Xankəndidə su təsərrüfatı üzrə abonentlərin sayı açıqlanıb
Hazırda Azərbaycan Dövlət Su Ehtiyatlar Agentliyi (ADSEA) Xankəndi şəhərində 3 264 abonentə su təchizatı və kanalizasiya xidmətləri göstərir.
"NAXÇIVANXƏBƏRLƏRİ" bildirir ki, bu barədə qurumun təşkil etdiyi mediaturda məlumat verilib.
Bildirilib ki, şəhərin su təchizatı Xəlfəli çayı, Cəmilli və Ballıca kəndləri ərazisindən keçən çay məcraları, həmçinin 15 subartezian quyusu hesabına təmin edilir.
Su şəhərə diametri 530 mm olan magistral kəmərlər vasitəsilə nəql olunur. Şəhər relyefinə uyğun olaraq 10 hidravlik zonaya bölünüb və hər zona üzrə ümumi tutumu 15 min kubmetr olan su anbarları mövcuddur. Şəhərin su şəbəkəsi 104 km uzunluğunda polietilen borulardan ibarətdir. Suyun təmizlənməsi məqsədilə gündəlik gücü 8 min kubmetr olan iki sutəmizləyici qurğu, dezinfeksiya üçün xlorator sistemi və su sərfiyyatının uçotu üçün sayğaclar quraşdırılıb.
Bildirilib ki, aparılmış araşdırmalar zamanı şəhərin hidravlik zonaları və kanalizasiya sistemi də qiymətləndirilib.
Hazırda 67 km uzunluğunda kanalizasiya şəbəkəsi istismar olunur. Tullantı suları 27 nöqtədən şəhər kənarındakı dərələrə axıdılır. "Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Xankəndi şəhərinə 36 ailə, Kərkicahan qəsəbəsinə isə 36 ailə köçürülüb.








