Dövlət Qurumlarının İT Rəhbərlərinin VIII Zirvə Toplantısı keçirilib - FOTO
Oktyabrın 20-də “Şərq Tərəfdaşlığı ölkələrində kiberdayanıqlılığın gücləndirilməsi” layihəsi çərçivəsində Dövlət Qurumlarının İT Rəhbərlərinin VIII Zirvə Toplantısı keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Estoniyanın Elektron İdarəetmə Akademiyasının (eGA) birgə təşkilatçılığı ilə keçirilən toplantı “Etibarlı süni intellekt, dayanıqlı cəmiyyət: Süni intellekt dövründə dəyərlər və təhlükəsizlik – imkanlar və kiberrisklərin idarə edilməsi” mövzusuna həsr olunub.
Tədbirdə dövlət qurumlarının nümayəndələri, informasiya texnologiyaları və kibertəhlükəsizlik sahələri üzrə rəhbər şəxslər, yerli və beynəlxalq ekspertlər, eləcə də Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndə heyəti iştirak edib.
Zirvə Toplantısında süni intellekt texnologiyalarının dövlət idarəçiliyində tətbiqi imkanları, bu sahədə yaranan yeni kibertəhlükələr, məlumatların təhlükəsizliyi, süni intellektlə bağlı risklərin müəyyənləşdirilməsi və effektiv idarə olunması məsələləri müzakirə edilib. Həmçinin etibarlı rəqəmsal hökumətin formalaşdırılması, süni intellektin məsuliyyətli tətbiqi və kibertəhlükəsizlik sahəsində Azərbaycan ilə Avropa ölkələri arasında qabaqcıl təcrübələrin paylaşılmasına xüsusi diqqət yetirilib.
Toplantı dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi, informasiya təhlükəsizliyi sahəsində bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də süni intellekt dövrünün yaratdığı çağırışlara qarşı dayanıqlı və təhlükəsiz rəqəmsal idarəetmə yanaşmalarının təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.













