Bakı Enerji Həftəsi: Azərbaycanın qlobal enerji səhnəsindəki yeri
Bakıda növbəti Enerji Həftəsi öz işinə başladı. Hər il ölkənin paytaxtında keçirilən bu tədbir artıq qlobal enerji sənayesinin ən mötəbər platformalarından birinə çevrilib. Dünya şirkətlərinin, dövlət nümayəndələrinin, ekspertlərin və investorların bir araya gəldiyi bu forum yalnız sərgi deyil, eyni zamanda enerji gələcəyinin müzakirə edildiyi ciddi diplomatik və ticarət meydanıdır. Tədbirin əsas məqsədi Azərbaycanın enerji potensialını dünyaya nümayiş etdirmək, yeni tərəfdaşlıqlar qurmaq, mövcud əməkdaşlığı dərinləşdirmək və ölkənin qlobal enerji təhlükəsizliyinə töhfəsini genişləndirməkdir. Bu il isə Bakı Enerji Həftəsi xüsusilə simvolik bir tarixi kontekstdə keçirildi: dünyanın ən iri qaz yataqlarından birinə aid "Şahdəniz" müqaviləsinin imzalanmasından tam 30 il ötür. Tədbirə ABŞ Prezidenti Donald Trampın, Türkiyə Prezidenti Ərdoğanın və Birləşmiş Krallığın Baş naziri Starmerin nəzakət məktubları göndərməsi isə Bakının qlobal enerji sənayesindəki çəkisini bir daha açıq şəkildə təsdiqlədi.
Azərbaycanın bu günkü enerji nailiyyətlərini dərk etmək üçün başlanğıc nöqtəsinə qayıtmaq vacibdir. 1990-cı illərin əvvəlində ölkə eyni vaxtda bir neçə ağır böhranla üzləşirdi: ərazisinin 20 faizi işğal altında idi, bir milyondan çox vətəndaş qaçqın düşmüşdü. Bu, həmin dövrdə adam başına düşən ən yüksək qaçqın göstəricilərindən biri idi. Yoxsulluq səviyyəsi 50 faizdən yuxarı qalxmışdı, işsizlik geniş yayılmışdı, ölkənin heç bir maliyyə ehtiyatı yox idi. Ağlasığmaz görünsə də, həmin illərdə Azərbaycan həm elektrik enerjisini, həm də təbii qazı xaricdən idxal edirdi. Belə bir şəraitdə 1994-cü ildə imzalanan "Əsrin Müqaviləsi" yalnız iqtisadi sənəd deyil, dövlət quruculuğunun özəyi oldu. Azərbaycan Xəzər dənizinin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açan ilk ölkə oldu. 1996-cı ildə imzalanan Şahdəniz sazişi isə bu strategiyanın növbəti mühüm mərhələsi idi. Həmin qərarlar bu günün bütün nailiyyətlərinin təməlini qoydu. Bunun özü də böyük cəsarət tələb edirdi: siyasi qeyri-sabitlik içində, müharibə şəraitində, xarici investorla balanslaşdırılmış, milli maraqları qoruyan müqavilə imzalamaq asan iş deyildi. Lakin məhz bu praqmatik yanaşma Azərbaycana fərqli bir yol açdı. Bu zəmindən addımlayan Azərbaycan ardıcıl və məqsədyönlü şəkildə nəhəng infrastruktur layihələrini həyata keçirdi. Xəzər dənizini Aralıq dənizi ilə ilk dəfə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Xəzəri Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri, ardından Cənubi Qafqaz qaz kəməri inşa edildi. Sonra gəldi ən iddialı layihə — Cənub Qaz Dəhlizi. TANAP və TAP kəmərləri ilə tamamlanan bu sistem ümumilikdə 3500 kilometrlik birləşmiş boru xətti şəbəkəsini əhatə edir. Bu xəttin bir hissəsi yüksək dağlıq ərazilərdən, digər hissəsi isə dənizin dibindən keçir. Belə mürəkkəb coğrafiyada belə nəhəng layihəni həyata keçirmək yalnız texniki məsələ deyil, eyni zamanda onlarca ölkə ilə onillik diplomatik iş tələb edirdi. Bu dəhliz bu gün Azərbaycanın qazını 16 ölkəyə çatdırır. Keçən il bu rəqəm 12 idi. Yəni yalnız bir ildə dörd yeni ölkə Azərbaycan qazına qoşuldu. Bu 16 ölkənin 10-u Avropa İttifaqına üzv dövlətlərdir. Bu artım sadə ticarət statistikası deyil, Azərbaycanın Avropa enerji arxitekturasında artıq əvəzolunmaz struktural yerə sahib olduğunun sübutudur. Ukrayna müharibəsinin Rusiya qazından asılılığı Avropa üçün strateji zəiflik kimi üzə çıxardığı bir dövrdə Azərbaycan bu boşluğu doldurmağa hazır, etibarlı tərəfdaş kimi meydana çıxdı.
