ASF və NDU arasında əməkdaşlıq memorandumu imzalandı -

ASF və NDU arasında əməkdaşlıq memorandumu imzalandı - FOTO

22 İyun 2026

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi və Aqrar Sığorta Fondu fəaliyyətini genişləndirir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iyunun 22-də Naxçıvan Dövlət Universitetində Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovanın iştirakı ilə Aqrar Sığorta Fondu və Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu (MOU) imzalanıb.

Memorandumu Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov imzalayıblar.

Sənədə əsasən, iki qurum arasında əməkdaşlığın əsas məqsədi aqrar sığorta sahəsində maarifləndirmənin gücləndirilməsi, peşəkar kadr potensialının inkişaf etdirilməsi, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, eləcə də təhsil və aqrar sığorta sahələri arasında əlaqələrin genişləndirilməsidir.

İmzalanma mərasimində nazir müavini İlhamə Qədimova aqrar sığortanın kənd təsərrüfatı üçün əhəmiyyəti, fermerlərin risklərini qarşılamaq sahəsindəki üstünlüklərini qeyd edib. Öz növbəsində Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev aqrar sığorta sahəsində kadr hazırlığı, müstəqil ekspertlərin hazırlanmasında ali məktəblərlə əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd ediblər.

Fuad Sadıqov qeyd edib ki, fəaliyyətə başladığı dövrdən indiyədək Aqrar Sığorta Fondu fermer və təsərrüfatlara 23 milyon manat sığorta ödənişi həyata keçirib və bu məbləğ hər gün artmaqdadır.

Memorandum çərçivəsində universitet tələbələri üçün sertifikatlı istehsalat təcrübələrinin təşkili, 2-3 aylıq təcrübə proqramlarının həyata keçirilməsi, məzunların və xüsusi istedadlı tələbələrin Aqrar Sığorta Fondunda və aqrar sığorta sisteminə daxil olan sığorta şirkətlərində iş imkanlarının dəstəklənməsi nəzərdə tutulur.

Tərəflər arasında həmçinin təlim və seminarların təşkili, birgə layihə və elmi tədqiqatların həyata keçirilməsi, aqrar sığorta sahəsində bilik və təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində əməkdaşlıq ediləcək.

Memorandumun mühüm istiqamətlərindən biri də müstəqil aqrar sığorta ekspertlərinin hazırlanmasıdır. Bu məqsədlə universitetin tələbə və məzunlarının Aqrar Sığorta Fondunun təşkil etdiyi təlim proqramlarına və sertifikasiya proseslərinə cəlb olunması nəzərdə tutulur.

Xatırladaq ki, Aqrar Sığorta Fondu Naxçıvan Muxtar Respublikasında fəaliyyətini uğurla davam etdirir. Fond 2024-cü ilin sonundan etibarən bölgədə aqrar sığorta xidmətlərinin əlçatanlığının artırılması və fermerlərin təbii risklərdən qorunması istiqamətində işlər həyata keçirir.

Muxtar Respublikada müxtəlif kənd təsərrüfatı sahələrinin sığortalanmasına 2024-cü ilin sonundan başlanılıb və artıq zərər ödənişlərinə başlanılıb. 2025-ci il ərzində Muxtar Respublikanın Babək və Şahbuz rayonları üzrə ümumilikdə 3 600 manat məbləğində sığorta zərər ödənişi həyata keçirilib.

Naxçıvan Muxtar Respublikasında əsas kənd təsərrüfatı sahələri taxılçılıq və heyvandarlıqdır. Bununla yanaşı, meyvəçilik də geniş yayılıb. Bölgənin kəskin kontinental iqlimi kənd təsərrüfatı istehsalçıları üçün müəyyən risklər yaradır. Xüsusilə şaxta hadisələri meyvə bağlarına ciddi təsir göstərir. Dolu, güclü külək və digər təbiət hadisələri də fermerlərin üzləşdiyi əsas risklər sırasındadır.

Son günlər hava şəraitinin qeyri-sabit keçməsi ilə əlaqədar Naxçıvandan Aqrar Sığorta Fonduna müraciətlərin sayı artıb. Bu dövrdə Naxçıvan MR üzrə 41 müqavilə üzrə 82 hektar əkin sahələri ilə bağlı zərər müraciətləri daxil olub. Bu əkin sahələrindən gözlənilən məhsul həcmi 81 min manat təşkil edir. Babək, Şahbuz və Şərur rayonlarından olan zərər müraciətləri meyvə bağları və taxıl sahələrinə aiddir. Zərər müraciətlərinin əksəriyyəti dolu hadisəsi ilə bağlıdır. Bundan başqa, sel-subasma, vəhşi heyvanların hücumu və üçüncü şəxsin hərəkəti üzrə də müraciətlər edilib.

Müraciətlər əsasında müstəqil ekspertlər tərəfindən hadisə baş vermiş ərazilərdə baxış və qiymətləndirmə işləri təşkil olunub. Hazırda zərərin dəqiq müəyyənləşdirilməsi istiqamətində müvafiq prosedurlar davam etdirilir.

Aqrar Sığorta Fondu fermerləri məhsul və gəlirlərini qorumaq üçün təsərrüfatlarını sığortalamağa çağırır. Aqrar Sığorta Fondunun məhsul və xidmətləri, eləcə də aqrar sığorta şərtləri barədə daha ətraflı məlumatı Fondun rəsmi internet səhifəsi (asf.gov.az) və 1651 Çağrı Mərkəzi vasitəsilə almaq olar.