Ana dili – mənim, sənin, onun dili

Ana dili – mənim, sənin, onun dili

01 Avqust 2026

Xalqı xalq edən dəyərlər çoxdur. Torpaq, tarix, bayraq, dövlətçilik ənənələri, milli-mənəvi irs... Ancaq bunların hamısını bir-birinə bağlayan, yaşadan və gələcək nəsillərə çatdıran ən böyük sərvət ana dilidir. Millətin əbədi yaddaşı olan dil xalqın keçdiyi yolu, yaşadığı ağrıları, qazandığı zəfərləri, yaratdığı mədəniyyəti, düşüncə tərzini və dünyaya baxışını yaşadan əsas amildir.

Azərbaycan dili əsrlər boyu xalqımızın mənəvi dayağı olub. Bütün çətin sınaqlardan keçərək bu gün müstəqil Azərbaycanın dövlət dili kimi inkişaf edir, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızı bir amal ətrafında birləşdirir. Hər bir azərbaycanlı üçün Ana dili Vətənlə qırılmaz bağdır və məhz bu birliyin təzahürüdür ki, hər il 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ölkəmizdə xüsusi ehtiramla qeyd olunur.

Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə təsis edilib. Məhz həmin gündən etibarən latın qrafikalı Azərbaycan əlifbasına tam keçidin başa çatması rəsmiləşdi və bu qərar dövlətin ana dilinə verdiyi ali dəyərin bariz nümunəsinə çevrildi. Ümummilli Lider ana dilini milli kimliyimizin təməli hesab edirdi. Onun "Dil hər bir millətin milliliyinin əsasıdır" fikri bu gün də dil siyasətimizin ana xəttini müəyyənləşdirir. Ulu Öndər yaxşı bilirdi ki, dilini qoruyan xalq öz tarixini də, milli ruhunu da yaşadır. O, digər dilləri öyrənməyi inkişafın vacib şərti saymaqla yanaşı, ana dilinə sədaqətli olmağın hər bir soydaşımızın mənəvi borcu olduğunu vurğulayırdı.

Müasir dövrdə Prezident İlham Əliyev də ana dilimizin qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi diqqətdə saxlayır. Dövlət başçısı dəfələrlə bildirib ki, Azərbaycan dili bizim əvəzolunmaz milli sərvətimizdir. Azərbaycan Milli Elmlər Akademiyasında səsləndirdiyi "Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır" çağırışı bu məsələyə verilən dövlət önəminin aydın ifadəsidir.

Prezident İlham Əliyev çıxışlarında xüsusi olaraq qeyd edir:

"Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi bir xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik. Azərbaycan dilinin saflığını qoruya bilmişik".

Şuşada keçirilən Qlobal Media Forumlarında dövlət başçısı informasiya məkanında milli maraqların qorunmasının vacibliyindən danışarkən bildirib ki, həqiqəti dünyaya çatdırmaq üçün ilk növbədə milli köklərimizə söykənməliyik. Bu dəyərlərin başında isə məhz ana dili dayanır. Çünki xalqın səsi də, sözü də ilk olaraq öz doğma dilində ucalır.

Türk Dövlətləri Təşkilatının zirvə görüşlərində də ortaq tarix, mədəniyyət və mənəvi irsin türk dünyasını birləşdirən əsas amillərdən olduğu qeyd edilir. Bu birliyin ən güclü dayaqlarından biri hər bir türk xalqının ana dilinə göstərdiyi həssas münasibətdir. Ana dilini sevən xalq başqa dillərə də hörmətlə yanaşır, lakin heç vaxt öz dilinin ucalığına kölgə salmağa imkan vermir.

Bu gün qloballaşma həyatımızın ayrılmaz hissəsidir. Xarici dilləri bilmək elm, təhsil və beynəlxalq əlaqələr üçün böyük üstünlükdür. Lakin bu üstünlük ana dilimizi unudaraq və ya ona laqeyd yanaşaraq qazanılmamalıdır. Lüzumsuz yad ifadələrin işlədilməsi nitqi zənginləşdirmir, əksinə dilimizin ahəngini pozur. Halbuki Azərbaycan dili öz zənginliyi ilə seçilən misilsiz xəzinədir. Bu dil Nizami Gəncəvinin hikmətini, Füzulinin söz qüdrətini, Mirzə Fətəli Axundzadənin maarifçilik ideyalarını, Üzeyir Hacıbəylinin musiqisini, Bəxtiyar Vahabzadənin Vətən sevgisini yaşadıb bu günə gətirib. Bu zəngin irs göstərir ki, dilimiz ən incə duyğuları da, mürəkkəb elmi fikirləri də ifadə etmək gücünə malikdir.

Dilə qayğı yalnız rəsmi qurumların deyil, hər kəsin gündəlik həyatdakı məsuliyyətidir. Ailədə deyilən ilk söz, məktəb dərsliyi, müəllimin nitqi, jurnalistin yazısı, televiziya aparıcısının çıxışı və sosial şəbəkədə paylaşılan hər bir cümlə ana dilimizin sabahını formalaşdırır. Ana dilimizi sevmək sadəcə səlis danışmaqla yanaşı tariximizə hörmət, milli kimliyimizə sədaqət deməkdir.

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü hər birimizə xatırladır ki, dili qorumaq bütöv bir millətin yaddaşını və gələcəyini qorumaqdır. Dilimizi nə qədər təmiz və düzgün işlədərək yaşadarıqsa, dövlətimiz də bir o qədər güclü, milli ruhumuz sarsılmaz olar. Bu gün ana dilimizlə bağlı həyata keçirilən siyasət milli maraqlarımızı uca tutmaqla yanaşı, qlobal standartlardan da faydalanır. Qanunvericilik bazası, dövlət proqramları, təhsil sistemi, elmi tədqiqatlar və rəqəmsal yeniliklər ortaq bir hədəfə – ana dilimizi qorumağa, zənginləşdirməyə və gələcək nəsillərə ləyaqətlə ötürməyə xidmət edir.

Əfruz İBRAHİMQIZI

Jurnalist