Azərbaycanın vergi orqanları 9 ayda 373 cinayət işi açıb
Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində 373 cinayət işi başlanılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" quruma istinadən xəbər verir ki, həmin cinayət işləri vergi ödəməkdən yayınma, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, saxlama və ya satma, aksiz markaları ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma faktları üzrə açılıb.
Hesabat dövründə 71 nəfər barəsində 73 cinayət işi üzrə ittiham aktı baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. İcraatına xitam verilmiş 36 cinayət işi, o cümlədən cinayət işinin başlanılması rədd olunmuş 89 material və ibtidai istintaqı tamamlanmış 15 cinayət işi üzrə 19 milyon 948,7 min manat vurulmuş ziyanın dövlət büdcəsinə ödənilməsi təmin edilib. Bundan əlavə, hesabat dövründə icraatı davam edən cinayət işləri və materiallar üzrə büdcəyə ümumilikdə 25 milyon 188,3 min manat vurulmuş ziyanın ödənilməsi təmin olunub.
Müxtəlif fəaliyyət sahələrində, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 35 vergi ödəyicisinə məxsus 43 obyektdə "Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi" məsələsi üzrə operativ vergi nəzarəti tədbirləri həyata keçirilib. 21 vergi ödəyicisinə məxsus 22 obyektdə ümumilikdə 84 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunduğu aşkarlanıb, həmin şəxslərin əmək hüquqları bərpa edilib, aidiyyəti vergi ödəyiciləri barəsində müvafiq tədbirlər görülərək ümumilikdə 170 min manat maliyyə sanksiyası tətbiq olunub.








