Xələflər və Sələflər - İkinci Cahan Savaşından İkinci Qarabağ Savaşına...
9 May - “Faşizm Üzərində Qələbə”nin 81-cı ildönümü münasibətilə “77-ci Azərbaycan diviziyası”nın əsgər və zabitlərinin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman Şəhidlərimizin əziz xatirəsinə ithaf edirəm.
Proloq: Cəmşid Naxçıvanski Muzeyində 1974-cü ildə fotokameranın yaddaşına köçürülmüş unikal foto materiallar mühafizə olunur... Əslində, bu dəyərli eksponatlar II Qarabağ Savaşını qazanan oğulların gen yaddaşıdır...Cəmşid Naxçıvanskinin 1921-ci ildə yaratdığı, 1940-cı il komplektləşdirməsindən sonra “77-ci Diviziya” adlandırılan Azərbaycan atıcı diviziyası İkinci Dünya müharibəsi başlayanda sovetlət ittifaqında döyüş hazırlığı yüksək olan diviziyalardan biri idi. 1941-ci ilin dekabrından döyüşlərə qatılan Azərbaycan diviziyası Xəzər dənizi sahillərindən Baltik dənizi sahillərinədək şərəfli bir döyüş yolu keçmişdir.
Bildiyimiz kimi Qafqaz bölgəsi və Qara dəniz regionu Böyük Vətən müharibəsi illərində son dərəcə strateji əhəmiyyətə malik idi. Bu ərazilərin işğalını A.Hitler Alman-koalisiya qüvvələrinin ən peşəkar birliyi sayılan “A” qrupu Ordusuna həvalə etmişdi. SSRİ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi G.K.Jukov bu coğrafiyada aparılan hərbi əməliyyatların mərkəzində 77-ci Azərbaycan diviziyasının dayanmasına qərar verdi. Görünür, Sovet İttifaqı Marşalı Azərbaycan diviziyasının siyasi-ideoloji və hərbi-taktiki hazırlığını düzgün qiymətləndirməyi bacarmışdı. Bu, Azərbaycan milli diviziyasına göstərilən yüksək etimad idisə, digər tərəfdən ərazinin strateji əhəmiyyəti, təbii bioresurslar ehtiyatı, hər iki tərəfin - həm Hitler Almaniyası, həm də bolşevik Rusiyasının bu coğrafiyada prinsipiallıq göstərməsi döyüşlərin son dərəcə ağır keçəcəyini əvvəlcədən bəlli edirdi. Necə deyərlər, ölüm-dirim savaşı çıxacaqdı.
1939-1943-cü illərdə faşist Almaniyasının “Barbarossa” adlandırdığı “ildırım sürətli hücum”larla zəbt etdiyi ərazilər içərisində Ukrayna torpaqları da var idi. Qara dəniz hövzəsinin əhəmiyyətli hissəsi olan Krım yarımadasını işğal edən Vermaxt qüvvələri Sovetlər üzərində xeyli üstünlük qazanmışdı. Lakin, dünyada baş verən siyasi-iqtisadi proseslər, ölkədə əzmlə davam etdirilən xalq dirəniş hərəkatları 1943-cü ilin payızından almanların əlehyinə işləməyə başladı.
1943-cü ildən 1944-cü ilə keçən qışı 77-ci Azərbaycan diviziyasının da daxil olduğu SSRİ Silahlı Qüvvələrinin 51-ci Ordusu Krıma istiqamətləndirildi. Cəmşid Naxçıvanskinin yetirmələri onun yolunu şərəflə davam etdirirdilər. 1941-ci ilin payızından Şimali Qafqazdan döyüş əməliyyatlarına başlayaraq minlərlə şəhid verən Azərbaycan diviziyası ərzaq, geyim və digər hərbi təchizatlardan korluq çəksə də müharibə zamanı əsas amil sayılan fiziki və psixoloji hazırlığı yerində idi. Yəni, diviziyanın döyüş ruhu sarsılmamışdı. Qəhrəman azərbaycanlılar yaxşı başa düşürdülər ki, faşizm və onun iyrənc ideologiyası insanlığa qarşı böyük bir təhlükədir. Əliağa Şıxlinskinin, Səməd bəy Mehmandarovun döyüş ənənələrini yaşadan, Cəmşid Naxçıvanski taktikasını məharətlə tətbiq edən cəsur həmvətənlərimiz 1944-cü ilin yazında Krımın azadlığı uğrunda hərbi təchizat baxımından özlərindən qat-qat üstün olan düşmənə qarşı ölüm-dirim savaşına girdilər. Milli diviziyamız əcdadlarının şanına layiq döyüşərək mərdlik və igidlik göstərdilır.
