Ağdamın Eyvazxanbəyli kəndində 427 ev tikilir
Ağdamın işğaldan azad olunmasından sonra şəhər mərkəzi ilə yanaşı, kəndlərdə də genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Azad olunmuş ərazilərdə “Böyük Qayıdış” Proqramı çərçivəsində həyat yenidən canlanır, müasir infrastruktura malik yaşayış məntəqələri formalaşdırılır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu istiqamətdə həyata keçirilən layihələrdən biri də Ağdam rayonunun Eyvazxanbəyli kəndində icra olunur.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva müsahibəsində bildirib ki, Eyvazxanbəyli kəndi üzrə həyata keçirilməsi planlaşdırılan layihələr mərhələli şəkildə icra olunacaq. Onun sözlərinə görə, birinci mərhələ üzrə kənddə, ümumilikdə, 427 fərdi yaşayış evinin inşası nəzərdə tutulur. Bu evlər 1, 2, 3, 4 və 5 otaqlı olacaq. Ümumi uzunluğu 13,9 kilometr olan kənddaxili yolların inşası da layihəsi üzrə həyata keçiriləcək. Sosial obyektlərin tikintisi də layihənin əsas tərkib hissələrindən biridir.








