Yerli özünüidarəetmə orqanlarına seçilən qadınlarla və Gender komissiyasının üzvləri ilə görüş keçirilib -

Yerli özünüidarəetmə orqanlarına seçilən qadınlarla və Gender komissiyasının üzvləri ilə görüş keçirilib - FOTO

14 İyul 2025

İyulun 14-də Babək rayonunda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Babək rayonu üzrə yerli özünüidarəetmə orqanlarına (bələdiyyələrə) seçilən qadınlarla və Gender komissiyasının üzvləri ilə görüş keçirilib

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova tədbirin açılışında çıxış edərək iştirakçıları salamlamış, tədbirin əhəmiyyətini vurğulamışdır. O, gender bərabərliyinin sosial ədalət və davamlı inkişaf üçün əsas prinsiplərdən biri olduğunu bildirib. Qadınların ictimai həyatda fəallığının artırılmasının vacibliyini qeyd edən S.Abbasova bu sahədə maarifləndirmə tədbirlərinin mühüm rol oynadığını diqqətə çatdırmışdır. O, həmçinin ölkəmizdə qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması üçün yaradılmış hüquqi əsaslardan bəhs etmiş, yerli icmaların bu prosesdə fəal iştirakı ilə bağlı fikirlərini bölüşmüşdür. Sonda bu cür tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayaraq iştirakçılara uğurlar arzulamışdır.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbirdə çıxış edərək bildirmişdir ki, bu gün keçirilən tədbir xüsusi əhəmiyyətə malikdir, çünki ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi günə təsadüf edir. Bu günün yaddaşlarda dərin izi vardır və ölkəmizin inkişafında dönüş nöqtəsi kimi qəbul edilir. Komitə sədri qeyd etmişdir ki, Babək rayonu üzrə bələdiyyələrdə təmsil olunanların 23%-ı qadınlardan ibarətdir. O, yerli özünüidarəetmə orqanlarının cəmiyyətin gündəlik problemlərinə ən yaxın strukturlar olduğunu vurğulamışdır.

Bələdiyyələrdə qadınların təmsilçiliyinə dair statistik məlumatları təqdim edən Komitə sədri bildirmişdir ki, Babək rayonu üzrə 1 şəhər, 2 qəsəbə və 33 kənd olmaqla ümumilikdə 36 ərazini əhatə edən 7 bələdiyyə fəaliyyət göstərir ki, 87 nəfər bələdiyyə üzvlərinin  23%-ni qadınlar təmsil edir. Bələdiyyə sədrlərinin 14%-i qadındır. 1 şəhər, 2 qəsəbə 27 kəndi əhatə edən ərazinin bələdiyyə sədri kişi, 6 kəndi əhatə edən əraziyə isə qadın bələdiyyə sədri rəhbərlik edir.

Komitə sədri həmin orqanlarda qadınların təmsil olunmasının təkcə statistik göstərici deyil, həm də qərarların daha ədalətli, inklüziv və ehtiyaclara cavab verən şəkildə qəbul olunmasına bir zəmanət olduğunu vurğulamışdır. Komitə sədri çıxışında Ulu Öndər Heydər Əliyevin qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin olunması istiqamətində atdığı mühüm addımları vurğulayıb. O, xüsusilə Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş qanunvericilik aktlarının qadınların cəmiyyətdə fəal rol almasına imkan yaratdığını qeyd edib. Çıxışda həmçinin qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması sahəsində görülən işlərin davam etdirildiyi bildirilib. Komitənin əsas fəaliyyət istiqamətlərindən biri – ailə institutunun gücləndirilməsi, qadınların ictimai-siyasi və iqtisadi həyatda fəallığının artırılması, həmçinin uşaqların hüquqlarının müdafiəsidir deyən Komitə sədri bu məqsədlərə çatmaqda yerli icmaların mühüm rol oynadığını qeyd etmişdir. Komitənin nümunəvi əsasnaməsində və yerli özünüidarəetmə orqanlarının fəaliyyətini tənzimləyən sənədlərdə bu əməkdaşlıq üçün hüquqi və funksional əsaslar müəyyən olunmuşdur.

Komitə sədri R.Seyidova çıxışı zamanı icmaların ümumi vəzifələri ilə yanaşı, Komitə ilə birgə əməkdaşlıq çərçivəsində yerinə yetirməli olduqları konkret funksiyalara da aydınlıq gətirərək bildirmişdir ki, sosial müdafiəyə ehtiyacı olan insanların müəyyənləşdirilməsi, onların müdafiəsi, qadınların cəmiyyətin müxtəlif sahələrində daha fəal iştirakı, uşaqların hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması Komitənin əsas fəaliyyət istiqamətlərindəndir. Bu istiqamətlər yalnız hüquqi çərçivədə deyil, eyni zamanda sosial baxımdan da mühüm əhəmiyyət daşıyır. Komitə sədri, həmçinin ailə və qadın hüquqlarının qorunması sahəsində mövcud qanunvericilik bazasına, xüsusilə də “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edərək bu istiqamətdə görülən işlərin hüquqi əsaslarını vurğulamışdır. Qeyd olunmuşdur ki, müvafiq komissiyalar yalnız inzibati funksiyaları yerinə yetirməklə məhdudlaşmır, həm də cəmiyyətdə zorakılığa qarşı sıfır tolerantlıq mühitinin formalaşdırılmasına töhfə verir. Komitə ilə birgə fəaliyyət və hüquqi əsasların mövcudluğu bu komissiyaların işinin daha səmərəli olmasına şərait yaradır. Həmçinin, Komitə sədri tədbirdə erkən nikah və qohum evliliyi mövzularına toxunaraq, qanunvericilikdə bu məsələlərlə bağlı tənzimləmələrdən, erkən nikah və qohum evliliyinin fəsadlarından da bəhs etmişdir. Çıxışının sonunda R.Seyidova qeyd etmişdir ki, bu sahədə görülən işlər davamlı şəkildə inkişaf etdirilməli və daha sistemli xarakter almalıdır. Çünki ortaq məqsədimiz aydındır: sağlam ailə, fəal və cəmiyyətə töhfə verən qadın, xoşbəxt və hüquqları qorunan uşaq!

Daha sonra Babək rayon Şıxmahmud bələdiyyəsinin sədri Şəbnəm Tağıyeva çıxış edərək son illərdə ölkəmizdə qadınların ictimai-siyasi həyatda, xüsusilə də yerli özünüidarəetmə orqanlarında fəallığının artmasının, bələdiyyələrə seçilmiş qadın üzvlərin artıq təkcə icraedici yox, həm də təşəbbüskar və yönverici rolda çıxış etmələrinin sevindirici hal olduğunu qeyd edib.

Sonda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva təqdimatla çıxış edərək bildirmişdir ki, gender bərabərliyi yalnız qadınların deyil, həm də kişilərin hüquqlarını qoruyur və cəmiyyətdə ədalətin təmin olunmasına xidmət edir. Qadınların hərtərəfli inkişafı, təhsilə, iş imkanlarına çıxışının təmin olunması, zorakılığa qarşı mübarizə, həmçinin sosial dəstək proqramlarının hazırlanması və həyata keçirilməsi komitənin prioritet istiqamətlərindəndir. Belə tədbirlər ictimai şüurun formalaşmasına və gender stereotiplərinin aradan qaldırılmasına töhfə verir.

Babək rayon bələdiyyələrinə seçilən kişilər, qadınlar və Gender Komissiyalarının sədr və üzvlərinin iştirak etdiyi tədbir diskussiya xarakterli olmuşdur.