Enerji gəlirlərinin düzgün idarəsi ölkəyə daxildə də köklü dönüşüm yaşatdı. Yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə endi. Bu, bir nəsil ərzində əldə edilmiş tarixi irəliləyişdir. İşsizlik də eyni həddə gərildi. Xarici borc ümumi daxili məhsulun cəmi 6 faizindən bir qədər çoxuna düşdü ki, bu dünya miqyasında ən aşağı göstəricilərdən biridir. Daha da əhəmiyyətlisi odur ki, Dövlət Neft Fondu və Mərkəzi Bankda toplanan ehtiyatlar xarici borcu tam 18 dəfədən artıq üstələyir. Yəni Azərbaycan hər hansı beynəlxalq maliyyə qurumundan asılı olmadan öz xarici öhdəliklərini dəfələrlə ödəyə biləcək gücə çatıb. Aparıcı beynəlxalq reytinq agentlikləri bu göstəricilərə əsaslanaraq Azərbaycana investisiya dərəcəli reytinq verib, bu reytinq isə ildən-ilə artmaqdadır. Başlanğıcda xarici borc götürmək məcburiyyətindən başlayan ölkə vaxt keçdikcə borcu dayandırmaq, sonra ödəmək, nəhayət isə özü investisiya ixracatçısına çevrilmək strategiyasını ardıcıl şəkildə icra etdi. SOCAR bu gün Yaxın Şərqdə, Afrikada və Mərkəzi Asiyada aktiv sərmayə qoyur. Bu coğrafiyanın genişlənəcəyi isə artıq elan edilmiş siyasətdir. Otuz il əvvəl investorları ölkəyə cəlb etmək məcburiyyətində olan Azərbaycan bu gün özü investisiya ixracatçısına çevrilib. Bu, yalnız iqtisadi dəyişim deyil, dövlət yetkinliyinin ifadəsidir.
İqtisadi güclənmə eyni zamanda hərbi potensialın artırılmasına imkan yaratdı. 30 il işğal altında qalmış torpaqlar 44 günlük müharibədə azad edildi, Ermənistan tam kapitulyasiyaya məcbur oldu. Bu əlaqəni Prezident İlham Əliyev açıq şəkildə vurğuladı: güclü ordu qurmaq üçün maliyyə bazası lazımdır, bu baza isə resursların strateji idarəsindən yaranır. Döyüş ruhunun əhəmiyyətini qəbul etməklə yanaşı, o, etiraf etdi ki, ordunu qurmaq üçün pul olmasaydı, torpaqlar bəlkə hələ də işğal altında qalardı. Bu, siyasi diskursdakı nadir dürüstlükdür. Qarabağda və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox hidroenerji gücünün istifadəyə verilməsi isə azad edilmiş torpaqların iqtisadi inteqrasiyasının başladığını, bu ərazilərin indi ölkənin enerji potensialına töhfə verdiyini göstərir. Bugünkü Azərbaycan yalnız neft və qaz ixracatçısı kimi deyil, hərtərəfli enerji aktoru kimi çıxış edir. SOCAR-ın neft emalı gücü 30 milyon tonu keçib. Bu yaxınlarda "Italiana Petroli"nin satın alınması nəticəsində Aralıq dənizi hövzəsindəki emal gücü 13 milyon tondan 23 milyon tona yüksəldi. Yəni Azərbaycan artıq yalnız xam neft deyil, emal edilmiş neft məhsulları da ixrac edir. Buna əlavə olaraq elektrik enerjisi, neft-kimya məhsulları və bərpaolunan enerji sahəsində ixrac imkanları da genişlənir. Bu gün isə "Azəri-Çıraq-Günəşli" dərin qaz layihəsi Abşeron yatağı və bir sıra digər yataqlarla birlikdə əlavə qaz hasilatı vəd edir. Beləliklə, Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi yaxın illərdə daha da artacaq.