Aprelin 13-də 51-ci Ordunun digər dəstəkverici qüvvələri ilə birgə 77-ci Diviziya xeyli sayda silah-sursatla bərabər 1000 nəfər alman döyüşçüsünü də əsir götürərək yarımadanın paytaxtı Simferapol şəhərini düşməndən azad etdi. Mühasirədə qalmış onminlərlə insanın həyatı xilas edildi. Simferapola “Qəhrəman şəhər”, şəhəri azad edən 77-ci Azərbaycan diviziyasına “Simferapol diviziyası” fəxri adları verildi. Bu tarixi qələbədən vəcdə gələn Sovet rəhbərliyi xüsusi “Simferapol” medalı təsis edərək döyüşlərdə fərqlənən əsgər və zabitlərə təqdim etmişdir.
Simferapol məğlubiyyətindən daha da aqressivləşən düşmən, birləşik qüvvələrini Sevastopol rayonuna cəmləşdirdi. Paytaxt Simferapolun mənəvi-psixoloji əhəmiyyəti var idisə, port şəhər olan Sevastopolun strateji əhəmiyyəti çox yüksək idi. Əlavə olaraq almanların nəzarətində olan Sevastopol limanında Sovet donanmasına məxsus onlarla hərbi gəmi və sualtı qayıqlar təmir və təyinat üçün gözləyirdilər. Belə bir qəniməti əldə saxlamaq istəyən Adolf koalisiyasına ən seçkin generallar rəhbərlik edirdilər. Lakin, Simferapol məğlubiyyətindən sonra Krımın müdafiəsini həyata keçirən Alman Silahlı Qüvvələrinin 17-ci Ordusunun komandanı general Yenekkeyə inamını itirən A.Hitler onu, 03.05.1944-cü il tarixli əmri ilə general Almendinqerlə əvəzlədi.
1944-cü il may ayının 1-də 77-ci Azərbaycan diviziyası Sevastopolun açarı sayılan “Sapun qora” (Tatarca sabunlu dağ deməkdir. Adını orda bitən sürüşkən otlardan götürmüşdür) əməliyyatına başladı. Tarixdə tayı görülməmiş qanlı bir döyüş baş verdi. Şəxsən A.Hitlerdən motivasiya teleqramı alan general Almendinqer bu döyüşə çox yaxşı hazırlaşmışdı. Amma, Qafqazdan döyüşə-döyüşə bura qədər gələn, Kerç-Feodosya, Taman, Novorossiysk, Mozdok, Mineralni vodu, Odessa, Simferapol şəhərlərini, onlarla qəsəbə və kəndləri, neçə-neçə dəmir yolu stansiyalarını, rabitə qovşaqlarını və digər qeyri yaşayış məntəqələrini azad edən 77-ci Azərbaycan diviziyasının gücünü 17-ci Ordunun komandanı bilməmiş deyildi. Onların silahı və gücü çox sadə idi - şərəf və ləyaqət. Darda olan insanları öz həyatlatı bahasına xilas edən, şərəfli ölümü şərəfsiz yaşamdan üstün tutan qorxubilməz, cəsur azərbaycanlılar. 10 gün gecə-gündüz davam edən amansız savaşı, diviziyanın döyüşçüsü Əbülfəz Qurbanovun may ayının 10-da Sapun dağının zirvəsinə qaldırdığı qələbə bayrağı tamamladı. İki güllə və üç qəlpə yarası almış Ə.Qurbanov bayrağı sancdıqdan bir-neçə dəqiqə sonra qanaxmadan huşunu itirmişdi. Sovet tarix kitablarında adı keçən, Böyük Vətən müharibəsində ən qürurverici döyüş kimi xarakterizə edilən “Sapun qələbəsi”ni 77-ci Azərbaycan diviziyası minlərlə şəhid verərək qazandı. Mayın 10-da təbrik məktubu göndərən rəsmi Moskva Diviziyanı “Suvorov” ordeninin II dərəcəsi, diviziya komandiri Aleksey Rodionovu “Sovet İttifaqı Qəhrəmanı” fəxri adı ilə təltif etdi. Sapun qələbəsinin