
NDU-nun 240 nəfərlik heyəti Türkiyənin nüfuzlu universitetlərində təcrübəyə başlayır - FOTO
Naxçıvan Dövlət Universitetində keçirilən görüşdə rektor Elbrus İsayev Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn hədəflərə uyğun olaraq, ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlığının gücləndirilməsi, birgə proqramların təşkili istiqamətində universitetdə görülən işlər barədə məlumat verib.
Rektor bildirib ki, NDU-da həyata keçirilən ikili diplom layihələri, əcnəbi professorların tədris və tədqiqat fəaliyyətinə cəlb olunması, həmçinin Türkiyənin bir sıra nüfuzlu ali təhsil müəssisələrində yaradılan təcrübə imkanları bu istiqamətdə atılan mühüm addımlardandır. Elbrus İsayev qeyd edib ki, hər il ənənəvi olaraq təşkil edilən bu təcrübə proqramları iştirakçılar üçün nəzəri biliklərin praktiki biliklərlə zənginləşdirilməsi, beynəlxalq təcrübədən faydalanmaq və gələcək fəaliyyətləri üçün mühüm baza qazanmaq baxımından böyük əhəmiyyət daşıyır. Rektor əlavə edib ki, növbəti tədris ilində də əcnəbi professor-müəllimlərin universitetdə tədrisə cəlb olunması planlaşdırılır.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tTədris departamentinin direktoru Şahin Əliyev çıxışında bildirib ki, NDU ilə Türkiyənin bir sıra ali təhsil müəssisələri arasında imzalanan əməkdaşlıq müqavilələrinə əsasən, universitetin Tibb fakültəsinin 240 nəfərlik heyəti – müəllim, həkim və tələbələrdən ibarət qrup – 7–18 iyul tarixlərində Türkiyədə təcrübə proqramlarına start verəcək. Onun sözlərinə görə, bu il 206 tələbə və 14 həkim-rezident istehsalat təcrübəsinə, 20 həkim-müəllim isə ixtisasartırma kurslarına göndərilir.
Təcrübələr Hacettepe, Ankara, Qazi, Ege və Qaradəniz Texniki Universitetləri kimi Türkiyənin tanınmış ali məktəblərində təşkil olunacaq. Proqrama Tibb, Tibb ingilis dilində, Tibb SABAH qrupları, Stomatologiya, Əczaçılıq, Hərbi tibb, İctimai səhiyyə və Psixologiya ixtisaslarının tələbələri cəlb olunublar. Eyni zamanda Ortopedik stomatologiya, Travmatologiya-ortopediya, Şüa diaqnostika, Kardiologiya, Oftalmologiya, Mama-ginekologiya, Yoluxucu xəstəliklər, Nefrologiya, Endokrinologiya və Sosial gigiyena sahələri üzrə rezident-həkimlər də bu proqramda iştirak edəcəklər.
Sonda təcrübədə iştirak edəcək nümayəndə heyəti onlara bu fürsəti yaratdığı üçün universitet rəhbərliyinə təşəkkürünü ifadə edib.