Ana dilimizin ecazkar qüdrəti
Azərbaycan dilinin – ana dilinin kamil işləndiyi və mükəmməl təcəssüm tapdığı ən layiqli mənbələrdən biri Xalq şairi Məmməd Arazın yaradıcılıq irsidir. İnsanlara dil öyrədən Uca Allah sanki Xalq şairi Məmməd Arazın yaradıcılıq dili timsalında Azərbaycan dilində danışmışdır. Təsadüfi deyil ki, dilindəki cümlə sintaksisinin özünəməxsusluğu, yüksək ali mənalar ifadə etməsi, qeyri-adi poetik ustalıq, obrazlılığın ecazkar örnəkləri və bu kimi xüsusiyyətlər Xalq şairi Məmməd Araza ustad adını qazandırmışdır.
Bu görkəmli sənətkarın yaradıcılığı Azərbaycan ədəbiyyatında hikmətlər ustadı kimi tanınmış korifey sənətkar Nizami Gəncəvi və dahi romantik şair Hüseyn Caviddən sonra möhtəşəm bir yer tutmaqdadır. Çoxsaylı nümunələr göstərmək olar ki, Xalq şairi Məmməd Arazın misraları hikmətli sözlərdən – atalar sözləri və aforizmlərdən qətiyyən seçilmir. Bu misralar yaranandan hikmətli sözlər kimi bolluca yeri-yatağı gəlincə istifadə edilir. Ümumiyyətlə, ana dilinin imkanlarından bütün üslubi tələblər səviyyəsində məharətlə istifadə edən Xalq şairi Məmməd Arazın yaradıcılığı nitqin lakonikliyinə dair ən sanballı örnəklərdən birini təşkil edir. Nitqin təmizliyinə, xüsusilə alınma sözlərin istifadəsinə qarşı da onun yaradıcılığı və fərdi yaradıcılıq dili ən diqqətəşayan bir nümunə, mənbə təşkil etməkdədir. Ana dilinin daxili imkanlarından lazımınca istifadə etməklə mükəmməl nitq ortaya çıxarmanın da ən uğurlu nümunəsi kimi onun yaradıcılığı böyük bir örnəkdir. Nümunə gətirilən aşağıdakı bir qisim aforistik sözlər də məhz Məmməd Araz dilinin üslubi mükəmməlliyi və praktikliyinə ən uğurlu bir nümunə təşkil edir:
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim;
Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı;
Xəyanəti yuxuda da yaxalayın;
Özündən qaçmağa nə varmış?
Özünə qayıtmaq çətinmiş;
Dilənçi məhəbbət sərhədlər aşar;
Ağıllı azdıqca ağılsız artır;
Dəli deyib daşlayanda ağıllı,
Xəncər qapan ağlıçaşda nə günah;
Bir ağılın budağından sallanıb,
Neçə-neçə ağlıdayaz yaşayır;
Ana kədərini yaşmıdır ölçən?
Ana itirmişəm ana yaşında və s.
Məmməd Araz irsi insan qəlbi qədər zəngin, insan niyyəti qədər dərindir. Bu bir həqiqətdir ki, şeriyyət Məmməd Araz üçün vulkanik bir fikir, özünüifadə üsuludur. Fikrimizcə, Məmməd Araza “şeir qoşmaq” mənasında şair demək olmaz. Məmməd Arazın özü demiş, şair odur ki, söz axtarışına çıxsın, söz qovsun, cızma-qara eləsin… Amma Məmməd Araz elə bil sözü deyil, söz Məmməd Arazı tapır. Düşünə bilmirsən ki, Məmməd Araz söz axtarıb, söz yumalayıb. Onun bütün fikri, duyumu, nitqi özü şeriyyətdir. Şair Məmməd Araz Tanrıdan gələn ilk sözün saflığını daşıyan şeriyyət yaradıcısıdır. Yazıçı Aqil Abbasın dediyi kimi: “Tanrının öz bir zərrəsi kimi Yer üzünə göndərdiyi Məmməd Araz təkcə şair istedadı ilə deyil, bu vətənə, bu millətə, bu torpağa, insanlığa olan sevgi istedadı ilə sağlığında klassikə çevrildi”. Bu mənada, bizim fikrimizcə, Məmməd Arazın yaradıcılığında sözlər sanki böyük bir yükü daşıyan incə, zərif bir kərpic kimi dəqiq yerləşib. Şairin yaradıcılığında sözlərin dəqiq istifadəsinə o qədər əməl var ki, sanki Azərbaycan dilinin ən səlis nümunəsi yaradılıb. Mənalarına görə sözlərin dəqiq yerləşimi, fikrin ifadəsi üçün tutumlu ifadə və sözlərin tapılması böyük sənətkarlıq nailiyyəti kimi Məmməd Araz yaradıcılığının səciyyəsidir. Bəzən ən az istifadə edilən sözlərin belə istifadə edilməsi Məmməd Araz yaradıcılığının leksik zənginliyi kimi diqqəti cəlb edir. Şairin:
İmanımı, gümanımı
Vəkil tutdum, alınmadı.
