Dövlət qulluqçularının elmi və pedaqoji fəaliyyətinə dair tələblərin yumşaldılması təklif olunub
Milli Məclisdə dövlət qulluqçularının elmi və pedaqoji fəaliyyətinə dair tələblərin yumşaldılması təklif olunub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu təklif parlamentin bugünkü plenar iclasında Dövlət Qulluğu Məcəlləsi layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı səsləndirilib.
Belə ki, Milli Məclisin deputatı Rövşən Muradov bildirib ki, sənəddə bir sıra məsələlərə aydınlıq gətirilməlidir:
"Fikrimcə, layihədə qulluq keçdiyi dövlət orqanının rəhbərinin yazılı razılğı ilə elmi, pedaqoji fəaliyyət istisna olmaqla qulluq müqddətində heç bir sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olmağa icazəsi yoxdur maddəsindən elmi sözü çıxarılsa, redaksiya qənaətbəxş hesab edilə bilər.
Deputat Rəşad Mahmudov isə dövlət qulluqçusunun elmi, pedaqoji fəaliyyətlə bağlı yazılı icazə alması tələbinin gələcək inkişafa maneə yarada biləcəyini söyləyib:
"Ola bilsin, elmi və pedaqoji fəaliyyətlə məşğul olmaq üçün icazə alınması tələbi vaxtilə baş vermiş müəyyən sui-istifadə hallarının qarşısını almaq məqsədi daşıyır. Lakin məsələyə yenidən baxılması daha məqsədəuyğun ola bilər. Çünki elm adamının yetişməsi uzun illər tələb edir. Bəzən bir mütəxəssisin beynəlxalq səviyyədə formalaşması üçün onilliklər lazım olur. Belə insanları yetişdirmək, ölkəyə qazandırmaq və onların biliklərindən faydalanmaq böyük zəhmət tələb edir".
O hesab edir ki, dövlət qulluğunda elmi və pedaqoji fəaliyyətlə bağlı mövcud hüquqi tənzimləmələrə yenidən baxılmalı, elmi fəaliyyətlə digər ödənişli fəaliyyət növləri arasındakı fərqlər aydınlaşdırılmalı və praktikada yaranan problemlər aradan qaldırılmalıdır:
"Bu məsələ təkcə ayrı-ayrı dövlət qulluqçularının hüquqları ilə bağlı deyil. Bu, bütövlükdə ölkəmizdə elmin, təhsilin, səhiyyənin, dövlət idarəçiliyinin və insan kapitalının inkişafı ilə bağlı məsələdir".








