Müharibə və mətbuat: "Şərq qapısı" qəzeti

Müharibə və mətbuat: "Şərq qapısı" qəzeti

09 May 2026

Naxçıvanın ən uzunömürlü mətbuat orqanı olan “Şərq qapısı” qəzetinin bölgədəki ədəbi mühitin inkişafına mühüm təsiri olmuşdur. Müxtəlif adlar altında nəşrə başlayan və Naxçıvanda ilk mətbu orqan olan “Şərq qapısı” qəzeti həm də uzun zamanlar yeganə mətbuat orqanı olmuşdur (Çox az sayda müxtəlif adda mətbuat orqanları yaradılsa da, onlar fəaliyyət göstərə bilməmişdir – R.Q.). Bu mənada “Şərq qapısı” qəzeti davamlı fəaliyyət göstərməklə Naxçıvanın yazıçı və şairlərinin əsərlərinin çap olunma meydanına çevrilmiş, onların nəşrinə və ictimaiyyət arasında tanınmasına, təbliğinə böyük təsir göstərmiş, eləcə də ədəbi tənqidi yazılarla bölgədəki ədəbi mühitin inkişafına əhəmiyyətli yön və istiqamət vermiş, böyük bir ədəbi məktəb yaratmışdır.

Naxçıvanda ilk nəşrə başlayan mətbuat orqanı mənbələrin verdiyi məlumata əsasən “Cavanlar həyatı” adlı qəzet olmuşdur. 1921-ci il noyabrın 21-dən nəşrə başlayan “Cavanlar həyatı” adlı qəzet nəşrə başlamaqla  bölgədəki ədəbi inkişafa böyük şövq və səmərəli yaradıcılıq istiqaməti vermişdir. Mətbuat orqanı Naxçıvanın gənc ədəbi qüvvələrinin yeni yaradıcılıq tendensiyalarına daha da həvəsləndirilməsi və fəallaşdırılmasına yönəlik uğurlu fəaliyyət göstərmiş, ədəbi qüvvələri ictimai sifarişə uyğun yazıb-yaratmağa səsləmiş, həmçinin ədəbiyyatın ictimai funksiyasının həyata keçirilməsinə fəallıqla yön vermişdir. Beləliklə, nəşr olunan mətbuat orqanları sayəsində bölgənin ədəbi qüvvələri yaradıcılıq işinə daha da həvəslənir, ictimai tribunaya çıxır, öz fəaliyyətlərini daha da püxtələşdirir və istiqamətləndirirdilər. Bu sayədə uzunömürlü fəaliyyət dönəmində bir mətbuat orqanı olaraq “Şərq qapısı” qəzeti ədəbi missiyanın həyata keçirilməsində başlıca və aparıcı rol oynamışdır. Çox ədalətli və həqiqi fikirdir ki: “Fəaliyyətinin əksər mərhələlərində “Şərq qapısı” həm də regionun “Ədəbiyyat qəzeti” funksiyasını yerinə yetirmişdir” (Akad.İ.Həbibbəyli). Bu mətbuat orqanı bölgənin ədəbi mühitinin inkişafına ciddi təsiri olduğu kimi, qəzetə rəhbərlik edən yazıçı və şairlərin fəaliyyət təsirilə qəzet də daha çox ədəbi missiya həyata keçirərək bölgənin ədəbiyyat ağırlıqlı mətbuat orqanına çevrilmişdir.

