20 Yanvar – milli yaddaşdan müasir suverenliyə aparan yol
Azərbaycan xalqının müasir tarixində 20 Yanvar faciəsi həm milli faciə, həm də azadlıq və müstəqillik uğrunda mübarizənin qəhrəmanlıq zirvəsi kimi dərin iz buraxmışdır. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyasının Bakıda və respublikanın digər bölgələrində törətdiyi qanlı hadisələr xalqımızın iradəsini qırmaq məqsədi daşısa da, əksinə, azadlıq əzmini daha da gücləndirdi. Bu faciə Azərbaycan xalqının müstəqil dövlət qurmaq əzminin qarşısında heç bir gücün dayana bilməyəcəyini bütün dünyaya nümayiş etdirdi.
36 il əvvəl- yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və respublikamızın digər bölgələrində baş verən hadisələr həm də öz azaldığı uğrunda mübarizə aparan xalqımızın milli mücadilə tarixinin mühüm səhifələrindən biridir. Başqa cür desək, 20 Yanavar faciəsi milli azadlıq hərəkatımızın yüksəliş zirvəsi idi. Həmin gün Bakı qırmızı rəngə boyanmışdı, şəhid oğul və qızlarımızın qanından rəng almışdı. O günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixində qanla yazılmış qəhrəmanlıq səhifəsidir.
20 Yanvar hadisələri milli azadlıq hərəkatımızın dönüş nöqtəsi olmaqla yanaşı, xalqımızın milli kimliyinə və suveren hüquqlarına qarşı yönəlmiş açıq hərbi təcavüz aktı idi. Günahsız insanların qətlə yetirilməsi, şəhərin hərbi texnika ilə mühasirəyə alınması sovet totalitarizminin əsl mahiyyətini üzə çıxardı. Bununla belə, Azərbaycan xalqı həmin gecə öz ləyaqətini, vətənə sədaqətini və yenilməzliyini nümayiş etdirdi.
Biz 20 yanvar tarixini milli matəm, hüzn günü kimi yox, milli iftixar hissi ilə yad edirik. Bu cinayət nə qədər qatı və amansız olsa da, xalqımızın müstəqillik uğrunda mübarizə əzmini qırmağa qadir deyildi. SSRİ rəhbərliyinin azərbaycanlılara qarşı törətdiyi bu qanlı olay xalqı daha sıx birləşdirdi, onun mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Qanlı Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına köçdü. 20 Yanvar faciəsi bizi yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü, vətən sevgisini göstərdi. Məhz bu möhkəm əzm və iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu, Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.
Bu hadisə nəinki Azərbaycanı, bütün dünyanı lərzəyə gətirsə də, o zaman yerli hakimiyyət orqanları baş verənlərin üzərindən sükutla keçməyə üstünlük verdi, xalqın milli faciəsinə laqeyd münasibətini ortaya qoyaraq Kremlin qəzəbinə tuş gəlməkdən çəkindi. O ağır və faciəli günlərdə Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirildiyini ilk olaraq ulu öndər Heydər Əliyev cəsarətlə bütün dünyaya bəyan etdi. Faciədən dərhal sonra Heydər Əliyevin Moskvada verdiyi cəsarətli bəyanat 20 Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiymət oldu. Ümummilli lider bu hadisəni Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayət kimi dəyərləndirdi və məsul şəxslərin ifşa olunmasını tələb etdi. Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirərək demişdi: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi.” 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra dahi rəhbərin təşəbbüsü əsasında 1990-cı il 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri araşdırıldı, Milli Məclisin 29 mart 1994-cü il tarixli qərarı ilə bu qanlı faciəyə hərbi təcavüz və cinayət aktı kimi tam siyasi-hüquqi qiymət verildi.
