göstərib. Eyni zamanda, Agentliyin nəzdində fəaliyyət göstərən "142" Çağrı mərkəzi qeyd edilən istiqamətlər üzrə əhaliyə xidmət göstərir. Bu günədək 9 milyondan çox vətəndaş Çağrı mərkəzinin xidmətlərindən yararlanıb. Vətəndaşa mərkəzə daxil olandan gözləmə və xidmət müddəti daxil olmaqla, ümumilikdə 11 dəqiqə ərzində xidmət göstərilir”.

Fərid Məmmədov qeyd edib ki, bu gündən Naxçıvan Regional DOST Mərkəzi fəaliyyətə başlayır, Mərkəzin ümumi sahəsi isə təxminən 3500 kvadrat metrdir.

Agentlik sədri deyib ki, mərkəz gün ərzində orta hesabla 500-600 vətəndaşa xidmət göstərəcək: “Mərkəzdə 100-dən çox əməkdaş fəaliyyət göstərəcək. Həmçinin, 50-yə yaxın könüllü DOST proqramı çərçivəsində subproqramlar istiqamətində vətəndaşlara dəstək olacaq. Mərkəz müasir konstruktivlik üslubunda dizayn olunub. Mərkəzin bütün mühəndis sistemləri kifayət qədər müasir və yüksək səviyyədə layihələndirilib. Eyni zamanda, mərkəz daxilində Tibbi-Sosial Ekspertiza Komissiyası və DOST İnklüziv İnkişaf və Yaradıcılıq mərkəzinin otağı da fəaliyyət göstərir. Biz DOST Agentliyi olaraq qeydiyyat prinsipi olmadan vətəndaşlarımıza xidmət göstəririk. Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vətəndaşlar bizə əsasən elektron və onlayn formatda, həmçinin, Çağrı mərkəzləri vasitəsilə müraciətlər edirdilər. Şübhəsiz ki, bizim tək Bakıda yox, bəzi regionlarda da qəbul şöbələrimiz fəaliyyət göstərir. Oraya da Naxçıvan Muxtar Respublikası qeydiyyatında olan vətəndaşlar müraciət edirdilər. Artıq bu gündən Naxçıvan qeydiyyatında olan vətəndaşlarımız Regional DOST Mərkəzində qeyd etdiyim xidmətlərdən yararlana bilərlər”.

Qeyd edək ki, avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak ediblər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST mərkəzləri sosial xidmətlərin göstərilməsində keyfiyyətcə yeni mərhələnin formalaşmasına səbəb olub. Bu mərkəzlərdə indiyədək vətəndaşlara 164 növ xidmət, ümumilikdə isə 4,6 milyon sosial xidmət göstərilib, xidmətlərdən məmnunluq səviyyəsi isə təxminən 99 faiz olub.

Hazırda DOST şəbəkəsinin ölkə üzrə genişləndirilməsi istiqamətində işlər davam etdirilir. 2026-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində DOST qəbul şöbələrinin yaradılması, 2030-cu ilədək isə ölkə üzrə 18 DOST mərkəzinin, o cümlədən 60 şöbə və məntəqədən ibarət geniş xidmət şəbəkəsinin formalaşdırılması nəzərdə tutulur.