"Azərbaycan qadını: Tarixdən liderliyə" adlı ustad dərs keçirilib

"Azərbaycan qadını: Tarixdən liderliyə" adlı ustad dərs keçirilib - FOTO

13 Oktyabr 2026

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Böyük Akt zalında Naxçıvan Dövlət Universiteti, ADPU-nun Quba filialı və “SEVİNC - Milli-Mənəvi Dəyərlər və Müasir Çağırışlarla Sintezin İnkışafına Dəstək” QHT-nin birgə təşkilatçılığı ilə “Azərbaycan qadını: Tarixdən liderliyə” mövzusunda geniş tərkibli açıq dərs (ustad dərsi) keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbiri giriş sözü ilə açan ADPU-nun Quba filialının Humanitar və təbiət elmləri fakültəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru Mürvət Əliyev iştirakçıları salamlayaraq keçirilən ustad dərsinin elmi və ictimai əhəmiyyətindən söz açıb. M.Əliyev mövzu ətrafında çıxış edərək bildirib ki, Azərbaycan tarixində qadın hər zaman müqəddəslik, fədakarlıq və məğrurluq rəmzi olmuş, dövlət idarəçiliyindən müasir cəmiyyət quruculuğuna qədər hər bir sahədə müstəsna xidmətlər göstərmişdir.

Daha sonra tədbirin əsas məruzəçisi — tanınmış azərbaycanlı tarixçi alim, tarix elmləri doktoru, professor, Naxçıvan Dövlət Universitetinin professoru və “SEVİNC” QHT-nin təsisçisi Sevinc Zakir qızı Abbasova geniş və əhatəli mühazirə ilə çıxış edib. Sevinc Abbasova mövzu ətrafında apardığı təhlillərdə Azərbaycan qadınının şanlı tarixi keçmişinə, Tomrisdən, Nüşabədən başlayan, Momine Xatun, Sara Xatun və Xurşidbanu Natəvan kimi tarixi şəxsiyyətlərimizin simasında təcəssüm tapan liderlik keyfiyyətlərinə nəzər salıb.

Məruzədə xüsusi olaraq vurğulanıb ki, Şərqdə ilk dəfə qadına seçki hüququ verən Azərbaycan Xalq Cümhuriyyəti dövründən müasir müstəqil Azərbaycan Respublikasına qədər qadınların cəmiyyətdəki yeri və rolu hər zaman yüksək qiymətləndirilmişdir. Bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və humanitar fəaliyyəti müasir Azərbaycan qadınının beynəlxalq miqyasda liderlik, xeyriyyəçilik və mənəvi dəyərlərə sahiblik nümunəsidir. Çıxışda milli-mənəvi dəyərlərimizin korlanmadan gələcək nəsillərə ötürülməsində və müasir çağırışlara inteqrasiya olunmasında qadınların, xüsusilə gənc anaların və ziyalıların üzərinə düşən məsuliyyət diqqətə çatdırılıb.

Məruzəçi və çıxışçılar mövzu ətrafında fikir mübadiləsi apararaq təhsildə və ictimai həyatda qadın liderliyinin inkişaf etdirilməsinin vacibliyini bəyan ediblər.

Açıq dərsin sonunda tələbələrin və gənc tədqiqatçıların mövzu ilə bağlı geniş sualları cavablandırılıb, mövzu ətrafında qarşılıqlı müzakirələr aparılıb.