sorağı dünyaya yayıldı. Düşmən şoka düşmüşdü. Almanlar və müttəfiqləri Sevastopol məğlubiyyətindən sonra sarsıldılar. Və bu, onların sonrakı məğlubiyyətlərinə də ciddi təsir göstərdi. Bu həlledici döyüşdə komandirlə birlikdə diviziyanın döyüşçülərindən İsmayıl İbrahimov, Tahir Cumaylov, Baladadaş Məmmədov, Kazım İsmayılov, Pavel Yelizov, Bədəl Əhmədov, Zinaida Şofeyeva, Əbdürəhman Abdullayev, Aleksey Toropkin, Məmməd Nəbiyev, Əliağa Əliyev, Mariya Zakutayeva, Şahsuvar Quliyev, Musa Abbasov, Qəzənfər Zeynalov, Sədi İbrahimov, Vasili Kazlov, Bağırov, Qladkov, Həsənzadə, Treyz, Qasımov, Şapkin, Nəcəfov, Əfəndiyev və neçə-neçə həmvətənimiz qeyri-adi şücaət və qəhrəmanlıq göstərmişlər.
Yeni tədqiqatlara əsasən Sapun dağında Azərbaycan diviziyasının 11 min əsgər və zabiti qəhrəmancasına həlak olmuşdur. İtkinin çoxluğuna strateji yüksəkliklərin qarşı tərəfdə olması, dağa dırmanmağa cəhd edən əsgərlərin sürüşərək atəş altına düşmələri, havadan və dənizdən almanlara verilən güclü dəstək və heç ara vermədən günlərlə davam edən döyüşlərdə aclıq və yuxusuzluq səbəb ola bilərdi. Bütün bunlara baxmayaraq Cavad xanın nəvələri, Vətəndən uzaqda olsalar da axıtdıqları qızıl qanları ilə özlərinin, təmsil etdikləri xalqın və Krım-Tatar türklərinin şərəfini qorudular.
Bu məqamda qeyd etmək yerinə düşər ki, Ukrayna döyüşlərində əlverişsiz landşaf səbəbindən milli diviziyalarımızdan ayrı düşmüş azərbaycanlılar Krımın dağlıq meşəliklərinə səpələnmiş yüzlərlə digər xalqların nümayəndələrini də səfərbər edərək əzəmətli partizan hərəkatları yaratmışlar. Bu qəhrəman eloğlularımızdan ikisinin adını xüsusilə vurğulamaq lazımdır: 1.Bəbir Nəcəfov- “Yalta hərəkatı” adı ilə tarixə düşmüş müsəlləf bir antifaşist müqavimət hərəkatı yaradaraq ona rəhbərlik etmişdir. Müharibədən sonra Bəbir Nəcəfova “Yaltanın fəxri vətəndaşı” adı verilmiş, Yalta şəhərində əzəmətli büstü qoyulmuşdur. 2.Məmməd Kərimov- “8-ci Partizan hərəkatı”nı yaratmış, 8-ci Partizan düşərgəsinin komandiri olmuşdur. İgidliyi ilə ad çıxarmışdır. Krım aşığları ona “Mehmet çavuş” deyərək namına qoşmalar, şərqilər söyləyirdilər. Ümumilikdə, Ukrayna torpaqlarında 5 min nəfərə yaxın azərbaycanlı partizan dəstələrində fəal iştirak etmişdir. Müharibədən sonra 90-dan artıq ukraynalı qızlar bir düşərgədə xidmət etdikləri azərbaycanlı oğlanlara könül verərək Azərbaycana gəlmişlər. Qonaqpərvər xalqımız onları gül-çiçəklə qarşılamış, öz balası kimi bağrına basaraq xeyir-dua vermişdir.
Bütövlükdə Krımın azad edilməsinə görə Azərbaycan diviziyasının 3141 nəfər əsgər və zabiti müxtəlif orden və medallarla təltif olunmuşdur. Böyük Vətən müharibəsində 77-ci Azərbaycan diviziyasının “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülmüş 7 nəfərindən 3-ü - Aleksey Rodionov, Əbdürəhman Abdullayev, Aleksey Toropkin məhz, Krımın azad edilməsində fərqləndiklərinə görə bu fəxri adı qazanmışlar.
