
Babək rayonunda “Narkotikə yox” layihəsi üzrə təlim keçirilib - FOTO
“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin Naxçıvan Muxtar Respublikasında “Naxçıvan gənclərinin sağlamlığı naminə ‘Narkotikə yox’ təşəbbüsü” layihəsinin növbəti təlimi Babək rayonunda baş tutub.
Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə reallaşan bu təlim Muxtar Respublikada baş tutan sayca üçüncü təlimdir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, açılış tədbirində iştirak edən Babək rayon İcra Hakimiyyətinin əməkdaşı Qürbət Kərimov qonaqları salamlayaraq, layihənin məqsədi barədə məlumat verib.
Layihə rəhbəri, “Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinin sədri Emin Tarverdiyev gəncləri salamlayaraq keçirilən layihənin aktuallığı barədə danışıb. Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildikdən sonra təlimə start verilib.
İlk olaraq təlim iştirakçılarına pre-testlər paylanılıb, sorğunun mahiyyəti barədə danışılıb. Sonra söz təlimçi, psixoloq Çapay Quliyevə verilib. Təlimçi narkotiklərin fərdi və ictimai təsirləri, asılılıq anlayışı və mərhələləri, gənclər arasında narkotik riskləri, sosial və psixoloji dəstək yolları mövzularında ətraflı çıxış edib. O, zərərli vərdişlərin mənfi fəsadları, o cümlədən həyatımıza, sağlamlığımıza təhlükə, mənəviyyatımıza və dinimizə zidd olması barədə gəncləri məlumatlandırıb.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, iştirakçılara post-testlər paylanılaraq iştirakçılar tərəfindən sorğu cavablandırılıb.
Yekunda hərbi jurnalist Səxavət Məmmədin yeni çapdan çıxan “Savaş və Duman” kitabı təlim zamanı fərqlənən iki nəfər iştirakçıya hədiyyə edilib.
Qeyd edək ki, indiyədək təlim çərçivəsində
Naxçıvan şəhər, Şərur və Babək rayonlarında təlimlər yekunlaşıb. Digər təlimlərin Culfa və Ordubad rayonlarında keçirilməsi nəzərdə tutulub.