1921-ci ildə keçmiş sovet rejimi tərəfindən təsis edlən mətbuat orqanı olsa da, “Şərq qapısı” qəzeti bütün mərhələlərdə milli düşüncənin inkişafına hakim təsiri olan qəzet olaraq yaddaşlarda qalmışdır. Hətta müəyyən bir dövrdə “Sovet Naxçıvanı” adı altında çap olunsa da, hər zaman Azərbaycanın türkün qapısı olan Naxçıvan olaraq öz sözünü demişdir. Böyük yaradıcı qüvvələrin rəhbərlik etdiyi və fəaliyyət göstərdiyi mətbuat orqanında bölgənin həyatı ilə bağlı bütün sahələrlə bərabər ədəbi mühit və ədəbi inkişaf məsələlərinə də xüsusi diqqət göstərilmişdir. Mətbuat orqanı yaradıcı qüvvələrin əsərlərini çap etdirməklə ədəbi mühitin fəallaşması və təkmilləşməsinə öz töhfələrini vermişdir. Bu mənada mətbuat orqanı bölgədə maarifçilik işini həyata keçirmə istiqamətində ədəbi yaradıcılıqdan və yazıçıların qüvvəsindən faydalanmış, nömrələrində ədəbi-bədii əsərlərin çapına da geniş meydan vermişdir. Hətta xüsusi vurğulamaq olar ki, “Şərq qapısı” qəzeti bölgədə yaradıcılıq fəaliyyətinə başlamaqda olan bir çox yazıçı və şairin ilk mətbu əsərlərinin çap olunduğu mətbuat orqanı da olmuş, bir sıra gənc yazıçının gələcək fəaliyyətində üfiqə çevrilmiş, fəal və ictimai işə qoşulmasına, peşəkar yaradıcılıq işinə həvəslənməsinə vəsilə olmuşdur. Bunu da qeyd etmək lazımdır ki, “Şərq qapısı” qəzeti bir mətbuat orqanı olaraq həm də 1941-45-ci illər müharibə dönəmində ictimai təbliğatın ruporuna çevrilmiş, bölgənin ədəbi qüvvələrinin bu istiqamətdə də fəallaşmasına imkanlar yaratmışdır. “… yazıçı və alimlər ya əllərindəki qələmi qoyub odlu silahla “müsəlləh əsgər” kimi döyüşlərə qatılıb, ya da döyüşçülər arasında əhval-ruhiyyəni artırmaq, onlara mənəvi dayaq durmaq məqsədilə jurnalist və təbliğatçı kimi fəaliyyət göstəriblər. Eləcə də həm müharibə illərində, həm də müharibədən sonra Naxçıvan ədəbi mühitində müharibə mövzusunda olduqca layiqli əsərlər yazılıbdır” (R.Qasımov).

Müharibə illərində ictimai təbliğat vasitəsi kimi mətbuat orqanı olaraq “Şərq qapısı” qəzetində ardıcıl olaraq yerli ədəbi qüvvələrin müxtəlif mövzuda, xüsusilə də müharibə mövzulu əsərləri çap olunmuş, xalqın mənəvi təbəddülatına təsir imkanları diqqət mərkəzində saxlanılmışdır. Şair-tənqidçi Müzəffər Nəsirlinin qeyd etdiyi kimi: “Təəssüf ki, Böyük Vətən müharibəsi, Naxçıvanda yaradıcılıq sahəsinə atılmış gənclərimizin ədəbi fəaliyyətini dayandırdı. Gənclər Vətənin çağırışı ilə cəbhəyə getdilər. Lakin buna baxmayaraq arxa cəbhədə qalan yazıçı və şairlər çox mürəkkəb bir şəraitdə qələmi yerə qoymadılar. ...yazıçı və şairlər Nağı Nağıyev, Məmməd Tarverdiyev, Əkbər Məftun, Əbülfəz Abasquliyev, Hüseyn Əzim və başqaları yeni ədəbi əsərlər yazırdılar. Onların əsərlərinin başlıca mövzusu alman faşist işğalçılarına ümumxalq nifrəti, vətən məhəbbəti və xalqı böyük imtahan dövründə vətənpərvər ruhunda tərbiyə və səfərbər etməkdən ibarət idi”.

Qəzetin müxtəlif illərdəki nömrələri səhifələnərkən bu mətbuat orqanında həm Azərbaycan, həm də rus ədəbiyyatı nümunələrindən əsərlər dərc edildiyini tam aydınlığı ilə görə bilərik. Naxçıvanın yerli mətbuat orqanı olan “Şərq qapısı” qəzetində Azərbaycanın Xalq şairi Səməd Vurğun başda olmaqla yerli ədəbi qüvvələrdən İslam Səfərlinin, Məmmədəli Tarverdiyevin, Əsgər Səfərovun, Hacı Əsgərovun, Nuriyyə Babayevanın, Həsən Fətullayevin, Hüseyn Əzimin, Ənvər Əylislinin, Əli Məmmədovun və başqalarının müxtəlif mövzulu əsərlərinin çap olunduğunu görürük. Hətta artıq qeyd etdiyimiz kimi, bu əsərlərdən bəziləri müəlliflərin ilk mətbu əsəri kimi onların tərcümeyi-halında xüsusi əhəmiyyət kəsb edir. “Şərq qapısı” qəzetinin 11 mart 1942-ci il tarixli nömrəsində böyük Azərbaycan şairi, xalqın sevimlisi və Xalq şairi Səməd Vurğunun bütün zamanlar üçün  aktual və əhəmiyyətli olan “Azərbaycan balası” şeiri çap olunmuşdur.

