Ana dili mədəni irsimizin ən dəyərli xəzinəsidir
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü
Hər bir xalqın milli varlığını yaşadan, onun tarixini, mədəniyyətini, düşüncə tərzini və mənəvi dəyərlərini gələcək nəsillərə daşıyan ən böyük sərvəti ana dilidir. Azərbaycan dili də əsrlərin sınağından keçərək xalqımızın milli kimliyinin, dövlətçiliyinin və mənəvi birliyinin əsas dayaqlarından birinə çevrilmişdir. Məhz buna görə də hər il 1 avqust tarixinin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması təkcə bir bayram deyil, həm də milli-mənəvi dəyərlərimizə ehtiramın ifadəsidir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanı ilə təsis edilmişdir. Həmin Fərman latın qrafikalı Azərbaycan əlifbasına keçidin tam başa çatdırılmasını təmin etməklə yanaşı, dövlət dilinin inkişafı, qorunması və tətbiqi istiqamətində yeni mərhələnin əsasını qoymuşdur.
Azərbaycan dili dünyanın ən zəngin və inkişaf etmiş dillərindən biridir. Oğuz qrupu türk dilləri ailəsinə mənsub olan dilimiz zəngin lüğət tərkibi, mükəmməl qrammatik sistemi, yüksək ifadə imkanları və ahəngdar fonetik quruluşu ilə seçilir. Min illər ərzində formalaşan ədəbi dilimiz Nizami Gəncəvinin hikmətində, İmadəddin Nəsiminin fəlsəfəsində, Məhəmməd Füzulinin lirikasında, Molla Pənah Vaqifin poeziyasında, Mirzə Cəlilin satirasında, Hüseyn Cavidin romantizmində, Bəxtiyar Vahabzadənin milli düşüncəsində özünün ən yüksək bədii zirvəsinə çatmışdır. Bu böyük sənətkarların əsərləri Azərbaycan dilinin ifadə gücünü, estetik imkanlarını və poetik gözəlliyini bütün dünyaya nümayiş etdirmişdir.
Müstəqillik illərində Azərbaycan dilinin hüquqi statusunun möhkəmləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biri olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dili kimi təsbit edilən Azərbaycan dili bu gün dövlət idarəçiliyinin, təhsilin, elmin, mədəniyyətin və informasiya məkanının əsas ünsiyyət vasitəsidir. Dövlət dilinin inkişafı istiqamətində qəbul edilən qanunlar, dövlət proqramları və strateji sənədlər dilimizin qorunmasına və zənginləşdirilməsinə mühüm töhfələr vermişdir. Qloballaşma dövründə ana dilinin qorunması daha böyük məsuliyyət tələb edir. Xarici dillərin təsiri, sosial şəbəkələrdə qeyri-normativ yazı nümunələrinin yayılması, yad sözlərin həddindən artıq işlədilməsi Azərbaycan dilinin saflığının qorunmasını aktual məsələyə çevirir. Bu baxımdan hər bir vətəndaşın, xüsusilə müəllimlərin, alimlərin, jurnalistlərin və gənclərin üzərinə mühüm vəzifə düşür. Azərbaycan dilinin normalarına riayət etmək, düzgün yazmaq və danışmaq milli məsuliyyətin göstəricisidir.
Müasir dövrdə Azərbaycan dilinin rəqəmsal mühitdə inkişafı da xüsusi əhəmiyyət daşıyır. Süni intellekt, elektron lüğətlər, milli dil korpusları, rəqəmsal terminologiya bazaları və elektron təhsil resurslarının hazırlanması dilimizin gələcək inkişafını təmin edən əsas istiqamətlərdəndir. Dil yalnız keçmişimizin mirası deyil, həm də gələcəyimizin strateji resursudur.
Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününü qeyd edərkən bir həqiqəti unutmamalıyıq: ana dilini qorumaq yalnız dövlətin deyil, hər birimizin mənəvi borcudur. Çünki dil milli yaddaşdır, tarixdir, kimlikdir, Vətəndir. Ana dilinə sevgi Vətənə sevgidən başlanır, onun düzgün istifadəsi isə milli mədəniyyətə sədaqətin ən parlaq ifadəsidir. Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü hər birimizi düşündürməlidir. Biz dilimizi nə qədər qoruyuruq? Onun zənginliyini gələcək nəsillərə olduğu kimi ötürə biləcəyikmi? Bu sualların cavabı hər birimizin gündəlik fəaliyyətində gizlidir. Ana dilinə sevgi yalnız şüarlarla deyil, düzgün danışmaq, düzgün yazmaq, milli söz sərvətimizi qorumaq və inkişaf etdirməklə sübut olunur.
Qoy Azərbaycan dili hər zaman dövlətimizin qüdrətini, xalqımızın mənəvi zənginliyini və milli birliyini yaşadan müqəddəs dəyər kimi inkişaf etsin, yeni nəsillərə saf və zəngin şəkildə ötürülsün. Ana dilimizi yaşatmaq gələcəyimizi yaşatmaq deməkdir.
Zülfiyyə İSMAYIL
Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi








