Sahibə Qafarova Tariq Altayer ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Federal Milli Şurası sədrinin birinci müavini Tariq Altayer ilə görüşüb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə dost və qardaş ölkələr arasında münasibətlərin mövcud yüksək səviyyəsindən məmnunluq ifadə olunaraq, əlaqələrin genişlənməsində iki ölkə liderləri arasında münasibətlərin mühüm rolu, qarşılıqlı səfərlər, o cümlədən Prezident İlham Əliyevin cari ilin fevral ayında BƏƏ-yə səfəri və "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi məmnunluqla vurğulanıb.
Azərbaycan və BƏƏ-nin beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq etdiyi vurğulanıb.
Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafında parlamentlərin də özünəməxsus rol oynadığı qeyd olunaraq, parlament sədrləri və deputatlar arasında sıx təmasların, mütəmadi görüşlərin bu əlaqələrin daha da inkişafını şərtləndirdiyi bildirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, həmçinin APA, İƏT Pİ kimi təşkilatlarda fəal əməkdaşlıq əlaqələri qabardılıb.
Görüşdə İƏT üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası haqqında da fikir mübadiləsi aparılaraq, tədbirin yüksək səviyyədə keçiriləcəyinə inam ifadə olunub.








