Ara məsafəsinin pozulması ilə bağlı qanunvericilikdə hansı tələblər var?

Ara məsafəsinin pozulması ilə bağlı qanunvericilikdə hansı tələblər var?

29 Sentyabr 2026

Fərdi yaşayış evlərinin və digər tikililərin qonşu torpaq sahəsinə həddindən artıq yaxın inşa edilməsi vətəndaşlar arasında tez-tez mübahisələrə səbəb olur. Qanunvericilikdə tikililər arasında ara məsafəsi, ortaq divarlar və hasarlarla bağlı konkret tələblər müəyyən edilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" -nə müsahibəsində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sektor müdiri Süleyman Əliyev məsələ ilə bağlı ətraflı məlumat verib.

Süleyman Əliyev bildirib ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinə əsasən, bir qayda olaraq, binaların xarici divarlarının qarşısında ara məsafəsi saxlanılmalıdır. Bu məsafə binanın divarının hündürlüyü nəzərə alınmaqla müəyyən edilir.

Ümumi qaydaya əsasən, ara məsafəsi divar hündürlüyünün 0,6 hissəsini təşkil edir. Məlumatlandırma icraatı tətbiq edilən müəyyən yaşayış evləri üçün isə 0,3 əmsalı nəzərdə tutulur. Xüsusi yaşayış ərazilərində, eləcə də sahibkarlıq və sənaye ərazilərində fərqli əmsallar tətbiq edilə bilər.

Məsələn, tikintiyə 0,6 əmsalı tətbiq edilirsə və binanın divarının hündürlüyü 5 metrdirsə, ara məsafəsi 3 metr təşkil edir.

Sektor müdiri qeyd edib ki, bütün tikililərə avtomatik olaraq eyni ara məsafəsinin tətbiq edilməsi düzgün yanaşma deyil. Torpaq sahəsinin yerləşdiyi ərazi, tikintinin təyinatı, layihə sənədləri, ərazinin müfəssəl planı və qanunvericilikdə nəzərdə tutulan xüsusi hallar nəzərə alınmalıdır.

Ortaq divar və hasarla bağlı qaydalar

Qonşular arasında mübahisələrə səbəb olan məsələlərdən biri də ortaq divarlarla bağlıdır.

Məcəllənin 71-ci maddəsinə əsasən, ortaq divarlar şəhərsalma və tikinti normalarına, həmçinin hər iki qonşunun tələbatlarına uyğun olmalıdır. Yanaşı divarda digər qonşunun əlavə tikinti aparması üçün müəyyən hallarda notariat qaydasında təsdiq edilmiş razılıq tələb olunur.

Hasarların hündürlüyü ilə bağlı da qanunvericilikdə konkret tələb müəyyən edilib. Ümumi qaydaya əsasən, hasarın hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. Qanunvericilikdə nəzərdə tutulan istisnalar isə ayrıca nəzərə alınır.

Torpaq sahələrinin səviyyələri fərqli olduqda hasarın hündürlüyünün hesablanması üçün xüsusi qaydalar tətbiq edilir.

Tikintiyə icazə necə verilir?

Süleyman Əliyevin sözlərinə görə, tikintiyə icazə tələb olunan obyektlər üzrə icazə verilməsi zamanı layihənin şəhərsalma sənədlərinə, o cümlədən yanaşı torpaq sahələrində tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır.

Qanunvericilikdə yaxın qonşuların və digər maraqlı şəxslərin tikintiyə icazə ilə bağlı icraatda məlumatlandırılması və dinlənilməsi də nəzərdə tutulur.

Maraqlı şəxs qanunvericiliyin tələblərinə uyğun olaraq verilmiş tikintiyə icazəni mübahisələndirə bilər.