Qısaca olaraq əlavə edək ki, Krım yarımadası azad edildikdən sonra 77-ci Azərbaycan diviziyası 1944-cü ildən Rusiyada və Baltikyanı ölkələrdə davam edən döyüşlərə qatılmış, Polşanın və Çexoslovakiyanın azad olunmasında fəal iştirak etmişdir. Döyüş əməliyyatlarına Qafqazdan başlayan Milli diviziya 11 min kilometrdən çox məsafəni qət edərək müharibəni Kurlandiyada bitirdi. 1945-ci il mayın 8-də Dizintari rayonunda Vermaxt qüvvələri silahlarını ataraq 77-ci Diviziyanın döyüş bölmələrinə təslim oldular.
Böyük Vətən müharibəsində 77-ci Azərbaycan diviziyasının 11237 nəfər əsgər və zabiti müxtəlif orden və medallara layiq görülmüşdür. Diviziyanın döyüş yollarında Akim Abbasov, Mahmud Əbilov, Tərlan Əliyarbəyov, Məmmədbağır Bağırov, Heybət Heybətov, Hüseyn Məmmədov, Hacıbaba Zeynalov kimi generallar yetişmiş və onların hər biri peşəkar sərkərdəlik məharəti göstərmişlər.
1969-cu ildə Azərbaycanda siyasi rəhbərliyə gələn dahi şəxsiyyət Heydər Əliyev, Sapun dağında qəhrəmancasına həlak olmuş 77-ci Azərbaycan diviziyasının əsgərlərinin xatirəsinin əbədiləşdirilməsi zərurətini Ukrayna tərəfinə bildirir. Qarşılıqlı istək və səmimiyyət görən Ulu öndər, məsələ ilə bağlı bütün təşkilatçılığı öz üzərinə götürür. Hər iki respublika adından SSRİ Nazirlər Sovetinə rəsmi məktub ünvanlanır. Nəzərdə tutulan memorial kompleksin parçaları Heydər Əlirza oğlunun rəhbərliyi ilə Bakı və Kiyev şəhərlərində hazırlanaraq Sevastopolda quraşdırılır. Əsrarəngiz gözəlliyi ilə seçilən, dünya mədəniyyətinin nəfis nümunələrindən olan abidənin müəllifi Sovet heykəltaraşlığının canlı əfsanəsi prof. Ömər Eldarovdur. Memorial kompleks tuncdan tökülmüşdür.
1974-cü ildə abidənin rəsmi açılışına gedən Ulu öndər Heydər Əliyev Azərbaycandan rəsmi dövlət nümayəndələri ilə bərabər - əziz bir yerə gedirmiş kimi - Sevastopola - Sapun dağına öz ailəsini də gətirir. Rəsmi açılış tədbirində çıxış edən Dahi rəhbər “Sapun zəfəri”nin əhəmiyyətindən, Ukrayna-Azərbaycan dostluğudan, bu möhtəşəm abidənin iki xalq arasında körpü olacağından danışır. Abidənin örtüyü açılır, xatirə şəkilləri çəkdirilir...
Epiloq: Cəmşid Naxçıvanski Muzeyində mühafizə olunan, həmin o tarixi gündə fotoqraf A.V.Bajanov tərəfindən çəkilən foto-materiallara baxdıqca adamı qürur və həyacan bürüyür. Düşünürsən ki, rəsmi dövlət nümayəndələri ilə birlikdə yeniyetmə oğlunu da Sapun dağına aparıb dədələrinin qanı tökülmüş torpağı iylətmək Ulu öndərin nəyinə gərək idi? Bu onun özünün də qarşı qoya bilmədiyi, bütün varlığına hakim kəsilmiş Vətən təəssübkeşliyi idimi, yoxsa, gələcəkdə müstəqil Azərbaycanın prezidenti – Qalib, Müzəffər Ali Baş Komandanı olacaq bu gəncəcik oğlanın taleyində tarixi bir zərurət?...
Abasət NURİYEV-
Cəmşid Naxçıvanski Muzeyinin direktoru










