Bayraq sevgisi gənclərin milli kimliyinin simvoludur
Bayraq bir millətin müstəqilliyinin, birliyinin və kollektiv yaddaşının ən güclü simvoludur. Aypara və ulduzu ilə məna qazanan üç rəngli bayrağımız keçmişdən bu günə qədər verilən mübarizələrin, göstərilən fədakarlıqların və qazanılan azadlığın ifadəsidir. O, hər dəfə dalğalandıqca, bizlərə bu torpaqlarda yaşayan milyonlarla insanın sahib olduğu ortaq dəyərləri və məsuliyyətləri xatırladır. Bayrağa bağlılıq sadəcə bir simvola duyulan sevgi deyil; bu, vətənə, milli iradəyə və ortaq gələcəyə olan sadiqliyin bir göstəricisidir.
Bayrağa duyulan sevgi fərdi hisslərdən daha geniş məna daşıyır, bu, bir növ ictimai şüurdur. Bu şüur gənclərdə məhz milli birliyi və həmrəyliyi gücləndirir, onlara tarixi irsimizi qoruyub saxlamağın vacibliyini aşılayır, həmçinin gələcək nəsillərə ötürülməli olan ortaq bir dəyəri təmsil edir. Bayrağımıza hörmət etmək, onu düzgün anlamağı, həqiqi mənasını dərk etməyi və bu şüuru həyatın hər sahəsində yaşatmağı tələb edir. Bayrağımız təkcə keçmişin deyil, həm də gələcəyin simvoludur. Bu gün bayrağa göstərilən hər bir hörmət və hər bir şüurlu davranış, sabaha qoyulan güclü bir mirasdır. Bu mirası qorumaq, ona dəyər vermək və gələcək nəsillərə ötürülməsini təmin etmək bizim ortaq məsuliyyətimizdir.
Bayraq sevgisi ilk öncə ailədə formalaşır. Məktəbəqədər təhsil müəssisələrində isə bu sevgi davam etdirilir və daha sonra məktəblərdə möhkəmləndirilir. Uşaq yaşlarından bayraq sevgisi ilə böyüyən bir gənclik məhz o, bayraq uğrunda canından keçməyə hazır vətənpərvər kimi yetişir. 44 günlük Vətən müharibəsində həmin bayraq sevgisi ilə böyümüş vətənpərvər gənclərin sayəsində biz əzəli torpaqlarımızı işğaldan azad etmişik. Bir zamanlar adlarını çəkəndə erməni işğalçılarının etdiyi vəhşilikləri xatırlayaraq gözlərimizin yaşla dolduğu Xankəndidə, Şuşada, Kəlbəcərdə, Laçında, Fizulidə, Ağdamda, Zəngilanda, Qubadlıda və işğaldan azad olunmuş digər ərazilərimizdə üç rəngli bayrağımız qürurla dalğalanmdaqdır.
Ulu Öndərimiz Heydər Əliyev deyirdi: “Azərbaycan bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.” Dahi liderin bu sözləri bu gün biz gənclərin həyat devizinə çevrilmişdir. Hər tərəfli dövlət qayğısı ilə əhatə olunan Azərbaycan gəncliyi milli dövlətçiliyin və müstəqilliyin mənasını daha dərindən dərk edərək bayrağını yüksək məhəbbətlə sevir. Gənclərimiz dərk edir ki, babalarımızın yoxdan var etdiyi bu bayraq uğrunda minlərlə insan canından keçmişdir. Ölkəmizdə aparılan uğurlu gənclər siyasətinin nəticəsidir ki, bu gün gənclərimiz xarici ölkələrdə baş tutan istər idman yarışlarında, istərsə də digər mühüm tədbirlərdə üç rəngli bayrağımızı qürurla yüksəklərdə dalğalandırırlar.
Dahi Azərbaycan şairi Bəxtiyar Vahabzadə bayrağa həsr etdiyi şeirində deyirdi:
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq – öz yurduma öz hakimliyim.
Şeirdə də vurğulandığı kimi bayraq bizim mənliyimizin və milli kimliyimizin ifadəsidir. Əsası ümumilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş “Azərbaycançılıq ideologiyası” ilə böyümüş gənclər bu gün milli kimliyin nə olduğunu dərindən dərk edərək vətəninə bağlı şəkildə yaşayır və hər daim vətənin keşiyində dururlar.
Azərbaycan Xalq Cümhuriyyətindən günümüzədək bir sıra milli atributlar və tarixi günlər yadigar qalmışdır. Bunlardan biri də 1918-ci ilin 9 noyabrında qəbul olunmuş üç rəngli Dövlət Bayrağımızdır. Həmin gün qəbul edilmiş üç rəngli bayrağımız 71 illlik sovet işğalından sonra ilk dəfə hələ Azərbaycan müstəqilliyini tam bərpa etməzdən əvvəl, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri ümummilli liderimiz Heydər Əliyev tərəfindən rəsmi dövlət bayrağı kimi təsdiq edilmişdir. 1991-ci ildə isə ölkəmiz yenidən öz müstəqilliyinə qovuşduqdan sonra üç rəngli bayrağımız öz şan-şöhrətini geri qazanmışdır. Prezident cənab İlham Əliyev tərəfindən 2009-cu il noyabrın 17-də imzalanmış sərəncamla hər il noyabr ayının 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilməkdədir. Ölkəmizlə yanaşı xarici ölkələrdə yaşayan dünya azərbaycanlıları da həmin tarixi günü bayram kimi qeyd edirlər. Artıq 6 ildir ki, işğaldan azad olmuş torpaqlarımızda and yerimiz olan üç rəngli bayrağımız vüqarla dalğalanır. Buna görə biz gənclər başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla müharibədə vuruşan bütün vətən oğullarına minnətdarlığımızı bildirir, şəhid qardaşlarımızın ruhları qarşısında baş əyirik. Gənc nəsil olaraq inanırıq ki, yaxın zamanda Qazaxın Yuxarı Əskipara, Sofulu, Bərxudarlı kəndlərində və Sədərək rayonunun Kərki kəndində müstəqilliyimizin, azadlığımızın və şanlı tariximizin rəmzi olan üçrəngli bayrağımız məğrurcasına dalğalanacaqdır.
Nilufər Ağayeva
Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi
“Arxiv fond sənədlərindən istifadə edilməsi və
publikasiya şöbəsi”nin müdiri








