20 Yanvar – milli qürur günü
20 Yanvar 1990-cı il Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində dönüş nöqtəsi olan, eyni zamanda tariximizin ən faciəli səhifələrindən biridir. Sovet imperiyasının süqut ərəfəsində öz siyasi hökmranlığını qorumaq məqsədilə həyata keçirdiyi bu qanlı əməliyyat nəticəsində Bakıda yüzlərlə günahsız insan amansızcasına qətlə yetirildi. Dinc əhaliyə qarşı törədilən bu vəhşilik insanlığa qarşı ağır cinayət idi.
Faciə yalnız paytaxtla məhdudlaşmadı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Naxçıvan Muxtar Respublikasının Sədərək istiqamətində erməni silahlı birləşmələri tərəfindən hücumlar həyata keçirildi. Bu hücumlar Ermənistanın Azərbaycana qarşı açıq hərbi təcavüz siyasətinin bariz nümunəsi idi. Sərhəd kəndləri atəşə tutuldu, dinc əhali təhlükə qarşısında qaldı. Məqsəd Naxçıvanı zəiflətmək, əhalinin müqavimət əzmini qırmaq və ərazi iddialarını reallaşdırmaq idi.
Lakin Sədərəkdə yaşayan insanlar böyük qəhrəmanlıq göstərərək torpaqlarını qorudular. Bu müqavimət Azərbaycan xalqının həm Bakıda, həm də sərhədlərdə eyni amal uğrunda – Vətənin azadlığı və ərazi bütövlüyü naminə ayaqda olduğunu sübut etdi.
20 Yanvar faciəsinə ilk dəfə açıq, prinsipial və cəsarətli siyasi qiymət verən şəxs Ümummilli Lider Heydər Əliyev olmuşdur. Həmin dövrdə Moskvada olan Ulu Öndər Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək sovet rəhbərliyinin törətdiyi bu qanlı cinayəti açıq şəkildə pisləmiş, Azərbaycan xalqı ilə həmrəy olduğunu bəyan etmişdir. Bu addım dünya səviyyəsində geniş rezonanas doğuraraq diqqətləri Bakıya cəlb etmişdi.
Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmiş, günahkarların məsuliyyəti məsələsi qaldırılmışdır. Bu, tarixi ədalətin bərpası istiqamətində atılmış mühüm addım idi.
Bu gün Prezident İlham Əliyev Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirərək 20 Yanvar şəhidlərinin xatirəsinin daim uca tutulmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı, milli tariximizin qorunması və gənc nəslə doğru şəkildə çatdırılması bu müqəddəs irsə sədaqətin göstəricisidir.
20 Yanvar və Sədərək şəhidlərinin fədakarlığı nəticəsində Azərbaycan xalqı öz müstəqillik yolundan dönmədi. Bu gün güclü, suveren və qalib Azərbaycan dövləti həmin şəhidlərin arzularının gerçəkləşməsidir. Xalqımız bu tarixi faciəni heç vaxt unutmayacaq və azadlığın hansı bədəllə qazanıldığını gələcək nəsillərə daim xatırladacaq.
Rza Xudiyev
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin depuatatı, Xalq artisti








