Elşən Qəbulov: Naxçıvanda 5 yeni məktəbəqədər təhsil müəssisəsi tikiləcək

Elşən Qəbulov: Naxçıvanda 5 yeni məktəbəqədər təhsil müəssisəsi tikiləcək

14 Avqust 2026

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya səfəri hər birimizi sevindirdi. Səfər çərçivəsində yeni infrastruktur layihələrinin təqdim edilməsi Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə göstərilən diqqətin daha bir nümunəsidir”.

Bunu “NAXÇIVANXƏBƏRLƏRİ”-nə müsahibəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının şöbə müdiri Elşən Qəbulov bildirib.

Şöbə müdiri qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam məktəbəqədər təhsilin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır:

“Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasında ümumilikdə 640 yerlik 5 yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi üçün 20 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub”.

Elşən Qəbulovun sözlərinə görə, yeni müəssisələr Naxçıvan şəhərinin Bulqan kəndində, Ordubad rayonunun Dəstə kəndində, Culfa rayonunun Əbrəqunus kəndində, Kəngərli rayonunun Qarabağlar kəndində və Şərur şəhərində inşa ediləcək.

O bildirib ki, layihənin həyata keçirilməsi məktəbəqədər yaşlı uşaqların təhsilə cəlb olunması imkanlarını genişləndirəcək və xüsusilə kənd yaşayış məntəqələrində mövcud tələbatın qarşılanmasına mühüm töhfə verəcək.

“Fürsətdən istifadə edərək, Naxçıvanda təhsilin inkişafına, xüsusilə uşaqların təhsil imkanlarının genişləndirilməsinə göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Əminik ki, bu layihələrin həyata keçirilməsi Naxçıvanda məktəbəqədər təhsilin daha da inkişafına və müasir təhsil infrastrukturunun genişləndirilməsinə mühüm töhfə verəcək”, – deyə şöbə müdiri vurğulayıb.

Müsahibəni hazırladı: 

Xosrov İbrahimov