
AMEA-nın Naxçıvan Bölməsinin hesabat iclası olub - FOTO
AMEA-nın Naxçıvan Bölməsinin 2025-ci ilin birinci yarısındakı elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat iclası olub.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, tədbirdən öncə bölmə əməkdaşlarının yarımil ərzində nəşr olunan əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Hesabat iclasını AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açıb.
Akademik bölmədə tətbiq olunan yeniliklərdən, qazanılan nəticələrdən, kadr hazırlığı və kadr potensialından, beynəlxalq səviyyəli jurnallarla edilən əməkdaşlıqdan söz açıb. Təqdim olunan göstəriciləri digər yarımilin nəticələri ilə müqayisə edib.
Akademik qeyd edib ki, AMEA Naxçıvan Bölməsində təsdiq edilmiş plana uyğun olaraq elmi-tədqiqat işləri 3 elmi istiqamətdə 3 prоblemi əhatə edən 3 mövzuya daxil оlan 17 iş üzrə 36 mərhələdə tədqiqatlar davam etdirilir. Araşdırmalar 16 şöbə və 1 laboratoriya üzrə 1 akademik, 2 müxbir üzv, 5 elmlər doktoru, 16 fəlsəfə doktoru olmaqla, 36 elmi və köməkçi heyət tərəfindən yerinə yetirilir.
Daha sonra AMEA-nın Naxçıvan Bölməsinin aparatının Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov bölmənin 2025-ci ilin birinci yarısındakı fəaliyyəti, yerinə yetirilən elmi və elmi-təşkilati işlərlə bağlı hesabatını təqdim edib.
Qeyd olunub ki, 2025-ci ilin birinci yarısında bölmə əməkdaşlarının 5 monoqrafiyası, 12 kitabı, 94 elmi məqaləsi, 59 konfrans materialı, 2 tezisi olmaqla, 172 elmi əsəri çap olunmuşdur. Əsərlərdən 1 monoqrafiya, 16 məqalə, 15 konfrans materialı və 1 tezis (cəmi 33 əsər) xaricdə nəşr edilmişdir. Bir elmi işçiyə düşən əsər sayı isə 4,8 olmuşdur.
Orxan Bağırov bildirib ki, elmi məqalələrin 14-ü xaricdə olmaqla, 45-i beynəlxalq kodlu elmi jurnallarda çapdan çıxmışdır. Məqalələrdən 3-ü “Web of Science” elmmetrik bazalarında, 4-ü impakt faktorlu jurnalda çap edilmişdir.
Qeyd edilib ki, yarımil ərzində əməkdaşların əsərlərinə 329 istinad qeydə alınmış, 108 qəzet məqaləsi işıq üzü görmüşdür.
Bölmənin “Elmi əsərlər” və “Axtarışlar” jurnallarının hər birinin bir nömrəsi nəşr edilmişdir. “Taleyi və sənəti” seriyası üzrə “Adil Babayev: taleyi və sənəti” adlı növbəti seriyası çapa təqdim edilmişdir.
Bildirib ki, hesabat yarımilində AMEA Naxçıvan Bölməsi ABŞ, Rusiya, Türkiyə, Qazağıstan, Polşa elm və təhsil müəssisələri, eyni zamanda bir çox ölkələrin alimləri ilə sıx elmi əlaqələrdə оlmuş, səmərəli əməkdaşlıq etmişdir. Bölmənin 9 əməkdaşı xaricdə və respublikada 11 beynəlxalq konfrans, konqres və simpoziumda məruzə etmişdir.
Hesabat dövründə Babək rayonu Göynük kəndi yaxınlğında yerləşən Bülövqayada və Ordubad rayonu ərazisində Xaraba Gilan şəhər yerində arxeoloji qazıntılar aparılmış, əhəmiyyətli maddi mədəniyyət nümunələrinin aşkar edilməsi ilə nəticələnmişdir.
Daha sonra tarix üzrə fəlsəfə doktoru Musa Quliyev Gürcüstan Respublikasının Tbilisi şəhərindəki Gürcüstan Milli Arxivində, K.Kekelidze adına Əlyazmalar İnstitutunda, rus şərqşünası K.N.Smirnovun fondunda, S.Canaşiya adına Gürcüstan Milli Muzeyində Naxçıvan tarixinə aid sənədlər ilə bağlı axtarışlar aparmışdır. Əldə olunan arxiv sənədləri bölməyə gətirilmişdir.
Sonra AMEA-nın müxbir üzvləri, professor Əbülfəz Quliyev və professor Vəli Baxşəliyev, filologiya elmləri doktoru Fərman Xəlilov hesabat ətrafında çıxış edib, bölmənin 2025-ci ilin birinci yarısındakı fəaliyyətini yüksək qiymətləndiriblər.
Müzakirələrdən sonra AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Naxçıvan Bölməsinin 2025-ci ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı məqbul hesab edilib və bölməyə müvafiq tapşırıqlar verilib.
