Naxçıvanda aqrar sığorta üzrə yeni kadrlar hazırlanacaq
Naxçıvanda aqrar sığorta sahəsində peşəkar kadr hazırlığının gücləndirilməsi məqsədilə Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq həyata keçirilir.
Bu barədə Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova "NAXÇIVANXƏBƏRLƏRİ"- nə açıqlamasında bildirib.
Nazir müavininin sözlərinə görə, ölkədə 2021-ci ildən tətbiq olunan aqrar sığorta sistemi bu sahədə ixtisaslaşmış mütəxəssislərə olan tələbatı artırıb. Aqrar sektorda baş verən sel, daşqın və digər təbii hadisələr nəticəsində yaranan zərərlərin qiymətləndirilməsi üçün xüsusi hazırlığa malik sığorta ekspertlərinə ehtiyac duyulur.
İlhamə Qədimova qeyd edib ki, hazırda Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığın əsas məqsədi aqrar sığorta ekspertlərinin hazırlanmasıdır.
“Bu sahə ölkəmizdə yeni tətbiq olunduğundan mütəxəssis sayı hələ də məhduddur. Aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi kadr potensialının formalaşdırılmasını zəruri edir. Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığımız bu istiqamətdə mühüm əhəmiyyət daşıyır”, – deyə nazir müavini vurğulayıb.
Bildirilib ki, əməkdaşlıq çərçivəsində müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr əlavə peşə bacarıqları əldə etmək imkanı qazanacaqlar. Tələbələr peşəkar təlimlərə və sertifikat proqramlarına cəlb olunacaq, bu isə onların gələcəkdə aqrar sığorta sahəsində ekspert kimi fəaliyyət göstərmələrinə və yeni iş imkanları əldə etmələrinə şərait yaradacaq.
Qeyd edək ki, həyata keçirilən əməkdaşlıq Naxçıvanda aqrar sığorta sahəsində peşəkar kadr bazasının formalaşdırılmasına və bu istiqamətdə insan resurslarının gücləndirilməsinə xidmət edir.








