
İlham Əliyev və Şavkat Mirziyoyev Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasının açılışında iştirak edib - FOTO, YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 2-də bu ölkənin Azərbaycandakı səfirliyinin Bakıda yeni binasının açılışında iştirak ediblər.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, dövlət başçıları Özbəkistan səfirliyinin yeni binasının açılışını bildirən rəmzi lenti kəsdilər.
Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev səfirliyin binasının infrastrukturu ilə tanış oldular, burada diplomatlar üçün yaradılmış şəraitə baxdılar. Müasir tələblərə cavab verən yeni kompleks iki qardaş ölkə arasında çoxtərəfli strateji tərəfdaşlıq münasibətlərinin və müttəfiqliyin gələcək inkişafına yönəlib.
Bina ilə tanışlıqdan sonra Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev səfirliyin Fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar.