Əmək və sosial siyasət komitəsi onlayn iclas keçirib
İyulun 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, iclasın gündəliyinə üç məsələ daxil edilib.
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Bildirilib ki, layihə ölkədə sığorta sisteminin daha da təkmilləşdirilməsinə xidmət edir. Təklif olunan dəyişikliklər əlilliyi olan şəxslərin, istehsalat təcrübəsi keçən tələbə və şagirdlərin, könüllü fəaliyyətlə məşğul olan könüllülərin istehsalat zamanı hər hansı xəsarət hadisəsi baş verərsə, sığortasının müəyyənləşdirilməsi ilə əlaqədardır.
Sonra gündəliyin ikinci məsələsi - Əmək Məcəlləsində, Mülki Məcəllədə, “Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Qeyd olunub ki, layihənin ümumi məqsədi innovasiya fəaliyyətinin maliyyələşdirilməsi üzrə müasir, həmçinin beynəlxalq təcrübədə geniş tətbiq edilən hüquqi və maliyyə alətlərinin milli qanunvericilikdə tanınmasını təmin etməkdən ibarətdir.
Daha sonra gündəliyin üçüncü məsələsi –Vergi Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Layihənin məqsədi rəqəmsal iqtisadiyyatın inkişafı üçün vergi, sosial sığorta, miqrasiya, gömrük, lisenziya və icazə, eləcə də dövlət satınalmaları sahəsində təşviq mexanizmlərinin formalaşdırılmasından ibarətdir.
Qanun layihələri Milli Məclisin plenar iclasında ikinci oxunuşda baxılmaq üçün tövsiyə olunub.








