Ümummilli Lider Heydər Əliyev və Azərbaycan idmanının inkişafı

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan idmanının inkişafı

09 May 2026

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev dövlətçilik tariximizdə silinməz iz qoymuş böyük şəxsiyyətdir. Onun uzaqgörən siyasəti nəticəsində ölkəmiz yalnız siyasi və iqtisadi sahədə deyil, elm, təhsil, mədəniyyət və idman istiqamətlərində də böyük inkişaf yolu keçmişdir.

Heydər Əliyev gənclərin sağlam və vətənpərvər ruhda formalaşmasına xüsusi diqqət yetirirdi. O, idmanı xalqın sağlam gələcəyinin əsas istiqamətlərindən biri hesab edir, ölkədə idman infrastrukturunun yaradılması və beynəlxalq arenada Azərbaycan idmançılarının uğur qazanması üçün mühüm addımlar atırdı. Məhz onun təşəbbüsü ilə respublikamızda yeni idman kompleksləri tikilmiş, müxtəlif idman növlərinin inkişafına dövlət dəstəyi artırılmışdır.

Həyatımın ən unudulmaz günlərindən biri 15 iyun 2002-ci ildə Naxçıvan Muxtar Respublikası Olimpiya İdman Kompleksinin açılış mərasimi olub. Həmin gün Ümummilli Lider Heydər Əliyevin tədbirdə iştirakı mənim gənclik illərimə təsadüf edirdi. Əynimdə karate geyimi ilə Naxçıvanın tanınmış karateçilərindən biri ilə kumite nümayiş etdirirdim. Heydər Əliyevin bizə yaxınlaşıb döyüşümüzü diqqətlə izləməsi mənə böyük ruh yüksəkliyi verdi. Bəlkə də məhz həmin gün qəti qərar verdim ki, karate həyatımın ayrılmaz hissəsi olacaq.

Ulu Öndəri yaxından görmək mənim üçün böyük qürur və həyatımın ən dəyərli xatirələrindən biri oldu. Bu gün də bəzən düşünürəm ki, Heydər Əliyevin diqqəti və o baxışları mənə daim stimul verir. Açılış mərasimində onun çıxışını böyük maraqla dinlədim və söylədiyi fikirlər yaddaşıma həkk olundu. Yorğun, lakin insanın ruhuna işləyən bir səslə etdiyi çıxış mənə həm idman, həm də həyat yolumda böyük motivasiya verdi.

Ulu Öndər həmin çıxışında Azərbaycanın o dövrdə keçdiyi çətin və mürəkkəb mərhələlərdən, xalqın taleyüklü günlərindən danışaraq dövlətə, xalqa və Vətənə sədaqətin əhəmiyyətini vurğulayırdı. O sözlər mənim həyatımın və idman yolumun ayrılmaz bir parçasına çevrildi.

Heydər Əliyev idmanı yalnız yarış və nəticə kimi deyil, həm də milli ruhun, intizamın və vətənpərvərliyin formalaşması baxımından mühüm sahə hesab edirdi. Onun rəhbərliyi dövründə bədən tərbiyəsi və idmanın inkişafına dair mühüm proqramlar hazırlanmış, uşaqların və yeniyetmələrin idmana marağının artırılması istiqamətində ardıcıl işlər görülmüşdür. Bu siyasət nəticəsində minlərlə gənc sağlam həyat tərzinə cəlb olunmuşdur.

Ulu Öndər dəfələrlə vurğulayırdı ki, güclü dövlətin təməlində sağlam gənclik dayanır. Bu düşüncə Azərbaycanda idman siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu gün ölkəmizdə fəaliyyət göstərən Olimpiya İdman Kompleksləri, müasir stadionlar və idman məktəbləri məhz həmin siyasətin uğurlu nəticəsidir.

Ümummilli Liderin idmana göstərdiyi diqqət bu gün də öz bəhrəsini verir. Azərbaycan idmançıları beynəlxalq yarışlarda dövlət bayrağımızı yüksəklərə qaldırır, ölkəmizin adını dünyaya tanıdırlar. Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazanılan uğurlar Azərbaycan idmanının beynəlxalq nüfuzunu daha da artırmışdır. Bu uğurların təməlində Heydər Əliyevin müəyyən etdiyi düzgün dövlət siyasəti dayanır.

Heydər Əliyev hər zaman gənclərə inanır və onların gələcəyin aparıcı qüvvəsi olduğunu bildirirdi. Onun “Gənclər bizim gələcəyimizdir” fikri bu gün də aktuallığını qoruyur. Müasir Azərbaycan gəncliyi, xüsusilə idmançılar dövlətimizin milli-mənəvi dəyərlərinə sadiq, güclü və vətənpərvər ruhda yetişirlər. İdman sahəsində əldə olunan nailiyyətlər gənclərimizin əzmkarlığının və dövlət qayğısının bariz nümunəsidir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ümummilli Liderin siyasi kursu uğurla davam etdirilir. Azərbaycanda keçirilən beynəlxalq idman yarışları, dünya və Avropa çempionatları, İslam Həmrəyliyi Oyunları və digər mötəbər tədbirlər ölkəmizin idman sahəsində qazandığı böyük nüfuzun göstəricisidir. Azərbaycanın idman ölkəsi kimi tanınması dövlətimizin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir.

Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq, onun dövlətçilik ideyaları gələcək nəsillər üçün örnək olacaqdır. Ulu Öndərin müəyyən etdiyi inkişaf yolu bu gün də Azərbaycanın tərəqqisinə, gənclərin uğurlu gələcəyinə və idmanın inkişafına xidmət edir. Azərbaycanın hər bir uğurunda Heydər Əliyev ideyalarının işığını görmək mümkündür.

Nicat ALLHAVERDİYEV

İdman mütəxəssisi