
Babək şəhərində fəaliyyət göstərən kafedə ciddi sanitariya pozuntuları aşkarlanıb - FOTO
Babək şəhərində fəaliyyət göstərən kafedə ciddi sanitariya pozuntuları aşkarlanıbNaxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən dövlət nəzarəti tədbirləri zamanı Babək rayonu, Babək şəhərində Süleymanzadə Xətai Məhərrəm oğluna məxsus kafedə bir sıra ciddi sanitariya-gigiyena pozuntuları aşkarlanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yoxlama zamanı müəssisədə dezinfeksiya işlərinin aparılmadığı, gigiyenik qaydalara əməl olunmadığı, mal qonşuluğu prinsipinin və temperatur rejiminin pozulduğu, işçilərin tibbi müayinələrdən keçmədiyi müəyyən edilib. Eyni zamanda ötən günlərdən qalmış dönərlərin təkrar termiki emal edilərək satışa çıxarıldığı da aşkar olunub.
Aşkarlanan nöqsanların aradan qaldırılması məqsədilə müəssisəyə müvafiq göstərişlər verilib və bu çatışmazlıqlar aradan qaldırılanadək kafedə dönər xidmətinin göstərilməsi məhdudlaşdırılıb.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə obyektlərinə dəfələrlə maarifləndirmə işləri aparılıb, gigiyena və təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı müvafiq göstərişlər verilib. Agentlik istehlakçı hüquqlarının müdafiəsi və qida təhlükəsizliyinin təmin olunması istiqamətində nəzarət tədbirlərini davam etdirir, aşkarlanmış pozuntularla bağlı zəruri tədbirlərin görüləcəyini bəyan edir.