1942-ci ildə müharibənin qızğın dönəmlərində “Şərq qapısı” qəzetinin 8 mart tarixli nömrəsində Beynəlxalq Qadınlar Günü münasibətilə yerli şairlərdən olan S.Əsgər imzalı (İmza sahibinin Səfərov Əsgər olduğu Əziz Şərifin ədəbi-tənqidi yazısından da məlum olur – R.Q.) müəllifin “Qəhrəman analara” başlıqlı şeiri çap olunmuşdur. Şeirin başlıca mövzusu və motivi ictimai inkişafın rəhni olan qadınlara hüsn-rəğbət, məhəbbət və ehtiram hislərinin tərənnmüdür. Şeirdə anaların qəhrəmanlığı öygü obyektinə çevrilərək deyilirdi:

Azad qadın! Al təbriki övladından bu gün sən,

Aslanların oylağına ziynət oldun əzəldən.  

Müəllif çoxsaylı Azərbaycan igidlərinin timsalında Azərbaycan analarının qəhrəmanlıqlarını tərənnüm obyektinə çevirmiş, onlara alqış və rəğbət hisslərini ifadə etmişdir. Əsərdə yeni cəmiyyət quruculuğunda Azərbaycan qadınlarının da əməyi yüksək qiymətləndirilərək tərənnüm və təqdir edilmişdir.  

1941-ci ildə Sovetlər birliyində müharibə başlayandan sonra başqa mətbuat orqanlarında olduğu kimi “Şərq qapısı” qəzetində də başlıca mövzu müharibə əhval-ruhiyyəsini gündəmdə saxlayaraq insanları qələbəyə və zəhmətə səsləmək olub. Bununla əlaqədar olaraq qəzetdə digər janrlı məqalələrdən başqa ədəbi-bədii məqalə və əsərlər də çap edilmişdir. Bu əsərlərin çoxunda qəhrəməan və zəhmətkeş Azərbaycan övladları öyülür, onların qəhrəmanlığı, əmək və zəhməti təqdir edilirdi. “Şərq qapısı” qəzetinin 22 mart 1942-ci il tarixli nömrəsində 3-cü səhifədə Ə.Hacı imzalı müəllifin (İmza sahibinin Hacı Əsgərov olduğu Əziz Şərifin ədəbi-tənqidi yazısından da məlum olur – R.Q.) naxçıvanlı qəhrəman minaatan Cəboş Şıxəliyevə həsr olunan “Alqış vətənimin sadiq oğluna!” başlıqlı şeiri çap olunub. Şeirdə Azərbaycan övladının qəhrmanlığı və şücaətini öyən yüksək bədii pafos var. Ümumiyyətlə, qəzetin bir sıra nömrələrində Naxçıvandan olan bu qəhrəman Azərbaycan övladının rəşadəti haqqında çoxsaylı məqalələr dərc edilmişdir. Müharibə mövzusunda Azərbaycan döyüşçüsünün qəhrəmanlıqlarına həsr olunan esse janrında dərc olunmuş maraqlı məqalələrdən biri də “Şərq qapısı” qəzetinin 24 mart 1942-ci il tarixli nömrəsində dərc olunan məqalədir. Məqalə müharibənin azman döyüşçülərindən olan Cəlilov familiyalı Azərbaycan övladı haqqındadır. Məqalənin müəllifi rus müəllifi A.Rutmandır. A.Rutman “Cəlilov kimi vuruşun” adlı məqaləsində hamını bu qəhrəman Azərbaycan övladının rəşadətindən örnək götürməyə səsləmiş və onun nadir qəhrəmanlığından bəhs açmışdır. Qəzetin birinci səhifəsində dərc olunan məqalə Azərbaycan övladlarının qəhrəmanlıq və döyüş qabiliyyətlərinin Sovet İttifaqında necə təqdir edildiyini bir daha nümayiş etdirir və tarixi yaddaşa çevirir.

