30 ukraynalı uşağa Azərbaycanda sosial-psixoloji dəstək göstəriləcək
Azərbaycana gətirilən daha 30 ukraynalı uşaq Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük reabilitasiya proqramı çərçivəsində sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin ediləcəklər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi məlumat yayıb.
Bu müddətdə onların emosional vəziyyətinin stabilləşdirilməsi və cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiyası məşğələləri təşkil olunacaq. Uşaqlara müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya və s. növlərdə reabilitasiya xidmətləri də göstəriləcək.
Ukraynalı uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə onlar üçün müxtəlif ekskursiyalar, stolüstü oyunlar, müxtəlif yarışlar və digər tədbirlər də proqrama daxil edilib.
Qeyd edək ki, ötən dövrdə Agentlik tərəfindən Ukraynadan 450-yə yaxın uşaq və gənc ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.








