Pərviz Şahbazov Venesuela və İranın nazir müavinləri ilə görüşlər keçirib
Azərbaycan və Venesuela arasında neft və qaz sektorunda əməkdaşlıq imkanları müzakirə edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr nazir Pərviz Şahbazovla Venesuelanın karbohidrogenlər nazirinin müavini Sindi Rondon arasında keçirilən görüşdə aparılıb.
Bildirilib ki, görüşdə iki ölkə arasında enerji əlaqələrinin inkişafında beynəlxalq forumlar çərçivəsində baş tutan görüşlər və OPEC+ formatında əməkdaşlığın roluna toxunulub. Enerji tələbatının qarşıdakı onilliklərdə artması fonunda enerji istehsal edən ölkələr arasında əməkdaşlığın önəmi qeyd edilib.
Venesuelanın zəngin neft və qaz ehtiyatlarına malik olduğu, yeni yataqların işlənməsi, dənizdə layihələrin genişləndirilməsi və beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq imkanları diqqətə çatdırılıb. Azərbaycanın karbohidrogen sahəsində təcrübəsi barədə məlumat verilib. İki ölkənin dövlət enerji şirkətləri arasında mümkün əməkdaşlıq, mütəxəssis hazırlığı, universitetlərarası mübadilə və insan resurslarının inkişafı kimi istiqamətlər də nəzərdən keçirilib.
Həmçinin, P. Şahbazov İranın neft nazirinin müavini, Milli Qaz Şirkətinin icraçı direktoru Səid Təvəkkoli ilə də görüş baş tutub. Görüşdə Azərbaycan-İran enerji əməkdaşlığının neft-qaz, elektrik enerjisi istiqamətləri üzrə müzakirələr aparılıb. Birgə layihələrin icrası, həmçinin D-8 formatında enerji əlaqələrinin inkişafı məsələləri nəzərdən keçirilib.