Qəzet özünün nömrələrində müharibə mövzusunu daim diqqətdə saxlayaraq bədii əsərlərə də ardıcıl olaraq yer verir və oxucuların qəlbini qəhrəmanlıq və vətənpərvərlik duyğuları ilə doldurur. Hətta qəzetin bu sahədəki nailiyyətlərindən biri də onunla müşaiyət olunurdu ki, dərc olunan əsərlərin bəziləri, hətta bir çoxu yerli müəlliflərin məhz ilk mətbu əsərləri olaraq diqqəti cəlb edir və ədəbi müəllifin tərcümeyi-halı, yaradıclıq yolu üçün xüsusi əhəmiyyət kəsb edirdi. Qəzetin 3 aprel 1942-ci il tarixli nömrəsində çap edilən “Azərbaycan fəxr edir” adlı şeir də məhz belə əsərlərdən biri idi. “Şərq qapısı” qəzetində dərc olunan qəhrəmanlığı tərənnüm ruhlu bu əsər Naxçıvanın gənc yazarlarından olan Həsən Fətullayevin ilk mətbu əsəri idi. Əsər qəhrəman Azərbaycan döyüşçüsü naxçıvanlı Bəxtiyar Kərimova həsr edilib. Şeirdə qəhrəman döyüşçü Bəxtiyar Kərimovun rəşadətli döyüşləri, qəhrəmanlıq və şücaəti tərənnüm olunub. Qəzetin həmçinin 13 iyun 1942-ci il sayında “Arzum” adlı bir şeir çap olunub ki, şeir qələbə və zəfər ümidlərilə yazılmışdır. Şeirdə mübariz bir döyüşçü, qəhrəman bir vətəndaşın qələbə arzuları özünə yer tapmış, tərənnüm edilmişdir:

Qoy sənin uğrunda, ey əziz vətən,

Nə qədər olsa da,   əzab çəkimm mən!

Şeirin altından imza olaraq “Qızıl əsgər Ə.Əylisli” yazılmışdır. Görünür ki, bu imza sahibi o vaxtlar Naxçıvan ədəbi mühitinin ən gənc yazarlarından olan ordubadlı şair Ənvər Əylislidir. Onun haqqında müasiri, ədəbi mühitlə bağlı qiymətli elmi əsərin müəllifi, şair Müzəffər Nəsirli yazdığı kimi: “Böyük Vətən müharibəsinə kimi müntəzəm olaraq çap olunan şairlərdən biri Ənvər Əylisli idi. ...Ənvər Əylisli irihəcmli “Komsomol Qulam” adlı poema da yazmış, poemadan bir parça, 18 may 1934-cü ildə “Şərq qapısı” qəzetində Azərbaycan yazıçılarının 1-ci qurultayına həsr olunmuş səhifədə çap olunmuşdu”.

Beləliklə, “Şərq qapısı” qəzeti müharibə illərində müharibə mövzulu əsərləri çap etdirməklə ictimai rəyə təsir etmiş, həm də əsərlərin çapına göstərdiyi dəstəklə ədəbi mühitin pərvazlanması və inkişafına da öz köməyini göstərmişdir. “Şərq qapısı” qəzetinin ədəbi-bədii əsərlər çap etdirməsi həm bəzi peşəkar, həm də bəzi həvəskar yazarların yaradıcılıq fəaliyyəti nümayiş etdirməsinə dəstək vermiş və ədəbi mühitə bir parlaqlıq gətirmişdi. Bu mənada qəzetin səhifələrində bədii yazıları çap edilən müəlliflər arasında adları sonralar məşhurlaşan bir sıra peşəkar yazıçılarla bərabər ardıcıl ədəbi fəaliyyət göstərməyən bəzi həvəskar yazarların da əsərlərinin çapına rast gəlirik. Bu mənada ən çətin şəraitdə belə ədəbi mühitdə yaradıcılıq əhval-ruhiyyəsi yüksək tutulur, zamanla səsləşən əsərlərin çapına xüsusi qayğı göstərilir, yazıçıların da fəaliyyətinə stimul verilirdi. Naxçıvan ədəbi mühitinin gənc istedadlarından olan şair Hüseyn Razinin də “Şəlalə” adlı əsərindən bir parça “Şərq qapısı” qəzetinin 16 iyun 1942-ci il tarixli nömrəsində dərc edilmişdi. İlham adlı azərbaycanlı döyüşçünün xəyal aləmi və düşüncələri şeirin əsas hadisəsi, başlıca ruhu, məzmununu təşkil edir. Faşizm zülmünə qarşı nifrət, qəzəb yağdıran şair əsərdə qələbəyə inam hislərini ümumiləşdirmiş və zəfər ümidlərini ifadə etmişdir. Xalqın iradəsi, birliyi və gücü şeirin başlıca pafosuna çevrilmişdir:

Bu el baş əyməmiş, əyməyəcəkdir,

Xalqımız, elimiz yüksələcəkdir.

Ey Hitler! Yaranan qan dənizləri

Boğacaq əlilə siz həqsizləri!