Vicdanımı vəkil tutdum
Alınmadı.
“Karsız” dedim, alınmadı,
“Gorsuz” dedim, alınmadı.
Bir zağan yox, bir kahan yox,
Mağaran yox,
Kimsənən yox, simsarın yox,
Əqrəban yox!
Məzarın yox,
Sarayın yox,
Xaraban yox! ;
Noxtası quşquna bağlı yol gedən...;
Şimşək qanadına qoşulu anlar,
Yer bizi yamanlar, göy bizi danlar.
Görüm ayılmaya gec ayılanlar.
Dolular qırımlı, daşlar döyənək,
Sən kimə gərəksən, mən kimə gərək, və yaxud:
Haray durnam, qatarımı itirdim,
Havar çəkdim, havarımı itirdim.
Dalğasında avarımı itirdim
İndən belə o gözlərə baxmaram, yaxud:
Keçməzliyə keçid olan
Çəhlimlərin açarını, “Girəvə-marıqda yatar birisi” və sair kimi misralarında olan kimi elə sözlər işlənir ki, bu sözlər ana dilimizin söz, məna zənginliyi və forma gözəlliyini əks etdirən mükəmməl göstəricilərdir. Bu da Məmməd Araz şeriyyətinin səciyyəvi cəhətidir ki, şairin ifadə etmək istədiyi fikir-mətləbə görə sözlər elə seçilib yerləşdirilir ki, sözlər məna-məzmun ifadəsi baxımından tamam yüklənmişdir. Məmməd Araz şeriyyətində hər hansı bir təsadüfi söz yerləşiminə rast gəlmək mümkün deyil ki, fikir natamam, yaxud ideyanı, mətləbi caydıran olsun, söz təsadüfi, yerinə düşməyən olsun. Bu baxımdan Xalq şairi Məmməd Araz irsində sözlərin yüklənməsi dərin mətləb-məntiq yaradır. Buna görə də, bizim fikrimizcə, Məmməd Arazın şeirlərini birnəfəsə oxuyub keçmək olmur. Çünki fikri anlamaq, mətləbi başa düşmək üçün oxu yavaşıyır, təfəkkür məntiqin ardınca sürünür. Bu da səciyyəvi, bu cəhətdən dogma haldır ki, Məmməd Araz yaradıcılığında qafiyələnmə baxımından tam qafiyələnmə, sözlərin fonetik tərkibinə görə uyğunlaşması nəticəsində qafiyə yaradılması yox dərəcəsindədir. Onun yaradıcılığında qafiyələr daha çox və əsasən, məna-semantik cəhətdən yerləşən sözlərin səthi uyuşması ilə yaranır.
Onun yaradıcılıq dilinə tədqiqatçılar da xüsusi qiymət verirdilər. Yazıçı Sabir Rüstəmxanlı haqlı olaraq yazırdı ki: “Məmməd Araz üçün ana dili taleyin əlilə ölçülüb-biçilib. Ana dili onun şeirində diridir, qanadlıdır, qalxıb-qabarır, ümman kimi ləngər vurur. …Məmməd Araz sözü seçmə dən kimi ürəkdə yüz faizli çıxış, cücərti verən şeirdir”. Böyük Azərbaycan şairinin dilindəki bu hünəri müşahidə edən müəlliflər də qəti inamla yazırdılar ki: “Dədə Qorqud nəfəsli Azərbaycan dilinin bütün gözəlliyi və ecazkarlığı Məmməd Arazın şeirlərində qürurla səslənməkdədir”. Xalq yazıçısı Anar onun bədii dilini təhlil edərək yazırdı: “Məmməd Araz şeirində sanki fikirlər sözlərin boyuna biçilib. Nə vəznin boş xanələrini doldurmaq üçün artırılan lüzumsuz kəlmələr var burada, nə də darısqal dil köynəyində çırpınan düşüncələr”.
Dərin və möhtəşəm söz hünəri meydanında uzunəsrlik ədəbi ənənələr kontekstində - Nizamidən, Nəsimidən, Füzulidən, Vaqifdən, Sabirdən, Caviddən, Vurgundan və b.-dan gələn yaradıcılıq ənənələri yolunda Xalq şairi Məmməd Arazın da özünəməxsus yeri və rolu görünür. Hər nə qədər illər keçsə də, onun adı yaşayacaq, əsərləri zümzümə ediləcək. Çünki Xalq şairi Məmməd Arazın söz dünyasına vətən sığır: Vətən məhəbbəti, el qayğısı, humanizm onun şeirlərində dağ çayı kimi şəffaf və səslə-küylə axıb gedir.
Ramiz QASIMOV
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
Filologiya üzrə fəlsəfə doktoru, dosent








