Aqrar sığortanın əhatə dairəsi artır
Azərbaycanda aqrar sığorta sahəsində irəliləyişlər əldə olunur və onun əhatə dairəsi artır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.
Onun sözlərinə görə, aqrar sığorta xidməti fəaliyyətə başladıqdan sonra bu sahədə mühüm irəliləyişlər əldə olunub: "Əvvəllər fermerlərin bu istiqamətə marağı nisbətən aşağı olsa da, son dövrlərdə Aqrar Sığorta Fondunun həyata keçirdiyi sığorta ödənişləri həmin marağın əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Məhsulların sığortalanması və sığortanın əhatəsinin gələcəkdə genişləndirilməsi Dövlət Proqramının əsas hədəflərindən biri kimi müəyyən edilib. Bu çərçivədə həm bitki çeşidlərinin artırılması, həm də sığorta mexanizmlərinə yeni dəstək alətlərinin əlavə olunması nəzərdə tutulur. Bu yanaşma aqrar sığorta sisteminin daha da inkişafına və kənd təsərrüfatında risklərin azaldılmasına mühüm töhfə verəcək".
Bundan başqa, nazir müavini deyib ki, Azərbaycanda ərzaqlıq buğda üzrə özünütəminetmənin 70 %-ə çatdırılması hədəflənir. "Dövlət başçısı qeyd edib ki, ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsi təxminən 55 %-dir. Dövlət proqramı çərçivəsində məhsuldarlığın 50 sentnerə çatdırılması hesabına bu göstəricinin 65–70 % səviyyəsinə yüksəldilməsi əsas hədəf kimi müəyyən edilib. Eyni zamanda, ölkədə ərzaqlıq buğda üzrə Dövlət Proqramının icrası, 22 rayonda buğda istehsalı üzrə ixtisaslaşmanın həyata keçirilməsi özünütəminetmə səviyyəsinin artırılmasında mühüm rol oynayacaq".