Bu il xalqımız 20 Yanvar hadisələrinin 36-cı ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Milli maraqlara, xalqın iradəsinə əsaslanan siyasət ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı 20 Yanvar yaralılarının, şəhid ailələrinin qayğılarını daim diqqət mərkəzində saxlayır. 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələri üçün təqaüdlərinin artırılması onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu diqqət və qayğının daha bir bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Vətənpərvərliyin ən ali zirvəsi-şəhidlikdir. Vətənin qorunması, müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Bu ucalığa yüksələnlərin ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Qəhrəmanlıq bir anın bəhrəsi deyil. Xarakterin, tərbiyənin, mənəvi dəyərlərin gücü ilə diktə olunan keyfiyyətdir. 20 Yanvar şəhidlərinin rəşadəti həm də böyük mənəvi təsir qüvvəsinə malikdir. Bu faciə sovet imperiyasının Azərbaycana qarşı törətdiyi ağır hərbi təcavüz və cinayət olmaqla yanaşı, həm də milli azadlıq tariximizdə xalqımızın qan yaddaşına qəhrəmanlıq təcəssümü kimi həkk edilib. Bu qəhrəmanlıq salnaməsi gənclərimizin milli vətənpərvərlik ruhunda formalaşmasında böyük əhəmiyyət kəsb edir. Əgər xalqımızda yüksək vətənpərvərlik hissi olmasa idi, əliyalın yurddaşlarımız 1990-cı ilin 20 yanvar gecəsi sinələrini düşmən tankları önündə polad sipərə döndərməzdilər. Həmin faciəli günlərdə ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 20 Yanvar faciəsində şəhid olanların xatirəsini bu gün hörmətlə yad edərkən fəxrlə deyirik ki, onların uğrunda canlarını qurban verdikləri müstəqilliyimiz mətinliklə qorunur. Güclü lider, rəşadətli ordu və mübariz xalqın vəhdəti sayəsində ədalət bərqərar olub. Müstəqil Azərbaycan tam suveren bir dövlət kimi zaman keçdikcə daha da güclənir, hədəflərini böyüdür. Gələcəklə bağlı real gözləntilər xalqımıza haqqı olanı vəd edir.
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir. Muxtar respublikamızda da şəhidlərimizin xatirəsi həmişə uca tutulur, hər il 20 Yanvar hadisələrinin ildönümü dərin ehtiramla qeyd edilir. Bu gün Naxçıvan şəhərindəki Şəhidlər xiyabanı naxçıvanlıların and yerinə, müqəddəs məkanına çevrilib, rayon mərkəzlərində şəhidlərin xatirə kompleksləri ucaldılıb. Xatirə Muzeyində faciə qurbanlarının məlumat toplusu və şəxsi əşyaları saxlanılır ki, bu da yeniyetmə və gənclərin milli vətənpərvərlik hisslərinin formalaşması, xalqın milli azadlıq mübarizəsinin öyrənilməsi baxımından önəmli rol oynayır.
Doğma diyarımızda müharibə veteranlarının, şəhid ailələrinin və əlillərinin problemlərinin dövlət səviyyəsində həlli mühüm vəzifələrdən biridir. Muxtar respublikamızda hər il bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da yaxşılaşdırılır. Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatı da 20 Yanvar hadisələrinin və xalqımıza qarşı törədilən digər ağlasığmaz cinayətlərin məqsəd və mahiyyətini daim gənc nəslə xatırladır, onlarda milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi ilə bağlı tədbirlər təşkil edir, milli qəhrəmanlarımız, şəhidlərimiz gənclər arasında geniş təbliğ olunur, müharibə iştirakçıları və şəhid ailələri ilə vaxtaşırı görüşlər keçirilir. Gənclərin vətənpərvərlik tərbiyəsinə diqqət göstərilir, bu sahədə layihələr icra olunur.
1990-cı il 20 Yanvar qanlı faciəsini, həmin gün şəhidlərimizin qanının hədər axmadığını, o qanlar bahasına bugünkü azadlığımızın, müstəqilliyimizin, dövlət quruculuğumuzun, tərəqqimizin bünövrəsinin qoyulduğunu gələcək nəsillər də böyük ehtiramla xatırlayacaqlar.
