Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması elektronlaşdırılacaq

Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması elektronlaşdırılacaq

07 İyul 2026

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı inzibati prosedurların elektronlaşdırılması və normativ-hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsində, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" qanunlarında dəyişiklik edilməsi barədə layihədə öz əksini tapıb.

Bildirilib ki, dövlət rüsumu ödənildikdən sonra müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməsi və elektron poçt ünvanına göndərilməsi nəzərdə tutulur. Bununla yanaşı, qərarın məzmununun təsdiq edilməsi, elektron imza ilə rəsmiləşdirilməsi və elektron xidmətlərin hüquqi əsaslarının dəqiqləşdirilməsi təmin edilir.

Bununla yanaşı, Miqrasiya Məcəlləsinin 43-cü maddəsinə edilən dəyişikliklə müvəqqəti olma müddətinin uzadılmasından imtina üçün əlavə əsas müəyyən edilir. Belə ki, Məcəllənin 41.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərdən birinin və ya bir neçəsinin təqdim edilməməsi də imtina əsası kimi təsbit olunur.

"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunda terminoloji xarakterli dəyişiklik edilir. "Dövlət rüsumu haqqında" qanunda nəzərdə tutulmuş dəyişikliyə əsasən müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə rüsum nəzərdə tutulmayacaq.

Bundan əlavə, qanun layihəsinə keçid müddəası əlavə edilir. Keçid müddəasına əsasən, qanun qüvvəyə mindiyi günədək verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərarlar onlarda göstərilmiş müddət başa çatanadək hüquqi qüvvəsini saxlayacaqdır. Həmin qərarlar itirildikdə, məhv olduqda, yararsız hala düşdükdə və ya əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar dəyişdikdə onlar elektron qaydada tərtib ediləcək, müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetinə yerləşdirilməsi üçün həmin sistemə ötürüləcək, eyni zamanda müraciət edənin elektron poçt ünvanına göndəriləcəkdir. Bu hallarda qərarın yenidən rəsmiləşdirilməsinə görə dövlət rüsumunun ödənilməsi tələb olunmayacaqdır.