Deputat: Bu hərəkət cavabsız qalmayacaq
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Rza Xudiyev İran tərəfindən Naxçıvana qarşı həyata keçirilən dron hücumu bağlı fikirlərini "NAXÇIVANXƏBƏRLƏRİ"-nə bildirib.
Deputat bildirib ki, 2026-cı ilin 5 martında baş verən hadisə Azərbaycan tarixində növbəti təxribat və açıq düşmənçilik aktı kimi qiymətləndirilməlidir.
Onun sözlərinə görə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası İran istiqamətindən buraxıldığı bildirilən pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb və bu hadisə təsadüfi xarakter daşımır.
Rza Xudiyev qeyd edib ki, mülki obyektlərin hədəfə alınması, o cümlədən Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində və məktəb yaxınlığında partlayışın baş verməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.
“Dinc insanların yaşadığı ərazilərə qarşı dronlardan istifadə etmək nə siyasi məsuliyyətə, nə də elementar insanlıq prinsiplərinə sığır. Bu addım regionda gərginliyi qəsdən artırmaq cəhdidir”, – deyə deputat vurğulayıb.
O əlavə edib ki, Azərbaycanın suverenliyinə qarşı belə açıq hücumlar bəzi qüvvələrin bölgədə sabitliyi pozmaq və ölkəni təzyiq altında saxlamaq niyyətindən xəbər verir.
Deputatın sözlərinə görə, Azərbaycan xalqı tarix boyu çoxsaylı təzyiqlərlə üzləşsə də, heç vaxt geri çəkilməyib və bu gün də vəziyyət fərqli deyil.
“Naxçıvana edilən hücum əslində bütün Azərbaycana edilən hücumdur və belə təxribatlar heç vaxt cavabsız qalmayacaq. Azərbaycan dövləti öz ərazisini, sərhədlərini və vətəndaşlarını qorumaq gücünə malikdir”, – deyə Rza Xudiyev bildirib.
O vurğulayıb ki, Naxçıvan sadəcə bir bölgə deyil, Azərbaycan dövlətçiliyinin simvoludur və bu torpağa qarşı yönələn hər bir təhdid bütün Azərbaycan xalqına qarşı yönəlmiş hesab olunur.
Deputat qeyd edib ki, Azərbaycan nə təhdidlərdən qorxur, nə də təxribatlar qarşısında susur.
Rza XUDİYEV