Bu gün Azərbaycan 20 Yanvar şəhidlərinin qanı bahasına əldə etdiyi müstəqilliyi qoruyub daha da möhkəmləndirən güclü və suveren dövlətdir. Xüsusilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə, 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bu proseslər Azərbaycan dövlətinin hərbi, siyasi və diplomatik gücünü bir daha nümayiş etdirdi. İndi bütün torpaqlarımızda Azərbaycan bayrağı ucalır. Bu qələbə respublikamızın nəinki Cənubi Qafqazda, həmçinin bütün dünyada mövqelərini daha da möhkəmləndirdi, nüfuzunu yüksəltdi.
Son illərdə Azərbaycanın apardığı prinsipial və ardıcıl siyasət beynəlxalq müstəvidə də öz bəhrəsini verməkdədir. Xüsusilə müharibədən sonrakı dövrdə regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində atılan addımlar beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Bu baxımdan 2023–2025-ci illər ərzində Azərbaycan regionda sülhün və sabitliyin təmin olunması istiqamətində mühüm diplomatik addımlar atdı. Bu kontekstdə ABŞ-ın vasitəçiliyi ilə Vaşinqtonda imzalanmış razılaşma xüsusi əhəmiyyət kəsb edir. Sözügedən razılaşma regionda uzunmüddətli sülhün bərqərar olunmasına, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və kommunikasiyaların açılmasına xidmət edən mühüm siyasi sənəd kimi dəyərləndirilir. Bu sənəd Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin və suverenlik prinsipinin beynəlxalq müstəvidə qəbul olunduğunu bir daha təsdiqləyir. Güclü dövlət, qalib xalq kimi Azərbaycan bu gün həm hərbi-siyasi, həm də diplomatik müstəvidə tarixi ədaləti təmin etmiş ölkə olaraq çıxış edir. Vaşinqton razılaşmasının Naxçıvan Muxtar Respublikası üçün də xüsusi strateji əhəmiyyəti vardır. Regional kommunikasiyaların bərpası, nəqliyyat və iqtisadi əlaqələrin genişlənməsi Naxçıvanın ölkənin əsas hissəsi və beynəlxalq bazarlarla əlaqələrinin daha da möhkəmlənməsinə şərait yaradır. Bu, muxtar respublikanın sosial-iqtisadi inkişafına, investisiya imkanlarının artmasına və əhalinin rifahının yüksəlməsinə mühüm töhfə verəcəkdir.
Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. Xalqımız şəhidlərimizin ehtiramını uca tutur və heç şübhəsiz onların vətənpərvərlik mirası bu gün olduğu kimi, sabah da gənc nəsillər üçün böyük ali dəyərlə ölçüləcək, bu, onlar üçün əsas qayə olacaq. Xalq olaraq bizə qarşı törədilmiş qeyri-insani əməllərin, haqsızlıqların cavabını verməyə davam edirik, ədaləti bərpa edirik. Qanı qanla yusaq da, xalqımızın böyük humanizmi, dövlətimizin sülhsevər siyasəti dünyaya göstərir ki, azərbaycanlılar regionda əmin-amanlığın tərəfdarıdır və fəaliyyətini də bu istiqamətdə qurub. İstənilən halda biz keçmişimizi unutmuruq və unutmayacağıq. Çünki bugünkü gücümüz, dünənin ağrılarından yaranan immunitet sayəsində formalaşıb. Şəhidlərimizin qanı bizə məlhəm olub, anaların ahı, naləsi ruhumuza alov saçıb, taleyimiz tariximizi yeniləyib. Əsrlərin sınağından çıxmış xalq və mənsubu olduğu ölkə üçün qorxu anlayışı yoxdur. Əksinə, böyük inam var. Bunun sayəsində biz gənclərlə birgə daha güclü Azərbaycanı inşa edəcəyik!
Mirməcid Seyidov
Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini,
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri








