FHN-in Akademiyasında andiçmə və məzunların buraxılış mərasimi keçirilib - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların təntənəli buraxılış mərasimi keçirilib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə FHN-dən məlumat verilib.
Bildirilib ki, mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, nazir müavinləri və nazirliyin məsul vəzifəli şəxsləri, FHN yanında İctimai şuranın üzvləri, FHN Akademiyasının müəllim və professor heyəti, kursantları və onların valideynləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir zamanı FHN-in Akademiyasına yeni qəbul olmuş kursantlar hərbi and içiblər.
Mərasimdə çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov kursantları, məzunları və onların valideynlərini təbrik edib. Nazir təhsilin ölkənin uğurlu inkişafının, iqtisadi tərəqqisinin və gələcəyinin əsasını təşkil etdiyini vurğulayaraq, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gənc nəslin təhsilinə və onların layiqli vətəndaş kimi yetişməsinə xüsusi diqqət yetirdiyini bildirib.
K.Heydərov Ulu Öndərin mütərəqqi siyasətinin layiqli davamçısı Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğının əhəmiyyətindən söz açıb, dövlət başçısı tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin yüksək ixtisaslı və peşəkar kadr potensialının formalaşdırılmasına əvəzsiz töhfələr verdiyini qeyd edib.
Nazir Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən təhsil sahəsində reallaşdırılan irimiqyaslı layihələrin əhəmiyyətini vurğulayıb, görülən kompleks tədbirlər sayəsində ölkədə təhsilin dünya standartları səviyyəsinə qalxdığını, bu xoşməramlı missiyanın millətin işıqlı sabahına xidmət etdiyini bildirib.
Daha sonra mərasim Fövqəladə Hallar Nazirliyinin müvafiq əmri ilə "leytenant" hərbi və xüsusi rütbələri verilmiş məzunlara diplomların təqdim olunması ilə davam etdirilib.
Akademiyanı əla qiymətlərlə bitirmiş məzun leytenant Cavid Talıbov Akademiya məzunlarının buraxılış rəmzi olan xatirə lövhəsini "Yaş kötüyü"nə vuraraq məzun yoldaşları adından and içib.
Məzunlar Akademiyanın bayrağı ilə vidalaşaraq onu IV kurs kursantlarına təhvil veriblər.
FHN-in Akademiyasının bayrağı altında şəxsi heyətin təntənəli keçidi ilə mərasim başa çatıb.