Naxçıvan bölgəsinin salnaməsi olan “Şərq qapısı”  qəzetinin bundan sonrakı nömrələrində də Naxçıvanın istedadlı yazıçı və şairlərindən olan müəlliflərin qiymətli əsərləri çap edilmişdir. Hətta qəzetin 23 iyun 1942-ci il tarixli nömrəsində “Bipərva” imzalı müəllifin satirik bir şeiri də dərc edilmişdi. “Aman, dadıma gəl” adlanan bu satirada Hitler almaniyası və faşizmin iç üzü ifşa və tənqid edilmiş, gülüş, tənqid obyektinə çevrilmişdir.

“Şərq qapısı” qəzeti müharibədən sonrakı dönəmlərdə də bölgənin istedadlı yazarlarının əsərlərinin çapına yer vermiş, onların inkişafına öz köməyini əsirgəməmişdir. Qəzet bəzən müəyyən bir rubrika altında bir neçə müəllif və əsərlər də təqdim etmiş, ədəbi prosesin inkişafına dəstək nümayiş etdirmişdir. “Şərq qapısı” qəzetinin 4 iyul 1945-ci il tarixli  nömrəsində “Gəncliyin səsi” rubrukası təqdim edən qəzet dövrün gənc yazarlarından olan İslam Səfərlinin, Siddiqə Abbasovanın, Əhməd Mahmudlunun əsərləri dərc edilib. İ.Səfərlinin “Təbiətdən bir mənzərə”, Siddiqə Abbasovanın “Stalin”, Ə.Mahmudlunun “Zəfər bayrağı” başlıqlı şeirləri nəşr edilmiş, oxucuların diqqətinə çatdırılmışdır.  8 iyul 1945-ci il tarixli nömrəsində mətbuat orqanı N.Nuriyyə imzalı müəllifin “Ana, oğlun Berlindədir” şeirini, 17 iyul 1945-ci il tarixli nömrəsində isə artıq öz imzası ilə tanınmış yazıçı və qəzetin məsul redaktorlarından olmuş Məmmədəli Tarverdiyevin “Zaman” adlı dram əsərini pərdələr şəklində çap etdirmişdir. Əsər bu nömrədən etibarən qəzetin 20 iyul və 22 iyul tarixli nömrələrində də çap olunaraq tamamlanır və oxucuların tam şəkildə ixtiyarına verilir. 5 pərdə 10 şəkildən ibarət dram əsərində saf eşq hekayəsi işığında Zamanla Hicranın təmiz məhəbbətləri  fonunda ictimai problem və nöqsanlar göstərilərək tənqid edilmişdir. M.Tarverdiyevin “Berlin-Naxçıvan” adlı esse-hekayəsi isə qəzetin 29 sentyabr 1945-ci il tarixli nömrəsində dərc edilərək oxucuların ünvanına çatdırılmışdı.

Qəzetin səhifələrində şair İslam Səfərlinin əsərlərinin dərcinə daha çox rast gəlirik. Onun “Olaydım” adlı şeiri həmçinin “Şərq qapısı” qəzetinin 23 sentyabr 1945-ci il tarixli nömrəsində çap olunmuşdur. Qəzetin 26 sentyabr 1945-ci il tarixli nömrəsində isə sözləri Azərbaycan Respublikasının Xalq şairi olan Səməd Vurğun və Süleyman Rüstəmin olan Azərbaycan Respublikasının Dövlət Himni çap edilmişdir.

Beləliklə qəzet mütəmadi olaraq mövzusundan asılı olmayaraq həm Naxçıvanın bölgə yazarlarının, həm də ümumən Azərbaycan və rus müəlliflərinin əsərlərindən qəzetin səhifələrində çap edərək oxucuların zövqünü oxşamağa çalışmış, mənəvi toxtaqlığı qorumağa səy göstərmişdir.

Beləliklə, yüz illik bir tarixi inkişaf yolu keçən Naxçıvanın üzü və izi olan “Şərq qapısı” qəzeti öz fəaliyyəti dönəmində bölgənin hər bir inkişaf sahəsi ilə bərabər onun ədəbi və mədəni mühiti ilə də bağlı əvəzsiz xidmətlərini ortaya qoymuşdur. Bu mətbuat orqanı bölgənin gənc şair və yazıçılarının çoxunun ilk sınaq meydanı olmaqla bərabər onların inkişafı və püxtələşməsinə də ən münbit şərait yaratmışdır. Bu qəzetin fəaliyyəti Naxçıvanın ədəbi mühitinin intişarı və inkişafı ilə də qovuşuq şəkildə yüz illik bir yol gəlmiş, ədəbiyyat aləminə neçə-neçə peşəkar və həvəskar qələm əhli çıxarmışdır.

RAMİZ QASIMOV

filologiya elmləri doktoru, dosent

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

Naxçıvan Müəllimlər İnstitutunun dosenti