Hesablama Palatası 4SİM ilə əməkdaşlıq protokolu imzalayıb
Hesablama Palatası və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) arasında əməkdaşlıq haqqında Protokol imzalanıb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Palatadan məlumat verilib.
Bildirilib ki, Hesablama Palatasının aparat rəhbəri Tamerlan Yusif-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə 4SİM-in icraçı direktoru Fariz Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə iki qurum arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
Müzakirələr zamanı insan kapitalının inkişafı, habelə dövlət qurumlarının və ali təhsil müəssisələrinin iştirakı ilə birgə təlim və maarifləndirmə tədbirlərinin təşkili imkanlarına diqqət yetirilib. Eyni zamanda, görüşdə rəqəmsal transformasiya, süni intellekt və qabaqcıl texnologiyaların tətbiqi, eləcə də birgə təşəbbüslərin həyata keçirilməsi və qabaqcıl təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün yekununda qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın sistemli şəkildə inkişaf etdirilməsi, birgə təşəbbüslərin dəstəklənməsi və qurumlar arasında institusional əlaqələrin möhkəmləndirilməsi nəzərdə tutulub.