Bərpaolunan enerji sahəsindəki addımlar da diqqəti çəkir. Mövcud qaz ehtiyatları ən azı növbəti yüz il ərzində həm ölkənin, həm də tərəfdaşların tələbatını ödəməyə yetir. Lakin Azərbaycan bu imkana arxalanaraq sabitlik siyasəti yeritmir. Günəş və külək enerjisi layihələri artıq istismar mərhələsindədir. 2027-ci ilin sonunadək bu sahədəki ümumi gücün 2 giqavata, 2032-ci ilədək isə 8 giqavata çatdırılması nəzərdə tutulur. Hidroenerji potensialı nəzərə alındıqda, xüsusilə Qarabağ və Şərqi Zəngəzurdakı 300 meqavatlıq gücü ölkənin bərpaolunan enerji mənbələri portfeli ciddi həcm qazanır. Bərpaolunan enerji investorları üçün yaradılmış şərait isə mahiyyətcə 1990-cı illərdə neft şirkətləri üçün hazırlanmış modeli təkrarlayır: açıq qapı siyasəti, uzunmüddətli əməkdaşlıq ruhu, milli maraqlarla uzlaşdırılmış investisiya mühiti.
Enerji infrastrukturunun məntiqi artıq elektrik kabellərinə də sirayət edib. Texniki-iqtisadi əsaslandırma mərhələsini tamamlamaq üzrə olan "Qara dəniz Enerji Kabeli" layihəsi Azərbaycanı Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər Avropa ölkələri ilə birləşdirəcək. Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi artıq icra mərhələsindədir, həmin ölkələrin hökumət nümayəndələri bu yaxınlarda səmərəli görüş keçirib. Mərkəzi Asiya tərəfdaşları ilə birlikdə Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji kabeli layihəsi üzərindəki işlər isə davam edir. Bütün bu layihələr Azərbaycanın nəinki enerji istehsalçısı, həm də qlobal miqyasda enerji tranzit mərkəzi olduğunu təsdiqləyir.
Nəqliyyat sahəsindəki nailiyyətlər enerji infrastrukturunu tamamlayır. Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir. Azərbaycan boru xətti vasitəsilə qazı müxtəlif ölkələrə nəql etmək baxımından ərazi və coğrafiya parametrlərinə görə dünyada lider mövqedədir. Mərkəzi Asiyadakı tərəfdaşlar üçün mühüm tranzit imkanları da təqdim olunur: həmin ölkələrdən hasil olunan neft artıq Azərbaycan ərazisindən keçərək beynəlxalq bazarlara çıxarılır, yaxın gələcəkdə eyni imkanın təbii qaza da şamil ediləcəyi gözlənilir. Avqust 2025-də Ağ Evdə ABŞ Prezidenti, Ermənistanın Baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə imzalanan sənəd əsasında Zəngəzur dəhlizinin inşası da günün məsələsinə çevrilib. Bu dəhliz reallaşdıqda Azərbaycana Türkiyə ilə birbaşa qara yolu əlaqəsi açacaq, Mərkəzi Asiya ilə inteqrasiyanı yeni səviyyəyə daşıyacaq.
Bütün bunları bir araya gətirəndə ortaya çıxan tablo birmənalıdır. Azərbaycan resurslarından düzgün istifadə etmək, milli maraqlar əsasında praqmatik siyasət aparmaq, uzunmüddətli infrastruktur strategiyası qurmaq və güclü diplomatiya ilə bu strategiyanı həyata keçirmək modelini yaratdı. Ölkələrin neft və qaza sahib olub-olmamasına görə deyil, həmin resurslardan əldə olunan gəlirləri necə idarə etdiklərinə, sosial infrastruktura, təhsilə, səhiyyəyə, bərpaolunan enerjiyə necə yatırdıqlarına görə qiymətləndirilməli olduğu prinsipi Azərbaycanın öz nümunəsində sübuta yetirdiyi həqiqətdir. Bakı Enerji Həftəsi isə bu həqiqətin hər il dünyaya bəyan edildiyi əsas tribunalardandır.
Canməmməd CANMƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı








