
NDU-da Dövlət Proqramı çərçivəsində mühüm layihələr icra olunub
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Kembric Məktəbində Universitetin iqtisadi məsələlər üzrə rektor müşaviri Ülvi Baxışlı ictimaiyyətə 2023–2027-ci illəri əhatə edən Dövlət Proqramının icrası çərçivəsində universitetdə həyata keçirilmiş işlər və 2025-ci ildə nəzərdə tutulan layihələr barədə məlumat verib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında insan kapitalının inkişafı ilə bağlı 3 mühüm tədbirin NDU ilə əlaqəli olması dövlətin elm və təhsilə xüsusi önəm verdiyini göstərir.
2024-cü il üzrə müəyyən edilmiş fəaliyyətlərin demək olar ki, tam icrası təmin olunub. Universitet rektorunun 5 dekabr 2023-cü il tarixli əmrinə əsasən, tədbirlər planı çərçivəsində icra üçün komissiya yaradılıb. Əsas prioritet istiqamətlərdən biri olan ingilisdilli təmayüllü orta məktəbin yaradılması məqsədilə ilk mərhələdə NDU nəzdində Gimnaziya, daha sonra isə Kembric Universitetinin lisenziyası əsasında Beynəlxalq Kembric Məktəbi təsis olunub. Məktəbdə həm yerli, həm də beynəlxalq proqramlar əsasında tədris həyata keçirilir.
Yeni tədris ili üçün şagird qəbulu aparılıb, dərs prosesinə start verilib. Məktəbin kitabxana və texniki təminatı üçün 72 748 manat dəyərində 670 adda dərslik, 151 440 manatlıq isə elektron tədris avadanlıqları alınıb. Məktəbin infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılması üçün 1 294 578 manat dəyərində tender əsasında müqavilə imzalanıb və işlər növbəti tədris ilinədək yekunlaşdırılacaq.
Bildirilib ki, Gimnaziyanın fəaliyyəti yüksək nəticələrlə yadda qalıb. 2024-2025-ci tədris ilində ölkə üzrə maksimal nəticə göstərən 9 nəfərdən biri bu məktəbin şagirdi olub. Buraxılış imtahanlarında da fərqlənənlərin sayı çox olub.
Bu tədris ilindən NDU-nun Tibb fakültəsində ilk dəfə “Tibb” ixtisası üzrə SABAH qruplarına tələbə qəbulu uğurla reallaşıb. 21 tələbə tədrisə başlayıb və onlar aylıq 50 manat əlavə təqaüdlə təmin olunublar. Eyni zamanda tələbələr üçün 65 000 manat dəyərində tədris resursları və avadanlıqlar alınaraq istifadəyə verilib.
Digər önəmli istiqamət isə beynəlxalq əməkdaşlıqların gücləndirilməsi olub. Bu məqsədlə 2024-2025-ci tədris ilindən “İqtisadiyyat” ixtisası üzrə tələbələrin Türkiyənin Çankırı Karatekin Universitetində 2+2 formatında təhsil almalarına başlanılıb. 2024-cü ilin oktyabr ayında isə Macarıstanın John Von Neyman Universiteti ilə “Kompüter mühəndisliyi” ixtisası üzrə ikili diplom müqaviləsi imzalanıb və 2025-2026-cı tədris ilindən qəbul həyata keçiriləcək.
2024-cü il ərzində universitet 12 beynəlxalq anlaşma memorandumu və 6 ERASMUS razılaşması imzalayıb.
Çıxışının sonunda Ülvi Baxışlı bildirib ki, regionda insan kapitalının inkişafı və elmə, təhsilə göstərilən qayğı ölkə rəhbərliyinin strateji baxışının bariz nümunəsidir. O, yaradılmış şəraitə görə Prezident İlham Əliyevə NDU kollektivi adından təşəkkürünü bildirib və göstərilən etimadı doğrultmaq üçün əzmlə çalışacaqlarını vurğulayıb.