Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni strateji mərhələ
XXI əsrin üçüncü onilliyi beynəlxalq münasibətlər sistemində dərin geosiyasi transformasiyalar dövrü kimi xarakterizə olunur. Qlobal iqtisadiyyatın yenidən formalaşması, enerji bazarlarında baş verən dəyişikliklər, iqlim dəyişikliyi ilə mübarizə, nəqliyyat marşrutlarının şaxələndirilməsi və regional təhlükəsizlik məsələləri dövlətlər arasında əməkdaşlığın xarakterini əhəmiyyətli dərəcədə dəyişdirib. Bu gün beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşlıq, siyasi sabitlik və qarşılıqlı etimad hər bir dövlət üçün strateji üstünlük hesab olunur.
Belə mürəkkəb geosiyasi şəraitdə Azərbaycan həyata keçirdiyi müstəqil, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət sayəsində regionun etibarlı tərəfdaşlarından biri kimi mövqeyini daha da möhkəmləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl diplomatik xətt nəticəsində ölkəmiz beynəlxalq münasibətlər sistemində təkcə enerji ixracatçısı deyil, həm də regional təhlükəsizliyə, nəqliyyat əlaqələrinin inkişafına, iqtisadi inteqrasiyaya və çoxtərəfli əməkdaşlığa mühüm töhfə verən məsuliyyətli dövlət kimi qəbul olunur.
Bu kontekstdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və ortaq maraqlara əsaslanan bu münasibətlər artıq yalnız iqtisadi əlaqələr çərçivəsini aşaraq enerji təhlükəsizliyi, yaşıl transformasiya, nəqliyyat-kommunikasiya layihələri, iqlim gündəliyi və regional təhlükəsizlik kimi mühüm istiqamətləri də əhatə edir.
Ötən həftə Prezident cənab İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə keçirdiyi görüşdən sonra səsləndirdiyi fikirlər tərəflər arasında əməkdaşlığın yeni inkişaf mərhələsinə daxil olduğunu bir daha nümayiş etdirir. Dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlər çox mühüm mərhələdədir və əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir. Bu qiymətləndirmə son illərdə formalaşmış yüksək siyasi dialoqun, qarşılıqlı etimadın və həyata keçirilən uğurlu layihələrin məntiqi nəticəsidir.
Bu gün Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Qarşılıqlı ticarət dövriyyəsinin artması, investisiya əməkdaşlığının genişlənməsi, nəqliyyat və logistika sahəsində yeni imkanların yaranması iqtisadi münasibətlərin davamlı inkişaf etdiyini göstərir. Xüsusilə Avrasiyanın nəqliyyat xəritəsində Orta Dəhlizin əhəmiyyətinin artması Azərbaycanın tranzit ölkə kimi strateji mövqeyini daha da gücləndirir və Avropa ilə Asiya arasında etibarlı bağlantıların qurulmasına mühüm töhfə verir.
Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının əsas istiqamətlərindən biri enerji sahəsidir. Son illərdə qlobal enerji bazarında müşahidə olunan dəyişikliklər, enerji mənbələrinin şaxələndirilməsi zərurəti və enerji təhlükəsizliyinin dövlətlərin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilməsi bu əməkdaşlığın əhəmiyyətini daha da artırıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin mühüm amillərindən biridir.
Azərbaycan uzun illərdir ki, beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır. Ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli enerji layihələri Avropanın enerji təchizatının şaxələndirilməsinə mühüm töhfə verir. Azərbaycanın enerji siyasətinin əsas xüsusiyyətlərindən biri öhdəliklərə sadiqlik, uzunmüddətli əməkdaşlıq və qarşılıqlı etimada əsaslanmasıdır. Məhz bu amillər ölkəmizin beynəlxalq nüfuzunu möhkəmləndirən əsas faktorlar sırasındadır.
Son illər əməkdaşlığın yeni istiqaməti kimi bərpaolunan enerji xüsusi önəm daşıyır. Dünyada "yaşıl keçid"in sürətləndiyi bir dövrdə Azərbaycanın alternativ enerji potensialı Avropa İttifaqı üçün də maraq doğurur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən "yaşıl enerji" layihələri, Xəzər dənizinin külək enerjisi potensialından istifadə və günəş enerjisi üzrə həyata keçirilən investisiya proqramları ölkəmizin gələcək enerji strategiyasının mühüm istiqamətlərini təşkil edir.
Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) da ölkəmizin qlobal iqlim gündəliyində fəal iştirakını nümayiş etdirdi. Bu mühüm beynəlxalq platforma Azərbaycanın ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji və dayanıqlı inkişaf istiqamətində də etibarlı tərəfdaş olduğunu bir daha təsdiqlədi.
İkitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri də regional təhlükəsizlik və sülh gündəliyidir. Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi artıq Cənubi Qafqazın gələcək inkişafı baxımından həlledici əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Avropa Komissiyası ilə aparılan müzakirələrdə bu məsələ geniş şəkildə nəzərdən keçirilib və regionda dayanıqlı sülhün təmin olunması istiqamətində fikir mübadiləsi aparılıb.
Azərbaycanın bu prosesdə mövqeyi aydındır və ardıcıldır. Ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır. Bununla yanaşı, Azərbaycan sülhün yalnız siyasi bəyanatlarda və ya hüquqi sənədlərdə deyil, insanların gündəlik həyatında hiss olunan reallığa çevrilməsi üçün konkret addımlar atır. Humanitar təşəbbüslər, etimad quruculuğu tədbirləri və regional əməkdaşlıq imkanlarının təşviqi bu siyasətin praktik ifadəsidir.
Avropa Komissiyasının regionda normallaşma prosesinə dəstək verməyə hazır olduğunu ifadə etməsi də diqqətəlayiq məqamdır. Belə dəstək qarşılıqlı etimadın möhkəmləndirilməsi, kommunikasiyaların açılması və uzunmüddətli sabitliyin təmin olunması baxımından əhəmiyyətli rol oynaya bilər. Dayanıqlı sülh yalnız region ölkələri üçün deyil, həm də Avrasiyanın iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Bugünkü geosiyasi reallıqlar göstərir ki, Azərbaycan təkcə enerji ixrac edən ölkə deyil. Ölkəmiz eyni zamanda Avropa ilə Asiya arasında mühüm nəqliyyat qovşağı, beynəlxalq logistika marşrutlarının etibarlı iştirakçısı, enerji təhlükəsizliyinə töhfə verən məsuliyyətli tərəfdaş və regional sabitliyin təmin olunmasına real töhfələr verən dövlətdir. Müstəqil, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini davamlı şəkildə gücləndirir.
Bu gün Azərbaycan–Avropa İttifaqı münasibətləri qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelindən strateji tərəfdaşlıq səviyyəsinə doğru inamla inkişaf edir. Enerji təhlükəsizliyi, yaşıl transformasiya, iqtisadi inteqrasiya, nəqliyyat əlaqələrinin genişləndirilməsi və regional sülh istiqamətində əldə olunan nəticələr göstərir ki, bu tərəfdaşlığın perspektivləri kifayət qədər genişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl xarici siyasət kursu Azərbaycanın beynəlxalq etibarlılığını daha da möhkəmləndirib. Bu siyasət nəticəsində ölkəmiz qlobal enerji təhlükəsizliyinə töhfə verən, yaşıl inkişaf gündəliyini dəstəkləyən, beynəlxalq hüququn prinsiplərinə əsaslanan sülhü təşviq edən və regionda əməkdaşlığın inkişafına xidmət edən məsuliyyətli dövlət kimi mövqeyini daha da gücləndirib. Məhz bu reallıq Azərbaycan–Avropa İttifaqı münasibətlərinin gələcək illərdə daha geniş strateji məzmun kəsb edəcəyinə və Cənubi Qafqazın sabit, təhlükəsiz və əməkdaşlığa əsaslanan inkişaf modelinin formalaşmasına mühüm töhfə verəcəyinə əsaslı inam yaradır.
Canməmməd CANMƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı








